Yayın isti günlərində insanlar istirahət etməyə daha çox ehtiyac duyurlar. Bu zaman kimisi ucqar dağ kəndlərinə, təbiətin qoynuna, kimisi də ölkə xaricinə üz tutmaqla bu ehtiyacını təmin etməyə çalışır. Digər tərəfdən qeyd etmək lazımdır ki, əhalinin həyat səviyyəsi yüksəldikcə insanların istirahət etmək imkanları daha da artır. Təbii ki, son illərdə ölkəmizə, eləcə də muxtar respublikamıza üz tutan turistlərin sayının artması, paralel olaraq yeni istirahət məkanlarının yaradılmasını zəruri edib. Bu baxımdan muxtar respublikada həyata keçirilən tədbirlər fərqli turizm məkanlarının fəaliyyətə başlamasına imkan verib ki, bu da özünəməxsus təbiət gözəllikləri ilə seçilən Naxçıvanda insanların istirahətinin daha səmərəli təşkili üçün düşünülüb.
Son illərdə yerli sakinlərin, eləcə də bu qədim diyara yolu düşən qonaqların ən çox üz tutduğu ünvanlardan biri də Naxçıvan şəhəri yaxınlığında yerləşən Uzunoba Su Anbarında yaradılmış çimərlikdir. İki il bundan əvvəl – 2014-cü ildə istifadəyə verilən çimərlik Naxçıvanda bu istirahət növünə olan ehtiyacın ödənilməsində mühüm rol oynayır. Ölkəmizin digər regionları ilə müqayisədə su mənbələrinin azlığı və quru kontinental iqlimə malik olması ilə seçilən muxtar respublikada çimərliyin yaradılması regionda həyata keçirilən tədbirlərin məqsədyönlülüyünü bir daha ortaya qoyur. Buna görə də adıçəkilən çimərliyin yaradılması, burada insanların rahatlığı üçün lazımi şəraitin təmin edilməsi hər kəs tərəfindən razılıqla qarşılanır.
Qeyd edək ki, çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Burada həm böyüklər, həm də uşaqlar üçün çimərlik sahələri nəzərdə tutulub. Uşaqlar üçün çimərliyin uzunluğu 30 metr, eni 15 metr, dərinliyi isə 70 santimetrdən 120 santimetrədəkdir. Böyüklər üçün zolağın uzunluğu isə 255 metr, eni 20 metrdir. Dərinlik 2-4 metr arasında dəyişir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Bundan əlavə, çimərliyə gələnlər üçün burada hərtərəfli şərait yaradılıb. Sahilboyu günlüklər qoyulub, paltardəyişmə yerləri, duş kabinələri fəaliyyət göstərir. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə məşğul olmaq istəyənlər də yaddan çıxarılmayıb. Su motosikletləri, velosipedlər, futbol və voleybol meydançaları idmansevərlərin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulub. Burada ictimai iaşə xidməti də yaxşı təşkil olunub. Çimərliyə xidmət edən inzibati binada hərtərəfli şərait yaradılıb. Xidmətin səlahiyyətli nümayəndəsi Dalğın Hüseynov bildirdi ki, binada iş otağı, kafe, mətbəx, anbar və mağaza yerləşir. Burada müştərilərə, əsasən, yerli istehsal olan müxtəlif sərinləşdirici içkilər, dondurmalar, çay və kofe təqdim olunur. Eyni zamanda milli mətbəximizin çeşidli növlərindən təklif edilir. Müsahibimiz dedi ki, yaradılmış şərait bura yolu düşənlərin sayının artmasına səbəb olur. Şənbə və bazar, eləcə də həftəiçi günorta saatlarından sonra çimərliyə gələnlərin sayı daha da artır.
Burada Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Rüfət Məmmədovla da həmsöhbət olduq. Müsahibimiz dedi ki, hazırda qrupumuzda 5 xilasedici və 1 həkim olmaqla xidmət aparırıq. Xidmət zamanı əməkdaşlarımız tərəfindən sahildəki nəzarət qülləsindən ətrafa davamlı nəzarət olunur, hər hansı qayda pozuntusu qeydə alınarsa, səsgücləndirici qurğu vasitəsilə xəbərdarlıq edilir. Xilasedici qrupun əsas vəzifələrindən biri də çimərlik üçün qadağan olunmuş digər sahillərə nəzarət etməkdir ki, həmin yerlərdən istifadə olunmasın. Buna görə həm də vətəndaşlar arasında maarifləndirici söhbətlər aparırıq. Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili xoşagəlməz hadisələrin qarşısının alınmasında mühüm rol oynayır.
Çimərlikdə bura istirahət üçün üz tutan insanlarla da həmsöhbət olduq. Naxçıvan şəhər sakini Zakir Hüseynov kiçik sahibkarlıqla məşğul olur və həftədə iki-üç dəfə yolunu buradan saldığını deyir: “Builki yay mövsümü çox isti keçir. Buna görə də həftəiçi tez-tez bura gəlirəm. İsti havada çimərlik insana xoş gəlir. Həm istidən “heyfini” çıxırsan, həm də dincəlirsən. Bu şəraiti yaradanlara öz minnətdarlığımı bildirirəm”.
Rəcəb Hüseynzadə isə Şahbuz rayonunda hərbi xidmətdə olan övladının yanından qayıdarkən yolüstü dincəlməyə gəldiyini dedi: “Culfa rayonunda yaşayıram. Keçən il yaxın dostlarla bura gəlmişdik, çox bəyənmişdim. Bu il isə birinci dəfədir ki, gəlirəm. 1-2 saatlıq istirahət etmək imkanımızı burada dəyərləndirmək istəyirəm. İsti havada çimərliyin yerini heç nə verməz”.
Burada istirahət edənlər içərisində İran İslam Respublikasından gələnlər də az deyildi. Həsən və Möhsün adlı qardaşlar ötən il ailə üzvləri ilə Naxçıvana gəldiklərini dedilər. Bu il isə vaxtları az olduğundan Naxçıvana ikigünlük səfər etdiklərini və səfər müddətində buradakı çimərliyi “yaddan çıxarmadıqlarını” bildirdilər.
...Çimərlikdə olduğumuz müddətdə burada istirahət edən bir çox insanlarla söhbətləşdik. Həmsöhbət olduğumuz insanlar yaradılan şəraitdən, təşkil olunmuş təhlükəsizlik xidmətinin işindən razılıqla danışdılar. Ümumi gəldiyimiz nəticə isə bundan ibarət oldu ki, çimərliyə yolu düşən hər kəs buradakı xidmətdən, yaradılmış şəraitdən razıdır. Ən əsası isə odur ki, Naxçıvan şəhər çimərliyi fəaliyyət göstərdiyi qısa müddət ərzində həm yerli sakinlərin, həm də bu qədim diyara yolu düşənlərin istirahətini təmin edə bilib.
Səbuhi Həsənov