İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta insanların həyatına və sağlamlığına, əmək qabiliyyətinə dəyən zərərlərin əvəzinin ödənilməsinə xidmət edən mühüm bir sığorta növüdür. Onun icbari qaydada tətbiq olunması isə ictimai zərurətdən irəli gəlib, həm işəgötürənin, həm də işçilərin mənafeləri burada ön planda tutulur.
İnsanın sağlamlığı onun ən qiymətli sərvətidir. O təkcə özü üçün deyil, həm də bütün cəmiyyət üçün dəyərlidir. Bununla belə, insanın əmək fəaliyyəti müxtəlif risklərlə müşayiət olunaraq onun əmək qabiliyyətinin itməsinə də səbəb ola bilər. Misal üçün, istehsalatda texniki avadanlıqlarla ehtiyatsız davrandıqda, yaxud bir anlıq diqqətsizlik etdikdə baş verən hadisələr kəskin nəticələr doğura bilər və ya zərərli iş prosesi ilə əlaqədar olaraq müxtəlif peşə xəstəlikləri törənər. Görülən bütün qabaqlayıcı tədbirlərə və yeni texnologiyaların tətbiqinə baxmayaraq, bəzən qaçılmaz olan belə hadisələr nəticəsində dəymiş zərərlərin əvəzinin ödənilməsi üçün vaxtında sığorta olunmaq çox mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə ölkəmizdə 11 may 2010-cu ildə qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılan icbari sığorta hər bir işçinin və onun sahibkarının maraqlarına xidmət edir. Bu qanuna əsasən, tətbiq olunan icbari sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişlərinin verilməsini nəzərdə tutur. Əgər hər hansı bir bədbəxt hadisə baş vermişsə, verilən həmin ödənişlər iş vaxtı əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maddi təminatına kömək edir.
İcbari sığortanın bu növü kimlər üçün tətbiq olunur? Ölkəmizdə qüvvədə olan qanuna əsasən, işəgötürənlərlə bağlanmış əmək müqaviləsi əsasında işləyən hər bir işçi, dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda çalışanlar, sahibkarlıq və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari qaydada sığorta olunmalıdırlar. Bunlardan əlavə, həmin qanuna görə istehsalat təcrübəsi keçən tələbələr, müəssisələrdə işə cəlb olunmuş hərbi qulluqçular, hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslər də bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalıdırlar. Bu şəxslərin əmək fəaliyyətini yerinə yetirdiyi zaman bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin şəkildə pozulması, o cümlədən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri ilə yaranan xroniki və ya kəskin xəstəlik halları sığorta hadisəsi hesab edilir. Bağlanmış müqaviləyə əsasən, belə hallar baş verdikdə sığorta ödənişi almaq hüququna malik faydalanan şəxsə onun məruz qaldığı maddi itkilərin ödənilməsi məqsədilə sığorta məbləği ödənilir. Lakin onu da qeyd etmək lazımdır ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi zamanı baş vermiş sığorta hadisəsinin sığortaolunanın özü tərəfindən qəsdən törədilmiş hərəkətin nəticəsi olduğu, habelə onun sərxoş vəziyyətdə olması halında baş verdiyi zaman sığortaçı ödəyəcəyi sığorta ödənişindən imtina hüququna malikdir.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi və ölüm ilə əlaqədar sığortaolunan və yaxud faydalanan şəxslərin sığorta ödənişi almaq hüququ vardır. Bu sığorta növü üzrə faydalanan şəxslər dedikdə, istehsalatda baş vermiş sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxslərin özü və ya sığorta hadisəsi nəticəsində sığortaolunanın ölməsi halında onun himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxslər, habelə sığortaolunanın ölümündən sonra doğulmuş uşaqları və digərləri faydalanan şəxslər hesab olunurlar.
İstehsal sahəsində çalışan hər bir işçi üçün zəruri olan bu sığorta növü üzrə sığortahaqqının məbləğinə gəldikdə bu, xeyrinə icbari sığorta müqaviləsi bağlanılan şəxslərin müəyyən olunmuş qaydada hesablanan birillik əməkhaqqı fondunun sığorta tarifinin faiz nisbəti əsasında hesablanır. Sığorta tarifi isə istehsalatda fəaliyyət növündən asılı olaraq müəyyən olunmuş peşə riskinin dərəcəsindən və sığortaolunanların kateqoriyalarından asılıdır. Belə ki, bu məbləğ 0,2 faizdən 2 faizədək müəyyənləşdirilir.
Hər bir işçinin iş yerində baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın həyata keçirilməsi işəgötürənin qanunvericiliklə müəyyən olunmuş vəzifəsi olmaqla bərabər, həm də hər bir işçinin qanunla təsbit edilmiş haqqıdır. İşəgötürən sahibkar tərəfindən bu, öz işçilərinin sosial müdafiəsinin tam təmin edilməsi, işçilərin maraqları baxımından isə gələcəkdə öz maddi təminatlarını risk altına almamaqdan ibarətdir. Lakin bəzi hallarda rast gəlinən hadisələrin təhlili göstərir ki, işəgötürənlər tərəfindən işçilərin sığortalanmaması gələcəkdə hər hansı bir şəraitdə baş verə biləcək hadisələrə qarşı onların köməksiz qalmasına gətirib çıxarır. Ona görə də həm işçilərin, həm də işəgötürən sahibkarların mənafelərinə xidmət edən bu icbari sığorta növünün bütün istehsalat obyektlərində aparılması müasir dövrün tələbi kimi qarşıda duran bir vəzifədir.
Əli Cabbarov