23 Dekabr 2024, Bazar ertəsi

 Əhalinin məşğulluğunun təmin olunmasında muxtar respublikamızda keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi iyulun 26-da Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib. 

Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni ehtiyatlar hesabına iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir. Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı­lığının təmin edilməsi məqsədilə hazırlanan yeni proqram əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradır.

Qeyd olunub ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində mühüm işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu prioritet vəzifəyə çevrilib, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə olunub.
İşaxtaran vətəndaşlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildiriblər ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 7 təşkilatdan 93 boş iş yerinin çıxarıldığı tədbirdə 6 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası bu gün Kəngərli rayonunda keçiriləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR