– Salam, Tağı usta, gəlmək olar?
– Niyə olmur gəl, yəqin taxıl gətirmisən üyütməyə.
– Yox, bu dəfəlik taxılım yoxdu.
– Bəs onda nə yaxşı, ay qardaş?
– Dedim bu dəfə söz üyüdək.
– Hə, bu başqa məsələ, qoy üyüdülmüş buğda unu ilə son çuvalı da doldurum gəlirəm. Söz üyütmək bir az çətin olacaq, ancaq neyləyək.
... Ötən günlərdə Culfa rayonunun Camaldın kəndində fəaliyyət göstərən, su dəyirmanının olmazsa olmazından olan çax-çaxın səs saldığı dəyirmanın sahibi, sözün həqiqi mənasında, peşəsini bilən, bir sözlə, köhnə dəyirmançı Tağı Abdullayevlə söhbətə “körpü”nü bax belə salmışdım. Sonra məlum oldu ki, o, su dəyirmanının olduğu kimi, sözün də xiridarı, həm də yaxşı həmsöhbətdi. Elə ilk baxışda bizə mehriban, işgüzar və gülərüz insan təəssüratı bağışlayan müsahibimlə çay süfrəsi arxasındakı söhbətimiz maraqlı alındı:
– Sizin üçün su dəyirmanı nədir?
– Mənə elə gəlir ki, anam məni dəyirmanda çalışmaq üçün dünyaya gətirib. Mənim üçün dəyirman ailəmin ruzisini qazandığım məkan, elin-obanın bərəkət təknəsi, saclarda, təndirlərdə bişən çörəyin süfrələrə ilk ayaq açdığı yerdi. Məndən əvvəl atam dəyirmançı olub. Sonra mən bu işi davam etdirmişəm.
– Su dəyirmanının üstünlükləri barədə nə deyə bilərsiniz?
– Bundan 3 il öncə kəndimizdə tariximizin unudulmuş belə bir bərəkət ocağı – su dəyirmanı yenidən qurularaq istifadəyə verildi. Bu su dəyirmanının işə başlamasıyla tarixin silinməkdə olan daha bir yadigarı yenidən yaşamaq hüququ qazandı. İndi dəyirmandan təkcə bu kəndin deyil, ətraf yaşayış məntəqələrinin də sakinləri istifadə edirlər. Taxıl biçildikdən sonra şükür ki, dəyirman boş qalmayıb, əhali əldə etdiyi buğdanın bir hissəsini buraya gətirir, biz də onu üyüdüb yola salırıq. İnsanlar yavaş-yavaş su dəyirmanlarında üyüdülən unun insan sağlamlığı üçün nə qədər faydalı olduğunu anlayırlar. İndi hər kəs bilir ki, su dəyirmanlarında istehsal olunan un dietik xüsusiyyətlərə malikdir. Burada istehsal olunan undan bişirilən çörək həm də müəyyən xəstəliklərdən əziyyət çəkən sakinlərin ehtiyaclarını ödəyə bilər. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə istifadəyə verilən bu dəyirman, eləcə də Kırna və Saltaq kəndlərində istifadəyə verilən dəyirmanlar xüsusilə taxıl biçini dönəmlərində qələbəlik olur.
– Dəyirman hər gün nə qədər un istehsal edə bilər?
– Bu dəyirmanların əsas xüsusiyyəti ondan ibarətdir ki, işin kəmiyyəti buraya gələn suyun axınından çox asılıdır. Axın dəyirman daşını nə qədər sürətli döndərə bilərsə, o qədər də un üyütmək olur. Ancaq burada diqqət etməli məqam ondan ibarətdir ki, dənliyin tanasına – yəni ortasına novça vasitəsilə tökülən dənlə dəyirman daşının sürətini tarazlaşdıra biləsən. Əgər daş sürətlə fırlanırsa və dənliyə tökülən dən azdırsa, onda üyüdülən un yana bilər. Burada çax-çaxın da xüsusi rolu var. Dəyirmanın üst daşı hərəkət etdikcə çax-çaxı da tərpədir və dənin daşın boğazına tökülməsini təmin edir. Alt və üst daşın ətrafında üyüdülmüş unun tökülməsi üçün taxta təknə quraşdırılıb. Bu hissə “unluq” adlanır. Dəyirmanda dənin üyüdülməsinin sürəti suyun gurluğundan və daşların diametrindən asılıdır. Uzun müddət dən üyüdüldükdə daşların çopurları kütləşir, yeyilir və üyütmə prosesi çətinləşir. Ona görə də vaxtaşırı üst daşı çıxarıb ona xüsusi dəmir çəkiclə “dişək” vururuq. Burada üyüdülən unun əsas xüsusiyyətlərindən biri də budur ki, un kəpəkli olur. Onu xəlbirdən keçirib çörək bişirəndə ətri uzaqdan keçənləri belə, özünə çəkir. Çünki buğdanın qabığı da üyüdülür.
– Dünyanı dəyirmana bənzətmək olar?
– Hə, dünya özü bir dəyirmandır. Hey fırlanır, nəsə istehsal edir. Elə bugünkü Azərbaycan cəmiyyətini də dəyirmana bənzətmək olar. Ölkəmizi istəməyənlər bu dəyirmanın suyunu kəsmək, daşını sındırmaq istəyirlər. Ancaq dəyirman daşı hey fırlanır ki, fırlanır, insanlar qurub-yaradırlar. Bu gün Azərbaycan cəmiyyətini dəyirmana bənzətsək, tam əminliklə demək olar ki, bu dəyirman ədalətlə fırlanır. Elə bu ədalətin, dəstəyin və qayğının nəticəsidir ki, hər bir zəhmətkeş əkdiyi tarlasından topladığı son buğdanın belə, sahibidir. Heç kim ona ortaqlıq edə bilməz. Yəni bu dəyirmandan hər kəs öz payını ədalətlə alır. Bu, bir də ondan irəli gəlir ki, dövrün dəyirmanının başında duran insaflı, mürvətli, böyük ürək sahibidir. Bu dəyirmanı işlətmək heç də asan deyil. Ona sahiblik etmək ər adamların işidir.
– Tağı usta, dəyirmanla bağlı bir məsəl də var: dəyirman öz işindədir, çax-çax baş ağrıdır.
– Düzdür, dövrün dəyirmanı öz işindədir, ancaq çax-çaxın da baş ağrıtması qaçılmazdır. Çünki o çax-çax olmasa, şildandan dəyirmanın boğazına dən tökülməz, deməli, o çax-çax da bizə lazımdır. Dəyirmanımız özümüzə qaytarıldı. Çox sevinirəm. Uşaqlığımı xatırlayanda uzun qış gecələrində gözümə yuxu gedənəcən qulağıma gələn gurultunu ayrı bir həsrətlə yada salırdım. Bu, adi gurultu deyildi. O səsin çıxdığı məkana çiyinlərdə, arabalarda kisə-kisə, çuval-çuval arpa, buğda, qarğıdalı daşınar, kisə-kisə, çuval-çuval una, kəpəyə dönüb evlərə gətirilərdi. Kişilər dəyirmanda növbə tutardılar, “bu gecə filankəsin növbəsidi” deyərdilər. Qadınlar təzə su dəyirmanı unundan lavaş, təndir çörəyi bişirməyə tələsərdilər. Kisənin, çuvalın ağzını açıb baxan kimi bilirdilər ki, bu unun xəmirini sacda, yoxsa təndirdə bişirmək olar. Bəzən başlarını bulayıb deyərdilər: “Yox, bu un gödəkdi, təndirdə durmaz. Kündələrin hamısı kütə gedər. Bunu ancaq sacda bişirmək olar”. Dəyirmanın səsi gələndə yaşlıların sifəti nurlanırdı. Dodaqlarının altında pıçıldayıb şükranlıq edərdilər. İndi üç ildir ki, kəndimizdən yenə dəyirmanın səsi gəlir, yeni dəyirmandan Camaldın kəndinin sakinləri evlərinə bərəkət aparırlar. Dəyirman bərəkət ocağı, halallıq tələb edən ruzi mənbəyidir. El-obanın unu-çörəyi, ruzisi buradan keçir. Bu ruzi ocağını halal adamlar, nəcabətli insanlar qurublar. Deməli, bərəkətimiz də həmişə var olacaq. Su dəyirmanları abidədir, tarixin şahididir, ulu babalarımızın təfəkküründən süzülüb gələn təbii istehsal obyektidir, gələcək nəsillərə ötürməyə borclu olduğumuz əvəzsiz yadigardır. Bu əvəzsiz yadigarları bərpa edən dövlətimizə minnətdarıq. Onu qoruyub gələcək nəsillərə çatdırmaq isə hamımızın borcudur.
– Dəyirman taxıldan əlavə dəyirmançıdan nə istəyir?
– Dəyirman həmişə yazıçılar, şairlər, ümumiyyətlə, qələm adamları üçün rəmzi – simvolik obraz olub. Məsələn, filan dəyirmanın suyu qurumuşdu və qurutmuşdular ifadələri sovet dövründə çox işlədilib, həmin dövrün çatışmazlıqları bu ifadələrin arxasında gizlənib. Dəyirmanın istəyi bol su, bir də ki halallıqdır.
– Sizcə, söz üyütmək asandır, yoxsa taxıl?
– Əgər bu dəyirman söz üyütmək üçün qurulsaydı, gecə-gündüz adamlar durmazdılar. Hər ağızdan bir söz, bir avaz gələrdi. Hərə başlayardı üyüdüb tökməyə. Yadınızdadırsa, 25 il bundan öncə söz üyüdənlərimiz, yalandan xalqa boş vədlər verənlərimiz çox oldu. Özü də həddindən çox oldu. Xalq az qala öz dövlətinə, hakimiyyətinə inamını itirdi. Ancaq sonra xalqa verilən sözün arxasında cəsarətlə duranların, sözə yox, əmələ üstünlük verənlərin zamanı gəldi. Bax ondan sonra yavaş-yavaş suyu qurumuş dəyirmanların da bərəkəti, taxılı geri qayıtdı. Yaxşı günlərin arzusunda olan insanlar rahat yaşamağa başladılar. Ona görə də boşuna deməyiblər ki, nə qədər gözəl söz deyilsə də, onun arxasında yaxşı əməl durmayıbsa, o elə nəfəsi boşa işlətmək kimi bir şeydi.
– Taxıl üyütməyə gələnlər sizi gözləyir. Sizi çox məşğul etməyək.
– Nə zaman istəsəniz yenə gəlin. Dəyirmanın qapısı üzünüzə hər zaman açıqdır. Söz də üyüdə bilərik, taxıl da.
Səbuhi Hüseynov