2005-ci ildə Naxçıvanda məcburi köçkün ailələrinə mənzillərin verilməsini yaxşı xatırlayıram. Hər dəfə o evlərin birinin qarşısından keçəndə həyətdə gördüyüm müxtəlif əl işləri həmişə diqqətimi çəkib. Həmin əl işlərinə muxtar respublikanın müxtəlif ünvanlarında da rast gəlmişəm. Bu sənət nümunələrinin yaradıcısı Əkbər Vəliyevdir.
O, 1967-ci ildə Qərbi Azərbaycanda anadan olub. Məlum hadisələrə görə ailəsi ilə 1988-ci ildə ata-baba torpağını tərk etmək məcburiyyətində qalıb Naxçıvana gəliblər. İlk günlər bir çox çətinliklərlə üzləşsələr də, o günlərin ömrü az olub. Ailəsi ilə bu diyarda dövlətimizin qayğısı ilə özünə gün-güzəran qurub. Ən böyük qayğı isə ailənin dövlətimiz tərəfindən evlə təmin edilməsi olub. Məzar daşları düzəldib satan Əkbər bu yolla ailəsini dolandırmağa başlayır. Onun dediklərindən:
– Anam yaxşı xalçalar toxuyardı. Taxtalar və daşlar üzərinə naxışlar vurardı. Biz ailədə 6 qardaş idik. Hamımız da anamıza kömək edirdik. Sonradan qardaşlarım müxtəlif əl işləri düzəldib sataraq bu yolla çörəkpulu qazanmağa başladılar. Mən də əvvəllər məzar daşları düzəldirdim. Sonra isə daşlardan müxtəlif fiqurlar düzəltməyə başladım. Gördüm ki, insanların diqqətini çəkə bilirəm. Hər işim ərsəyə gəldikdən sonra uşaq kimi sevinirəm.
Əkbər Vəliyevlə söhbətləşə-söhbətləşə əl işləri ilə tanış oluruq. Həvəskar ustanın əl işlərinə heyran olmamaq mümkün deyil. Sanki bu saat üzəcək balıqlar, bir azdan ürküb qaçacaq ceyran firuqlarının yanından etinasız ötmək olmur. Əkbər usta deyir ki, ən çox ceyran fiqurları hazırlayıram. Çünki bu fiqurlara tələbat daha çoxdur. Sevgi, həvəs, məqsəd, zəhmət bir arada olanda yaradılan əsərlər də belə gözəl olur.
Əkbər ustanın maraqlı əl işlərindən biri də bulaq başı üçün daşdan və mərmərdən hazırladığı nümunələrdir. Artıq bir çox kəndlərdə Əkbər ustanın əl işlərini görmək olar.
Sexdə alıcılarla da həmsöhbət oldum. Naxçıvan şəhər sakini Toğrul Əliyev dedi ki, yeni tikdirdiyi həyət evinin qarşısına düzmək üçün müxtəlif heyvan fiqurları almağa gəlib. Bildirdi ki, bu fiqurları müxtəlif restoranların həyətlərində görüb. Çox xoşuna gəlib. Bunları düzəldən ustanın adını öyrənib.
Söhbətimizin sonunda Əkbər Vəliyev dedi:
– Yaratdığım bu fiqurlar, əsasən, iaşə obyektləri, həyət evləri üçün alınır. Muxtar respublika günü-gündən inkişaf edir. Gözəl evlər tikilir. Bu inkişafın nəticəsidir ki, mənim yaratdığım əsərlərin alıcısı da çoxalır. Çalışıram ki, düzəltdiyim fiqurlar cəlbedici və keyfiyyətli olsun. Şükür, ailəmin dolanışığını təmin edirəm. Hər dəfə hansısa bir fiquru düzəldəndə müdriklərimizin çox dəyərli bir deyimi yadıma düşür: yaxşı sənətkar kiməsə möhtac olmaz...
Sara Əzimova