Avqustun 4-də Şərur Şəhər Mədəniyyət Sarayında keçirilmiş növbəti əmək yarmarkasında Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Füzuli Hüseynov çıxış ediblər.
Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin edilməsi, işsizliyin aradan qaldırılması üçün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzunmüddətli strategiya bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafını əhatə edən dövlət proqramlarının uğurla həyata keçirilməsi kompleks inkişaf templərinin sürətləndirilməsinə şərait yaratmaqla, yeni iş yerlərinin açılmasına, məşğulluğun təmin olunmasına, yoxsulluğun aradan qaldırılmasına geniş imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasının uğurla başa çatdırılması vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayıb. Aparılan səmərəli və məqsədyönlü işin nəticəsidir ki, son illər minlərlə vətəndaşımız yeni iş yerləri ilə təmin olunub, onların maddi rifah halı və sosial vəziyyəti daha da yaxşılaşıb. Bu il yanvar ayının 11-də Ali Məclisin Sədri tərəfindən təsdiq olunmuş növbəti dövlət proqramı isə 2016-2020-ci illəri əhatə edir.
Dövlət proqramının məqsədi səmərəli məşğulluğun inkişafına yönəldilən tədbirlərin davamlılığının təmin olunması, işaxtaranlar üçün özünüməşğulluq imkanlarının artırılması, əmək ehtiyatlarının və peşə hazırlığının əmək bazarına uyğun formalaşdırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsidir. Bu sahədə vaxtaşırı həyata keçirilən tədbirlər muxtar respublikamızda insan amilinə verilən yüksək qiymət kimi dəyərləndirilir. Müntəzəm olaraq təşkil olunan əmək yarmarkaları da qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlərdəndir.
Tədbirdə daha sonra vurğulanıb ki, Şərur rayonunda tikinti-quraşdırma işlərinin gündən-günə genişləndirilməsi, aqrar sahənin inkişafı, yeni sənaye və emal müəssisələrinin işə salınması, xidmət şəbəkələrinin yaradılması nəticəsində ötən il təkcə məşğulluq mərkəzinin xətti ilə 125 vətəndaş müxtəlif işlərlə təmin olunub. Bu ilin altı ayında isə mərkəzdə 273 nəfər işaxtaran qeydiyyata alınıb, onların 251-i müxtəlif sahələrdə daimi, 16 nəfər müvəqqəti iş yeri əldə edib. Bütün bunlar qeyri-məşğul əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir.
İşaxtaranlar məşğulluğun təmin olunmasında əmək yarmarkalarının ən sərfəli metod kimi əhəmiyyətini yüksək qiymətləndirib, yeni iş yerlərinin yaradılması üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndiriblər.
Yarmarkaya 223 dövlət, 78 qeyri-dövlət təşkilatı tərəfindən, ümumilikdə, 301 boş iş yeri çıxarılmışdı. Yarmarkanın gedişi zamanı 36 nəfərə işə göndəriş verilib.
Elman Məmmədov