İşaxtaran vətəndaşların münasib işlə təmin olunmaları məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bölgələrdə əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Növbəti əmək yarmarkası iyulun 27-də Kəngərli rayonunda təşkil edilib.
Yarmarkada rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov çıxış edərək məşğulluq məsələlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, aktiv məşğulluq tədbirləri kimi dəyərləndirilən əmək yarmarkaları işaxtaran vətəndaşların münasib işlərlə təmin olunmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də muxtar respublikada əmək bazarının müasir tələblər səviyyəsində formalaşmasına şərait yaradıb. Bildirilib ki, mərkəz tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev təşkil olunan əmək yarmarkalarının rayonda fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib. Bildirilib ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar.
Yarmarkada 21 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi