Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının istirahəti təşkil edilib.
45 kursantın iştirak etdiyi “Yay məktəbi”nin ilk günündə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlərdən danışıb, bu tədbirin təşkil edilməsində məqsədin gənclərin yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət olduğunu bildirib. Vurğulanıb ki, bu gün muxtar respublikada gənclərin hərtərəfli inkişafı, asudə vaxtının səmərəli təşkili, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb.
Kursantlar onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Altı gün ərzində gənclər burada müxtəlif mövzularda diskussiyalarda, intellektual oyunlarda iştirak edəcək, sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə fəallığın təmin edilməsi mövzularında keçirilən seminarlarda müzakirələr aparacaq, proqrama uyğun olaraq “Nuh yurdu” intellektual oyununda, təşkil olunacaq mini-futbol, şahmat və voleybol yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. İstirahətin son günündə Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi kollektivlərinin kursantlar üçün konsert proqramı təşkil olunacaq. Düşərgədə həmçinin Azərbaycan bədii filmləri də nümayiş etdirilir.
Dünən kursantlar “Ağbulaq” bulağında və Batabat yaylağında olublar. Burada onlara məlumat verilib ki, Batabat Kiçik Qafqazın yamaclarında, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən müalicə əhəmiyyətli iqlim kurort zonasıdır. Batabatın iqlimi subtropikdir, qarlı, mülayim qışı, quru, çox da isti olmayan yayı vardır, suyu mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı içilir. Mülayim iqlimi, şirin suyu olan göl mənzərəli görkəmi və alp çəmənliklərinə məxsus zəngin bitki aləmi insanlara xoş təsir bağışlayır.
Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başlayıb. Muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
Ceyhun Məmmədov