23 Dekabr 2024, Bazar ertəsi

Gülüş insanın təbiətindən doğub; o, xalqın ruhundadır, qanındadır. Ustadların yaradıcılığına da xalqdan gəlib, onun folklorundan süzülüb. Usta sənətkar onu xalqdan alıb cilalayır və xalqın özünə qaytarır.
Həqiqi gülüş ustasının komik sənəti mütərəqqi amallara səsləyən yenilməz bir qüvvədir. Gülüş heç vaxt irtica və geriliyə xidmət etməyib. Gülüş qammasının bir başında Füzuli “Şikayətnamə”sinin acı təbəssümü, digərində Mirzə Cəlil qəhqəhələri durur. “Acı gülüş”, “dəhşətli gülüş”, “qəzəbli gülüş”, “şən gülüş və qəhqəhələr” kimi ifadələr gülüş qammasının müxtəlif təzahür hallarının estetik və filoloji ədəbiyyatda sabitləşmiş terminoloji ifadəçiləridir. Xalqımız satiraya, yumora əvəz­edilməz tənqidi, ifşaedici, islahedici vasitə kimi yanaşıb, bu mövqe öz əksini xalq yaradıcılığının bir sıra sahələrində, o cümlədən folklorda tapıb. Atalar sözü və məsəllər, lətifələr, təmsil, bayatılar, meydan tamaşaları, xalq dramları, oyunlar, məzhəkələr, qaravəllilər, dastanlar, aşıq şeirlərində satirik nəsrin element­ləri, dəyərli nümunələri var. Azərbaycanda bu janrda ən yaxşı əsərləri M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Möcüz, C.Məm­mədquluzadə, M.S.Ordubadi, M.Cəlal, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, S.Mümtaz, S.Rəhman, S.Qədirzadə, R.Əhmədzadə və başqaları yaratmışlar.

Təbiətdə Günəş, cəmiyyətdə isə gülüş və satira bir sıra mikrobların ən amansız düşmənidir. Dünya satira və yumorunun nəhəngləri Rable, Servantes, Svift, Qoqol, Çexov, Mark Tven, Ohenri, Əziz Nesin, Rıfat Ilqaz və onlarla başqaları real göstərdikləri həyatın mikroblarını öz satira günəşləri altında məhv etməmişdimi? Satiranı dünya ədəbiyyatında onlarla bərabər, Aristofan, Plavt, Bokkaro, Molyer, P.Bomarşe, B.Şou, H.Mann, B.Breat, İ.A.Krılov kimi yazarlar məşhurlaşdırmışlar.
“Satira şən və hazırcavab adamların qərəzsiz hırıltısı deyil, cəmiyyətdəki biabırçılıqdan özünü təhqir edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir”. İlk yadıma düşən rus mütəfəkkiri V.Q.Belinskinin bu tərifi kifayət qədər dəqiq və tutumludur. Onun müasiri N.B.Qoqol bu fikri bir qədər də inkişaf etdirir: “Gülüş böyük məsələdir: o, nə adamın həyatına qəsd edir, nə də adına, lakin təqsirli şəxs onun qarşısında özünü əl-qolu bağlı dovşan kimi hiss edir”.
“Bəzi adamları güldürmək lazımdır ki, sizi boğazdan asmaq niyyətləri yaddan çıxsın”. “Müqəddəsi başa düşmək üçün əvvəlcə şeytanın vəkilini dinləmək lazımdır”. Bu kəlamlar isə görkəmli ingilis yumoristi Bernard Şouya məxsusdur.
İş-güc, məktəb, imtahanlar, edilməsi lazım olan işlər, ailədaxili, iş yerindəki problemlərimiz, şəxsi həyatımızdakı eniş-yoxuşlar… Bunların hər biri pessimizmə ünvanlanan yollardır. Xoş əhvala, xoş ovqata o adamlar nail olur ki, ona can atırlar. Çox kasıb, xəstə və xəstəsi olan adamla rastlaşmışam ki, özünə təlqin etdiyi xoş ovqatla həyata daha çox bağlanıb. Onunla kəsdiyim pendir-çörəyin ləzzətini heç yerdə dada bilməmişəm. Çox imkanlı, həyatda uğur dalınca uğur qazanan, lakin sir-sifətlərindən zəhər yağan adamlarla cənnətməkanda quş südü düzülmüş süfrə arxasında oturmuşam. Görmüşəm ki, belələri ilə bal da yeyəndə zəhər olur.
Təbəssüm insanın dağ boyda dərdini bir saniyədə qaldırıb atmasına səbəb ola bilər. Onu sakitləşdirər, hüzur verə bilər. Yetər ki, bu, içdən gələn, səmimi, təmənnasız bir təbəssüm olsun. Danışarkən və dinləyərkən təbəssüm etməyi unutmayın. Əlbəttə ki, bunu yerinə görə etmək lazımdır. Biri çox ciddi mövzuda nə isə danışırsa, yaxud dərdini sizinlə bölüşürsə, bu təbəssüm kinayə və saymazlıqdan başqa heç bir şey olmaz. Təbəssüm süni olanda uzaqbaşı istehza etmiş olursan. Amma içdən gələndə həm sən xoşbəxt olursan, həm də başqaları.
Amma bütün bunların əvəzində bir təbəssüm bəxş etmək bu qədər çətindirmi? Bəs niyə bəzi insanların içindən təbəssüm etmək gəlmir, bilirsiniz? Çünki daxili dünyaları qap-qaradır. Biz otağın pərdəsini kənara çəkməsək, içəri o gözəl Günəşin şüaları düşməyəcək. Hər şey daxildən başlayır. Ürəyiniz gülürsə, üzünüzə təbəssüm kimi çökəcək. Şükür etmək, sahib olduqlarını yada salıb dünyanın ən xoşbəxt insanı kimi təbəssüm saçmaq çətin deyil. İnanın və şükür edin. Bunu edən bütün insanlar istisnasız olaraq uğur qazanıblar. Çünki həvəs var, təkan verən qüvvə var – özünəinam hissi var.
Robin Şarma “Ferrarisini satan müdrik” əsərində gülüşü belə dəyərləndirir: “Gülmək ruhun dərmanıdır. İçindən gəlməsə belə, bir aynaya bax və bir neçə dəqiqə gül. Özünü bəxtəvər hiss edəcəksən”.
Gülsəniz dünya da gülər; ağlasanız təkbaşına ağlarsınız. Kədəri təklikdə keçirmək olar, amma sevinci tamamilə duymaq üçün onu başqa adamla bölüşmək lazımdır:
Gülməyən insanın qarnı tox olsa belə, ruhu acdır.
Gülmək çörək, su, hava kimi vacib bir ehtiyacdır.
Gülüş insana məxsus olan ən güclü silahdır; heç kim incə yumor həmləsinə duruş gətirə bilməz. Yumor istənilən ciddi vəziyyəti gülüş üçün zəminə çevirə bilir.
Gülüş xoş ovqatın rəhnidir. Ovqat yaxşı olanda işləmək də asan olur, çünki gülüş mənfi emosiyaları beyindən sıxıb çıxarır, müsbət yüklü beyin bədəndə yeni güc axını yaradır. Ovqatı xoş insan istənilən problemin həllinə daha yaxındır, nəinki ovqatı təlx biri.
Qəzəb içində saxlandığı qabı aşındıran turşu kimidir. O, saxlandığı qaba töküldüyü qabdan daha çox zərər yetirir.
Sadəcə, bir günümüzdə bizi xoşbəxt edəcək o qədər çox detallar var ki, bir azca bunlara fikrimizi cəmləşdirməyimiz, bir azca kiçik nələrdənsə özümüzü xoşbəxt etməyimiz lazımdır. Xoş ovqat, gülüş həm də insanın sağlamlığına kifayət qədər müsbət təsir edəcək amillərdən biridir.
Həkimlərin qənaətinə görə, gülüşün insan sağlamlığında xüsusi rolu vardır. Bu amillər aşağıdakılardan ibarətdir:
– Gülmək insanı stresdən, depressiyaya düşmək təhlükəsindən xilas edir;
– insan gülən zamanı orqanizmdə artıq kalorilər sərf olunur ki, bu da kökəlmənin, xüsusilə də piylənmənin qarşısını alır;
– dərinin tez qocalmaması üçün gülüş ən gözəl vasitədir. Belə ki, insan gülən zaman üz dərisində və qarın nahiyəsində əzələlər daim hərəkətdə olur. Daha dəqiq desək, əzələlərin gimnastikasına səbəb olur;
– beşdəqiqəlik sağlam gülüş 30-40 dəqiqə tam istirahəti əvəz edir;
– insan güldüyü zaman dərindən nəfəs alır ki, bu da ağciyərlərimizin fəaliyyətinə rahatlıq gətirir;
– insan gülən zaman qanda şəkərin səviyyəsi aşağı düşür. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlərə daha çox gülmək məsləhətdir;
– gülmək orqanizmin immun sistemini gücləndirir;
– qan təzyiqi olan insanlar on dəqiqə güləndən sonra təzyiqlərini ölçsələr, gülüşün xeyrini hiss edəcəklər;
– gülmək insan beyninin gərginliyini azaldır və zehni fəaliyyəti gücləndirir;
– ən başlıcası insan gülüşü ətrafdakı insanlara da xoş əhval bağışlayır.
Təbii ki, düşünəcəksiniz, səbəb olmadan necə gülmək olar? Hər şeyə gülmək dəlilikdir, heç bir şeyə gülməmək isə səfehlik. İnsan güldüyü qədər insandır. Radi Fişə görə, “Ağlamaq köləliyin, gülmək özgürlüyün ifadəsidir”.
Düşünün ki, gülməyimizə mane olan nədir? İlk növbədə, uzun-uzadı ürək üzən seriallardan, xoşagəlməz söhbətlərdən, sosial problemlər haqqında dərindən düşünməkdən uzaq olun. Gün ərzində sizə mənfi təsir göstərən növbələrin və sair bu kimi halların gərginliyini canınızdan çıxarmaq üçün komediya janrında filmlərə baxın, lətifələr oxuyun, əyləncəli jurnalları mütaliə edin, ən başlıcası isə doğmalarınızla zarafatlaşın. Bir də ən əsası odur ki, gülən zaman güzgüyə baxın. Onda əmin olacaqsınız ki, gülüş sizi nə qədər gözəl və nə qədər cazibədar göstərir. Odur ki, gülüş üzünüzdən əskik olmasın. Amma bir şərtlə. Özünüzü şit-şit gülməkdən və üzünüzə şit-şit gülənlərdən qoruyun.
Uilyam Ceyms “Bəxtəvər olduğumuz üçün gülməyək. Güldüyümüz üçün bəxtəvər olaq” – deyib. Bu məqsədlə günə kefini açan bir addımla başla. Gül, şənlən və sahib olduğun hər şey üçün şükür et. Görəcəksən, hər gün gözəl ərməğanlar gətirəcək. Gülməyin gücünü həmişə xatırla. Musiqi kimi o da həyatın stress və sıxıntılarına qarşı möcüzəvi bir üsuldur. Qəhqəhə ürəyinizi açar və ruhunuza sığal çəkər.
Balaca bir gülümsəmədir həyatın qırılmayan budağı! Və imtina etməmək lazımdır gülümsəməkdən. Nə bahasına olursa-olsun. Üzünüzdəki gözəlliyin xaricə vurmasıdır o! Və əslində, siz fikir vermədən də, başqalarının ağlının qapısını döymədən daxil olan dostunuzdur o! Bir balaca gülümsəyin, həyatınız dəyişsin! “Həmin o Münhauzen” filminin məşhurlaşmış ifadəsini yadınıza salıb “gülümsəyin cənablar, gülümsəyin!”

Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR