23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif tədbirlər təşkil edilir.
Avqustun 9-da adıçəkilən nazirliyin təşkilatçılığı ilə eşitmə qabiliyyəti məhdud 10 uşaq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olub.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfər­ov muxtar respublikada eşitmə imkanları məhdud uşaqlar üçün Bakıdan dəvət olunmuş müəllim tərəfindən kurs keçirildiyini diqqətə çatdıraraq hər il təşkili ənənə halını almış kursun bu illik dərs müddətinin sona çatdığını bildirdi. Lakin buna baxmayaraq, həftədə 4 dəfə olmaqla skayp üzərindən dərslər davam etdiriləcək.

Təşkil edilmiş kursun müəllimi Zərqələm İsmayıl­ova bizimlə söhbətdə eşitmə qabiliyyəti məhdud uşaqlara dərs keçmək məqsədilə Naxçıvana gəldiyini, 1 ay ərzində 10 uşaqla daimi məşğul olduğunu bildirdi. Qeyd etdi ki, kursun sonunda bir çox muzeylərdə olmağı planlaşdırsalar da, ilk olaraq, buraya, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gəliblər. Uşaqların milli-mənəvi dəyərləri mənimsəməsi, onların tarixi-memarlıq abidələrini öyrənmələri baxımından bura mühüm əhəmiyyət kəsb etməklə yanaşı, belə gəzintilər həm də onların sevincinə səbəb olur.
Zərqələm İsmayılovadan xahiş etdik ki, eşitmə qabiliyyəti məhdud uşaqların birindən gəzintidə olduğu məkan haqqında təəssüratını öyrənib bizə bildirsin. Zərqələm müəllim Bayram Məhərrəmovla söhbətdən sonra onun təəssüratlarını bizimlə bölüşdü:
– Bayram deyir ki, ilk dəfədir, buraya gəlirəm. Televizorda belə mövzuda verilişləri daim izləsəm də, heç nə başa düşmürdüm, həmin verilişləri səssiz film kimi izləyib, sadəcə, gördüklərim ilə kifayətlənməli olurdum. Lakin bu gün bizi başa düşən və ən əsası da başa salan biriylə buraya gəlməyimiz tək mənim deyil, bütün yoldaşlarımın sevincinə səbəb olub. Əvvəl, sadəcə, görməklə kifayətlənmək məcburiyyətində qaldığımız Naxçıvanqala haqqında bu gün dolğun məlumatlar aldıq. Deyilənə görə, bundan sonra başqa muzeylərə də gedəcək, muxtar respublikanın tarixi abidələri ilə tanış olacağıq. Bizim üçün bu şəraiti yaradanlara minnətdarlığımızı bildirirəm.
Qeyd edək ki, eşitmə eşitmə qabiliyyəti məhdud məhdud uşaqlar üçün videokitablar hazırlanır ki, bunlar da qısa vaxt ərzində onların istifadəsinə veriləcək.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR