Əhalinin maddi rifah halının yüksəlişi ölkəmizin davamlı iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Bu inkişafı xarakterizə edən əsas xüsusiyyətlərdən biri əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. İqtisadiyyatımızın davamlı olaraq möhkəmlənməsi şəraitində sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi istiqamətində atılan addımlar Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Bu baxımdan muxtar respublikada təşkil olunan əmək yarmarkaları mühüm məşğulluq tədbiri kimi əhəmiyyətli rol oynayır. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri ilə işaxtaran vətəndaşların birbaşa təmasına imkan verən əmək yarmarkaları vətəndaşların daimi işlə təmin olunmasına şərait yaradır. Növbəti belə əmək yarmarkası Naxçıvan şəhərində keçirilib.
Əmək yarmarkası həmişəki kimi Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində təşkil olunmuşdu. Naxçıvan şəhərində fəaliyyət göstərən müəssisələr tərəfindən təqdim olunan boş iş yerləri ilə tanışlıqdan əvvəl şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışdılar, işaxtaran vətəndaşların işlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyətindən bəhs etdilər.
Sonra yarmarkaya gələnlər müxtəlif idarə, təşkilat və sahibkarlıq subyektlərindən təqdim edilən boş iş yerləri ilə tanış oldular.
Əmək yarmarkasına müraciət edən işaxtaran vətəndaşların bir neçəsi ilə görüşüb söhbət etdik. Naxçıvan şəhər sakini Qalib Quliyev dedi ki, ixtisas sahibi olmadığıma görə indiyədək müxtəlif sahələrdə işləmişəm, eyni zamanda daha çox mövsümi işlərdə çalışmışam. Yarmarkaya müraciət etməyimin əsas səbəbi ondan ibarətdir ki, daimi işim olsun. Buradakı boş iş yerləri ilə tanış olduqdan sonra “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətində özümə uyğun iş tapdım. Elə bu gün həmin müəssisəyə müraciət edəcəyəm. Bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.
Digər şəhər sakini Vahid Əliyev isə buradakı boş iş yerləri ilə hələlik tam tanış olmadığını dedi, ancaq özünə müvafiq iş tapacağına inandığını bildirdi. Qeyd etdi ki, yaxın tanışlarından bir neçəsi hazırda məşğul olduqları işi məhz əmək yarmarkalarının vasitəsilə əldə ediblər. Buna görə də əmək yarmarkasına inamla gəldiyini söylədi. Həmsöhbətimiz bildirdi ki, belə yarmarkaların təşkil olunmasının ən böyük üstünlüyü ondadır ki, səni işə qəbul edəcək müəssisənin nümayəndəsindən iş haqqında ətraflı məlumat almaq imkanın olur. Eyni zamanda əmək yarmarkasına təqdim olunan iş yerlərinin əksəriyyəti daimi iş yerləridir. İşaxtaran vətəndaşlara belə bir şəraiti yaratdıqlarına görə minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, əmək yarmarkasına 69 təşkilatdan 558 boş iş yeri çıxarılmışdı. Yarmarkada 40 nəfərə işə göndəriş verildi.
Xəbərlər şöbəsi