Naxçıvan tarixin sınaqlarına mətanətlə sinə gərən, tarixi qəhrəmanlıqlarla yazılmış bir torpaqdır... İllər ötür və Naxçıvanın keçmişi kimi, gələcəyi də şanlı yazılır. Günbəgün inkişaf edən muxtar respublikamız ulduz kimi parlayır.
Vətən hər bir vətəndaşın namusu, qüruru, and yeridir. İnsan doğulduğu, böyüyüb boya-başa çatdığı torpaqla bütünləşir, bu bütünləşmə, bu sevgi insana Vətənini, torpağını sevmək, qorumaq və inkişaf etdirmək gücü aşılayır. Və insan hara gedir, getsin, harada məskunlaşır, məskunlaşsın, yenə əbədi rahatlığı doğma Vətənində tapır...
Hava limanı və uzun illər torpağından uzaq qalan şəxs... Onu qarşılamağa getmişdim. Əslində, texnologiyanın inkişaf etdiyi müasir günümüzdə bir-birimizi internet vasitəsilə tez-tez görürdük. Onunla qarşılaşanda üzündəki ifadə məni təəccübləndirdi. Öncə bunu yol yorğunluğu kimi başa düşdüm. Sonra elə olmadığını anladım. Salamlaşdıq, görüşdük... Gözlərində ulduz kimi qeyri-adi parıltılar yaranmışdı. “Səhvən başqa ölkəyə gəlmişəm sanki”, – tanışımın bu sözləri sükutu pozdu.
Azərbaycanın inkişafını internet vasitəsilə izləyən, arada qəzet oxumaq imkanı tapan, ancaq televiziyanı izləməyə iş saatı imkan verməyən tanışımın səsi titrəyirdi. Duyğularını ifadə etməkdə həmişə çətinlik çəkən bu adamın söz xəzinəsi bir anda daha da müflisləşdi. Vətənin inkişafını, gözəlliyini kəlmələrlə ifadə edə bilmirdi. Havanı acgözlüklə ciyərlərinə çəkirdi. Birdən əlindəki çantaları yerə atdı, əyilib Vətən torpağını öpdü, gözlərindəki yaş torpağa qarışdı, torpaqla “qucaqlaşdı”. Darıxmaq və Vətən həsrəti... Bu mənzərə çoxlarının gözlərini yaşartdı; bu mənzərə Vətəndə yaşayıb, inkişafdan faydalanıb, haqsız yerə deyinən və inkişafı yetəri qədər qiymətləndirməyi bacarmayan insanları utandırdı... Uzun illər Vətənin havasına, suyuna həsrət qalan bu tanışım ətrafa çox maraqla baxıb dedi: “Naxçıvan çox gözəlləşib, dünyadakı bir çox şəhərdən gözəl və moderndir”.
Liderlərin gərgin əmək fəaliyyəti, siyasi zəkası, comərdliyi, xalqa olan bağlılığı, xalqın liderlərinə olan sonsuz sevgi və inamı tanışımın heyran olduğu inkişafı təmin etməklə bütün vətənsevərlər kimi, məni də qürurlandırır.
Tanışımın səsi hələ də titrəyirdi. Binaların gözəlliyinə aludə olan tanışıma dedim: “Bu hələ harasıdır, inkişaf və tərəqqi bütün sahələrdə eyni dərəcədə özünü büruzə verir...”
Uzun müddət xaricdə yaşayan tanışıma elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafını təsdiqləyən faktlar göstərdim, insanlara göstərilən qayğıdan danışdım. Mən danışdıqca onun gözlərindəki ulduzlar böyüyürdü. Bu məqamda inkişafın fərqində olmayan bəzi “şəxs”lərə bir xatirə danışmaq istərdim:
Bir Avropa ölkəsində istirahətdə idim. Həmin ölkənin olduğum şəhəri dünya səviyyəsində tanınmış şəhər idi. Ölkənin büdcəsinə qazandırdığı gəliri hesablamaq bizə düşməz, ancaq deyə bilərik ki, bu şəhər çox məşhurdur. Şəhərə daxil olanda məyus oldum: ensiz yollar və baxımsız binalar, məktəblər, xəstəxanalar məndə təəccüb yaratdı. Şəhərə turist cəlb etmək məqsədi ilə tikilmiş otellər – “şəhər içində şəhərlər” şəhəri ağzına almışdı. Zəngin təbəqənin və turistlərin istirahət etdikləri bu otelləri yerli əhali ancaq uzaqdan seyr edə bilirdi. Gənclərin təhsil yerinə “biznes” adı verdikləri, ancaq, sözün əsl mənasında, biznes kəlməsindən çox uzaq olan sahəyə maraqları görülməyə dəyərdi... İnkişafın beşiyi kimi dillər əzbəri olan bu şəhərdə XXI əsr olmasına baxmayaraq, uşaq, yeniyetmə və gənclər hələ də uçuq-sökük binalarda təhsil alır, gəncləri “biznes”lə məşğul olan bu şəhərin təhsil ocaqlarında müəllim çatışmazlığı hökm sürürdü.
Sözdə inkişaf etmiş bu şəhərlərlə müqayisə etdikdə görürük ki, bizim ölkəmiz və şəhərlərimizdə, sözün əsl mənasında, güclü inkişaf gedir və bu, özünü bütün sahələrdə göstərir. Ən son texnologiyalarla təchiz olunmuş xəstəxanaları, təhsil ocaqlarını, regionun inkişafına və əhalinin rifahına xidmət edən infrastrukturu görmək tanışımı heyrətə salmışdı. Tanışım əsl inkişafın mənzərəsini seyr edirdi. Mən isə əsl inkişafın olduğu ölkədə yaşadığım üçün qürur hissi keçirirdim.
Başqa ölkələrə heç ayaq basmayan, bu ölkələr haqqında heç bir əsaslı biliyə malik olmayan, qərəzli “mətbuat orqanları”nın məqsədli yazılarının təsirinə qapılıb “Vətəndə inkişaf yoxdur”, – deyən bir qrup ”şəxs”ə əminliklə söyləyə bilərəm ki, ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da özünü göstərən hərtərəfli inkişaf dünyanın daha böyük büdcələrinə sahib ölkələrinin çoxundan daha sürətli və yerli-yerindədir. İnkişaf etdirilən və inkişaf etməsi üçün maliyyələşdirilən sahələr isə xalqımızın gələcəyinə xidmət edir.
Nərgiz İSMAYILOVA