23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib.
Festivalın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, bu gün sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, təhsil sistemində də mütərəqqi islahatlar həyata keçirilməkdədir. 1996-cı ildən ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi üçün bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Həyata keçirilən tədbirlər sırasında məktəbdənkənar müəssisələrin fəaliyyəti də diqqətdən kənarda qalmayıb. 20 il bundan əvvəl belə müəssisələrin fəaliyyəti tamamilə dayandırılmışdı. Bu gün isə muxtar respublikada şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində 44 belə müəssisə fəaliyyət göstərir. Ayrı-ayrı rayonlarda şahmat məktəbləri, uşaq-gənclər yaradıcılıq mərkəzləri və başqa məktəbdənkənar müəssisələr üçün inzibati binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq uşaq və gənclərimizin istifadəsinə verilib.

Yaradılmış yüksək şəraitin nəticəsində məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərən dərnəklərə 28 minə yaxın şagirdin cəlbinə nail olunub. Həmin dərnəklərin fəaliyyəti sayəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların meyil, maraq, qabiliyyətlərinin inkişaf etdirilməsi, əmək tərbiyəsinin həyata keçirilməsi, xüsusi istedada malik uşaqların aşkara çıxarılması sahəsində xeyli işlər görülüb. Bu il Təhsil Nazirliyi və məktəbdənkənar tərbiyə müəssisələrinin hazırladığı tədbirlər planına uyğun olaraq, ilk növbədə, yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün uşaq yaradıcılıq mərkəzlərinin, idman məktəblərinin bazasından geniş istifadə olunması nəzərdə tutulub. Yay aylarında uşaq yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən müxtəlif dərnəklərin, idman bölmələrinin işinə diqqət artırılıb. Bu gün muxtar respublikamızda fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin hesabat günüdür. Festivalda həmin müəssisələrin tədris ili ərzində gördükləri işlərə yekun vurulacaq və eyni zamanda Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq, məktəbdənkənar tərbiyə müəssisələrinin illik fəaliyyətinin təhlili yolu ilə həyata keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılacaqdır.
Qeyd olunub ki, keçirilən bu festival bundan sonra da məktəbdənkənar tərbiyə müəssisələrinin hesabatı xarakteri daşıyaraq ənənəvi olaraq həyata keçiriləcəkdir. Rayon (şəhər) təhsil şöbələri məktəblilərin yay tətilinin yüksək səviyyədə keçirilməsini təmin etməklə rayon mərkəzlərində hesabat xarakterli festivalların keçirilməsinə nail olmalıdırlar.
Festivalda Təhsil Nazirliyinin seçim qrupu tərəfindən müəyyənləşdirilmiş, muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarış və müsabiqələrdə uğur qazanmış 30 ən yaxşı dərnək üzvü, onların uğur qazanmasında əməyi olan 15 ən yaxşı dərnək rəhbəri və muxtar respublikamızda şagirdlərin yay tətili günlərinin və asudə vaxtlarının səmərəli təşkilində xüsusi rol oynayan 8 məktəbdənkənar müəssisə mükafatlandırılıb. 44 məktəbdənkənar müəssisənin fəaliyyətinin ümumiləşdirildiyi festivalda istedadlı uşaqların hazırladıqları əl işləri, şahmat və idman məktəblərinin müxtəlif bölmələrinin çıxışları maraqla qarşılanıb.
Festivalda dərnək üzvlərinin hər birinin fərqli istedada, fərqli əl qabiliyyətinə malik olduqlarını duymaq çətin deyildi. Onlardan biri də Şərur Rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü Fərid Qafarlıdır. O, müxtəlif maketlər hazırlayıb. Festivalda qalib adına yiyələndiyi üçün çox sevinclidir. Bu festivalda əl işlərinin hazırlanmasında dərnək rəhbərlərinin adını xüsusilə qeyd etməliyəm. Kəngərli Rayon Uşaq Yaradıcılıq Mərkəzində dərnək rəhbəri Həsən Həsənlinin dediklərindən:
– Bu gün ilk dəfə muxtar respublikada belə bir festival keçirilir. Etiraf edək ki, əvvəllər məktəbdənkənar müəssisələrin işləri diqqətdən kənarda qalmışdı. Son aylarda belə məktəblərin işində bir canlanma olub. Bu festivalın keçirilməsi, necə deyərlər, biz dərnək rəhbərlərinə qol-qanad verdi. Festivalda “Ən yaxşı dərnək rəhbəri” müsabiqəsinin qalibi oldum. Bu mükafat mənim yaradıcı­lığım üçün böyük stimul olacaq.
Festivalda Bakıdan, xarici dövlətlərdən gələn qonaqlar da iştirak edirdilər. Bakı şəhərindən gələn Könül Quliyeva festivalın onda xoş təəssürat yaratdığını bildirdi. İran İslam Respublikasının Astara şəhərindən Sürəyya Xani isə Naxçıvanda istedadlı insanların çox olduğunu dedi. Ən çox diqqətini çəkən Naxçıvan Qızlar Liseyinin toxuma dərnəyi üzvlərinin əl işləri olub.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər”, Estetik Tərbiyə Mərkəzinin “Fidanlar”, Naxçıvan Musiqi Kollecinin mahnı və rəqs ansamblları, Şərur rayon məktəblilərinin yallı, Şahbuz Rayon Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupları və Gənc Heydərçilərin çıxışları festivala ayrı bir rəng qatıb.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR