23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz rayonunun bu qol üstdə yerləşən yaşayış məntəqələri müasirlik donundadır

Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı,
Biçənəkdən at səyridib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Sözün həqiqi mənasında, Batabat Naxçıvan adlı ulu məmləkətimizin mərcan gözüdür. İlin bu fəslində qoynunu insanlara açan bu füsunkar yaylaq son illər əsl gülüstana çevrilib, təmizlik, səliqə-sahman göz oxşayır.

Yolumuz Şahbuz şəhərinədir

Batabata getmək fikrimiz qətiləşəndə yadıma kiçik Şahbuz rayonunun sovet dönəmi düşdü. Ucqar əyalət timsallı təbii gözəlliklər diyarı elə bil yaddan çıxmış bir yurd yeri idi. Kənddən seçilməyən indiki Şahbuz şəhərinin ovaxtkı miskin görkəmi, darısqal, tozlu-torpaqlı küçələri buraya rayon mərkəzi deməyə imkan vermirdi.

Bu gün o mənzərələr yoxdur daha. Şahbuz şəhəri müasirliyə qovuşub. Rayon mərkəzinin girəcəyindəki Bayraq Meydanından başlayaraq gözəl mənzərələr insanı ovsunlayır. Belə mənzərələr elə təəssüratlar yaradır ki, neçə illər qabaq gördüklərini bir an belə, xatırlamaq istəmirsən. Və düşünürsən ki, şəhər də, kənd də, qəsəbə də insan kimidir, qayğı istəyir, nəvaziş istəyir. Bu gün Şahbuzun hər bir ünvanı belə qayğıdan yetərincə bəhrələnib. Rayon mərkəzinin Heydər Əliyev prospekti boyunca ucaldılmış inzibati və ictimai yaşayış binaları göz oxşayır. Rayonun bütün təşkilatları müasir iş şəraiti ilə təmin olunmuş binalarda fəaliyyət göstərirlər. Binaların yerləşdikləri ərazilərdə yaşıllıqlar, gülzarlıqlar salınıb. Parklarda həmişə qələbəlikdir. İnsanlar burada gəzişir, söhbətləşir, asudə vaxtlarını səmərəli keçirirlər. Rayon İcra Hakimiyyətinin yaxınlığındakı parkın əvvəlki görkəmini yadıma salmaya bilmirəm. Primitiv qaydada tikilmiş ictimai iaşə obyektləri, obyektlərin ətrafında hökm sürən antisanitar vəziyyət...
Bu gün parkda istifadəyə verilmiş çay evi şahbuzlulara yüksək səviyyədə xidmət göstərir. Stolların birinə yaxınlaşırıq. Qonaqpərvərliklə stul çəkib oturmağımı xahiş edirlər. Əyləşir və onlara sual verirəm:
– Buranın əvvəlki görkəmini xatırlayırsınızmı?
Sonradan adını öyrəndiyim müəllim Sahib Hüseynov cavab verir:
– Xatırlamasaq, belə gözəl ünvanın qədrini bilmərik. Buranı bizim üçün, bizim yaxşı istirahətimiz üçün tikiblər. Odur ki, hər bir şahbuzlu rayonda tikilənləri göz bəbəyi kimi qorumağa çalışır. Çalışır ki, sonrakı nəsillər də bunlardan istifadə edə bilsinlər.

Batabata gedən yol Kolanıdan keçir

Bu kənd rayonun iri yaşayış məntəqələrindən biridir. Kəndin 1800 sakini var. Dadlı-tamlı meyvələri, keyfiyyətli balı, dişgöynədən suyu, digər kənd təsərrüfatı məhsulları ilə tanınan Kolanıya gedən yol müasir standartlar səviyyəsində yenidən qurulub. Ümumilikdə isə, demək olar ki, Şahbuz rayonu ərazisindəki yolların hamısına son illərin quruculuq tədbirlərindən pay düşüb. Bu isə o deməkdir ki, nəqliyyatın intensiv hərəkəti təmin olunub. Bir yaşayış məntəqəsindən digərinə gedən insanlar belə rahat yolların salınmasını onlara göstərilən qayğı kimi dəyərləndirirlər.
Budur, Kolanı kəndinə çatırıq. Kənddə son illərin quruculuq tədbirləri olan kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası 2008-ci ildə sakinlərin ixtiyarına verilib. Bu ünvanlarda yüksək iş şəraiti yaradılıb. Kənd mərkəzində fəaliyyət göstərən aidiyyəti qurumlar sakinlərin üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşırlar. Burada həm də əhaliyə mədəni xidmət göstərilir. Zəngin fondu olan kitabxana Kolanı sakinlərinin ixtiyarına verilib. Mədəniyyət evinin fəaliyyəti də razı­lıq doğurur. Kənd mərkəzinin zirzəmisində musiqi məktəbi fəaliyyət göstərir. İstedadlı uşaqların cəlb edildiyi məktəbin uğurları ildən-ilə artır. Kənddəki yeni qurucu­luq ünvanları barədə söhbət edən kənd ziyalısı İdris Mustafayev deyir ki, muxtar respublikanın bütün kənd yaşayış məntəqələrini əhatə edən belə tədbirlər kənd­lərimizi müasirliyə qovuşdurmaqla, həm də sosial-iqtisadi inkişafımızdan soraq verir. Bu inkişafı hər bir Kolanı ailəsinin timsalında görmək mümkündür. Təbii ki, inkişaf insanların yaşayıb-yaratmaq əzmini daha da yüksəldir. Kənd adamları da belə əzmlə muxtar respublikada keçirilən tədbirlərə qoşulur, qədim diyarımızın daha da çiçəklənməsinə çalışırlar. Əkir, becərir, daxili bazara məhsul çıxarır. Bunun üçün də kənd adamlarına hərtərəfli qayğı göstərilir. Onlara kreditlər verilir, torpaq mülkiyyətçiləri keyfiyyətli toxum sortları ilə təmin olunur, digər yardımlardan istifadə edirlər.
Kolanı kənd sakini İsa Alməmmədov isə bu yurd yerinə göstərilən digər bir qayğıdan danışır. Mart ayından başlayaraq Kolanıda 360 şagird yerlik yeni məktəb binasının tikintisi aparılır. Üç mərtəbədən ibarət olacaq yeni məktəb binasında tikinti işləri keyfiyyətlə həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları öhdələrinə götürdükləri obyekti vaxtında təhvil vermək üçün səylərini əsirgəmirlər.

Dağlar qoynunda qərarlaşan Biçənək

Kolanıdan xoş təəssüratlarla ayrılıb Biçənəyə üz tuturuq. Şüşə kimi asfalt yol bizi 5-10 dəqiqədən sonra Biçənəyə çatdıracaq. Əyləşdiyimiz maşının pəncərəsindən içəri dolan xəfif meh qəlbimizə bir sərinlik gətirir. Bu sərinlik getdikcə artır. Dağların qoynunda yerləşən yurd yerinə çatırıq. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun bu kəndin adının etimologiyası ilə bağlı gəldiyi qənaəti xatırlayıram. Alim yazırdı ki, çox haqlı olaraq bu adın mənşəyini tədqiqatçılar qədim türk peçeneq tayfasının adı ilə bağlayırlar. Mahmud Kaşğarlı qeyd edir ki, peçeneq tayfası oğuz tayfalarından biridir. Bu fakt türk sultanı Əbülqazi Bahadır xanın “Seçere-i terakime” əsərində də öz əksini tapıb.
Akademik Ziya Bünyadov Biçənək toponimində qədim türk peçeneq tayfa adının əks olunduğunu göstərib, ondan sonra dilçi və toponimist alimlərimiz də bu məsələyə eyni mövqedən yanaşıblar. Adil Bağırov bu fikrə tərəfdar olaraq belə qənaətə gəlirdi ki, Biçənək sözü qədim peçeneq tayfa adını özündə yaşadan onomastik vahiddir.
Bu gün Biçənək öz müasir həyatını yaşayır. Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərindən bu kəndə də pay düşüb. 2001-ci ildə burada yeni məktəb binası inşa olunub. 2008-ci ildə biçənəklilər kənd və xidmət mərkəzlərinin açılışlarının sevincini yaşayıblar. Kənd mərkəzinin binasında həm də feldşer məntəqəsi yaradılıb. 2012-ci ildə kənd məktəbinin binası tamamilə yenidən qurulub. Kənd sakini Şəhla Bayramova deyir ki, həyata keçirilən bu tədbirlər – Kolanıdan Biçənəyə qədər olan yolun yenidən qurulması kənddən bir qədər aralıda yerləşən Batabat yaylağına gediş-gəlişi xeyli artırıb. Elə ki istilər düşməyə başladı, ta payızın soyuqlarınadək Batabat yaylağı insanlarla dolu olur. Onlar da Biçənəyin bugünkü həyatını yaxından görürlər. Sevinirik ki, belə abad yurd yerimiz var.

Bu da Batabat yaylağı və ya arıçılarla söhbət

Yaylaq yenə istirahətə gələn insanlarla doludur. Bizimsə diqqətimizi yaylağın müxtəlif ərazilərində gördüyümüz arı qutuları cəlb edir. Öyrənirik ki, hər il yaz aylarından başlayaraq buraya muxtar respublikamızın müxtəlif bölgələrindən arı ailələri gətirilir. Ərazinin füsunkar təbiəti, təmiz havası, suyu, gülü, çiçəyi keyfiyyətli bal üçün ən gözəl xammaldır. Babək rayonunun Cəhri kənd sakini Arzu Axundov, Şahbuz rayonunun Kolanı kənd sakini Etibar Səfərov, Şahbuz şəhər sakini Vidadi Quliyev və başqaları ilə həmsöhbət oluruq. Kolanılı Etibar Səfərov deyir ki, 120 arı ailəsi bəsləyir. Hər il də yüksəkkeyfiyyətli məhsul istehsalına nail olur. Buna başlıca səbəb arı ailələrini Batabat yaylağında saxlamasıdır. Onun sözlərini 30 arı ailəsi bəsləyən cəhrili Arzu Axundov da təsdiq edir.

Ayrılmaq vaxtı çatıb

Yadıma yenə İslam Səfərlinin misraları düşür:
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR