23 Dekabr 2024, Bazar ertəsi

 İlk məktəb

Ötən minilliklərdən bu günə kimi azərbaycanlı ailələri bəşər sivilizasiyasının ayrılmaz hissəsi olaraq dünya mədəniyyəti xəzinəsinə çox sanballı töhfələr vermiş, özünəməxsus zəngin mədəni-mənəvi, milli irs yaratmışlar. İnsan üçün hər şey ailədə başlayır. Dil açıb danışmaq da, ayaq tutub yerimək də, gülmək də, ağlamaq da... Düşünürəm ki, körpənin qığıldaması, ilk dəfə ana sözünü deməsi Vətənin mənafeyini müdafiə etməyin, ayaqda dayanıb ilk addımlarını atması torpağımızı qorumağın, gülməsi el-obanın sevincini, ağlaması isə kədərini bölüşməsinin ifadəsidir. Kim bilir, bəlkə də, hər birimizin körpə ikən isti ana qucağında olmaq istəyi daim Vətən qoynunda yaşamaq eşqidir. Anasız qalmağın çığır-bağırtıları, bəlkə də, Vətənsiz qala bilməməyə bir işarədir. Göründüyü kimi, həyata ilk qədəmlərimizi qoyduğumuz andan ən ali həyat məktəbi olan ailənin verdiyi dərslərdə milli dəyərlərimizin işartıları duyulmaqdadır. Və ömürboyu bizi müşayiət etmək gücünə malikdir. Ailə mənəvi gözəllik, şirin duyğulu isti bir ocaq olmaqla yanaşı, vətənpərvərlik, ağsaqqala, ağbirçəyə hörmət, uşağa qayğı, qonaqpərvərlik, milli mətbəx və geyimlər, adət-ənənələr, folklor, mənəviyyat kimi milli dəyərləri bizə aşılayan əvəzolunmaz ilk məktəbdir.

 Azərbaycan ailəsi Vətənin qorunması üçün üzərinə düşən missiyanı 

layiqincə yerinə yetirmişdir

Vətən hamımız üçün əzizdir, müqəddəsdir. Heç şübhəsiz ki, tarixin insan üçün ən acı hökmü onu Vətəndən ayrı salması, didərgin etməsidir. Elə xalqımıza məxsus bir sıra atalar sözləri, bayatılar da bunu təcəssüm etdirir. “Vətənsiz olan kəfənsiz qalar”, “Vətənə gəldim, imana gəldim” və yaxud:

Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.

“Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” kimi folklor nümunələrindəki vətənpərvərlik cizgiləri ulu babalarımız, soykökümüz üçün Vətənin, el-obanın nə qədər önəm daşıdığından xəbər verir. Tariximizə nəzər salsaq, görərik ki, Azərbaycan ailəsi hər zaman Vətənin qorunması, bütövlüyü üçün öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirmişdir. Övladların Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Şanlı tariximizin Cavanşir, Babək, Şah İsmayıl Xətai, Koroğlu kimi əfsanəvi qəhrəmanları, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli və onlarla ruhu Vətən eşqilə pərvazlanan şair və yazıçıları, incəsənət və ictimai xadimləri Azərbaycan ailəsinin boya-başa çatdırdığı, ərsəyə gətirdiyi Vətən övladlarıdır. Bu gün də ailələr keçmişdən gələn ənənələri yaşatmalı, insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik amalı yaradan, apardığı mübarizədə onda inamını gücləndirən vətənpərvərlik hisslərini uşaqlara daim aşılamalıdır.

Böyüyünü tanımayan qibləsini də tanımaz

Ağsaqqal, ağbirçək evin bəzəyidir. Onlara hörmət dədə-babalarımızdan bizə miras qalmış xəzinədir. Bu xəzinənin qorunması isə bilavasitə ailələrimizdən asılıdır. Milli mentalitet dediyimiz əxlaqımızın, həyat normamızın ana xətlərindən biri də ailə üzvlərinin böyüyün, ağsaqqalın qarşısında öz vəzifəsini sonuna qədər yerinə yetirməsidir. Əlbəttə, böyüyə göstərilən hörmət və ehtiram, qayğı elə özümüzə verdiyimiz dəyərdir. Sevindirici haldır ki, Azərbaycan ailəsində hələ qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli və müdrik adamlar hesab olunmuş, onlara hörmətlə yanaşılmışdır. Ağsaqqal sözü, öyüd-nəsihəti ailədə, el-obada keçərli olmuş, həmişə xeyir-dua kimi qəbul edilmişdir. Oğul evləndirərkən, qız ərə verərkən onların məsləhətinə ehtiyac duyulmuş, razılıqları alınmış, bütün məclislərdə yuxarı başda əyləşərək öz tövsiyələrini vermişlər. Ailədə böyüklərin ayağına qalxmaq, tapşırıqlarına dərhal əməl etmək milli dəyərlərimizin bir hissəsi olmuşdur. Hətta el arasında belə məsəllər də yaranmışdır ki, “böyük sözünə baxmayan baxımsız qalar”, “böyüyün üzünə ağ olanı torpaq götürməz”.
Şair demişkən:
Sədaqət, dəyanət, düzlük, ədalət,
Etibar, kişilik, böyüyə hörmət,
Ulu babalardan qalmışdır bizə,
Gəlin bir də baxaq keçmişimizə.

Qonaqpərvərlik ailələrimizə xas olan dəyərli keyfiyyətlərdəndir

Milli dəyərlərimizdən biri olan qonaqpərvərlik, qonaqla bağlı ibrətamiz, yaşarlı adət və ənənələr əsrləri, qərinələri keçərək azərbaycanlıları dünyanın qonaqpərvər xalqı kimi şöhrətləndirmişdir. Ulu çağlardan xoş niyyətlə, təmiz qəlblə yurdumuza pənah gətirənləri, dostu-tanışı, qonağı duz-çörəklə qarşılamış, süfrəmizin başında onlara yer vermiş, çörəyimizi tən bölmüşük. Sözsüz ki, qonağın qarşılanması, ona hörmət bəslənilməsi, yola salınması kimi adətlərin qorunub saxlanılmasında ailənin rolu böyükdür. Qonağın gəlişi bayram olar, yola salınması həyəcanlı, kədərli. Gedənə uğur dilənər, arxasınca su atılar, yoluna azuqə qoyular, hədiyyələr bağışlanar. Adət-ənənələrə görə “Qonaq Tanrı adamıdır” və ya “Qonaq Tanrı amanında” deyib qapını döyənlərin kim olması qətiyyən soruşulmur, ağsaqqallar, ağbirçəklər qonağın ruzisi dalınca gələr, “qonaq evin gülüdür”, – deyirlər. Hətta qonaq “Tanrı qonağıyam, qapınıza pənah gətirmişəm” deyəndə, “Tanrıya da qurban olum, onun qonağına da” cavabını verərlər. Leksikonumuzda “qonaq otağı” söz birləşməsinin işlədilməsi də təsadüfdən yaranmayıb, xalqımızın qonaqpərvər olmasının bir ifadəsidir. Belə ki, adət-ənənəyə görə evin təmtəraqlı otağı qonaq üçün ayrılır, həmişə təmiz, səliqəli saxlanılır.
1300 ildən artıq tarixi özündə əks etdirən, milli varlığımızın tarixi-ədəbi ensiklopediyası sayılan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan oğuz ailələrinin yüksək əxlaqi meyarı olan qonaqpərvərlik daha dolğun şəkildə üzə çıxır. Qonağa yaxşı, mehriban münasibət, qonaqpərvərlik göstərilməsi ailənin əsas xüsusiyyətlərindən biri olduğu göstərilir. Dastanda oğuz elinin başçısı Bayandur xanın ildə bir dəfə böyük şadlıq məclisi qurub qonaqlıq etməsi, el-obanı bir yerə toplaması qonaqpərvərlik adətinin çalarlarının zənginliyini təcəssüm etdirir.
Babalarımızın həyat prinsiplərindən biri də qonaq kimi qapıdan girən adamın, hətta düşmən olsa belə, qapıdan çıxanadək əziz sayılması idi. Elə buna görə də yurdumuza hər gəlib-gedən azərbaycanlıları sözünün üstündə duran, xeyirxah, qonaqpərvər insanlar kimi təsvir etmişdir. Fransız səyyahı Aleksandr Düma “Qafqaz səfəri” adlı əsərində azərbaycanlıların qonaqpərvərliyindən bəhs edərək yazmışdır: “Bivaxt, gecənin bir aləmində gəlməyimizə baxmayaraq, bizə hər cür qayğıkeşlik və qonaqpərvərlik göstərildi”. XVII əsr türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, Azərbaycanda qonaqları qarşılamaq üçün mehmandar vəzifəsi olmuş və hətta keçmişdə səyyahların gecələmələri məqsədilə dağlarda evlər tikilmişdir. Göründüyü kimi, hələ qədim zamanlardan xalqımız qonağı dərin hörmət və ehtiramla qarşılamış, layiqincə yola salmağı özünə borc bilmiş, şərəf saymışdır.

Adət qanun deyil, amma qanun qədər hökmü var

Adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin, tarixi kökə malik olmasından xəbər verir. Heç şübhəsiz ki, adət-ənənələrimizin varislik yükünü ailələrimiz əsrlər boyu daşımış və bu gün də daşımaqdadır. Xalqımızın toy, yas, bayram adət-ənənələri sevincin carçısı, kədərin təsəllisi, insanda əməksevərliyin, xeyirxahlığın yaradıcısı olmuşdur.
Azərbaycan xalqının adət-ənənələrindən biri olan toy mərasimi başqa xalqların toy mərasimlərindən fərqliliyi, gözəlliyi ilə hər kəsi heyran edir. Həyatımızda çox önəmli olan bu mərasim ömürboyu xoş xatirələrlə yaddaşımızda qalır. Toylar ailənin ilk təməli, mənəvi həyatımızın xoş əhval-ruhiyyələrlə dolu anıdır. Çünki toylar əvvəldən axıra qədər bədii sözlərlə, musiqi və mahnılarla, xalq rəqsləri və tamaşaları ilə müşayiət olunur. Qız bəyənmə, xəbər göndərmə, kiçik elçilik ilk etapda həyata keçirilən adətlərdir. İnanclara və adətə görə, elçiliyə gecə getməzlər və elçilərin qarşısına qoyulan çay içilməz. Elçilikdə deyirlər: “Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar”, “Qız yükü, duz yükü”. Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”. “Bir qızla, anası ilə, yaxın qohum-əqrəba ilə məsləhətləşim, sonra qəti fikrimizi sizə bildirərik”, – deyir. Böyük nişan, xonça gətirmə, bayramlıq, danışığagəlmə, cehiz aparma, çörək bişirdi, paltarbiçdi, xınayaxdı, kəbinkəsdirmə, qız toyu, gəlin aparma, oğlan toyu, qonaq çağırma kimi adətlərimiz, xüsusi emosionallıqla deyilən nəğmələr, bəyi və gəlini tərif edən mahnılar toylara bədii-estetik təravət gətirir. Keçmişdə toyda gücün, əzəmətin, çevikliyin nümayiş etdirilməsi də xüsusi yer tutmuşdur. Ər oğlanlar at çapıb, qılınc oynatmış, bir-biri ilə qurşaq tutmuş, qızlar oğlanlarla birgə “Yallı” oynamışlar. Bu ənənə qızlar və oğlanlar üçün seçmək imkanları yaratmışdır. Çox zaman gənc­lər ailə quracağı şəxsə toylarda rast gəlmiş, toylar növbəti toyların başlanğıcına çevrilmişdir.
İnsan cəmiyyəti sevinclə yanaşı, kədəri də yaşamağa məhkumdur. Hər bir doğulanın ölüm anı da vardır. Bu dünyadan gedən insanlar üçün yas mərasimlərindəki adət-ənənələr əsrlərdir, ailələrdə qorunub saxlanılmışdır. Belə ki, insanın kədər hissini ifadə edən yas nəğmələri, ağılar, bayatılar yaranmışdır. Bir sıra dastanlarımızda da qədim yas mərasimlərinin adət-ənənələri haqqında geniş məlumatlar vardır. Məsələn, “Qaraoğlu” dastanında deyilir: “…İndi yeri, xan dədəmi hayla gəlsin. Mən ölürəm, qopuz çalsın, ağı desin”. Dədəm gəldi, qopuz çaldı, ağı dedi. Qaraqoyun Qaralını göz yaşıynan götürdülər, ağı deyib, son mənzilə ötürdülər”.

Mənəviyyat xalqın baş ucalığıdır

Ailə üzvlərinin qarşılıqlı məhəbbəti, bir-birini anlaması, səmimiyyət, valideynlər və uşaqlar arasında qarşılıqlı ehtiram və anlaşma, eləcə də ata-anaların öz oğul və qızlarının xoşbəxt gələcəyi, uğurları naminə çalışmaları, uşaqların öz valideynlərinə hörməti və onların nüfuzunu qorumaları mənəviyyatımızın əsaslarını təşkil edir. Həmrəy olmaq, bir-birimizə yardım etmək, sevincimizi paylaşıb çoxaltmaq, kədərimizi paylaşıb azaltmaq da xalqımızın mənəviyyatına xas xüsusiyyətdir. Mənəvi aləmimizin qorunmasında ulularımızın geyim tərzi, milli mətbəximiz, folklor nümunələrimiz də mühüm rol oynamışdır. Çoxəsrlik tariximizə nəzər salsaq, görərik ki, xalqımıza məxsus ideal geyim forması olmuşdur. Rəng əlvanlığı, biçim tərzi və tikiş üslubunun fərqliliyi, eləcə də tip və formaların müxtəlifliyi ilə seçilən ənənəvi geyimlərimiz qadınlarımıza, kişilərimizə xüsusi gözəllik vermiş, onlarda ismət, qeyrət, mərdlik görkəmi yaratmışdır.
Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan milli mətbəximiz mənəvi aləmimizin gözəlliyinin, saflığının təcəssümüdür. Çeşidliliyinin zənginliyi ilə digər xalqların geyimindən, mətbəxindən fərqlənən bu milli xəzinələrimiz diyarımıza gəlib-gedənləri heyran etmişdir.
Bu gün cəmiyyətimizdə hər kəsin istədiyi geyimi geymək, həyat tərzini seçmək haqqı vardır. Bəşəriyyətin sürətli inkişaf qatarından da geri qalmamaq həyati əhəmiyyətli məsələdir. Lakin bu, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli dəyərləri itirmək hesabına olmamalıdır.
Sevindirici haldır ki, xalqımızın ailə modelində mürəkkəb ailə tipi üstünlük təşkil edir. Bunun isə üstün cəhəti odur ki, ailədə uşaqlar təkcə valideynlərindən deyil, eyni zamanda baba və nənələrindən tərbiyə alıb, onların əhatəsində böyüyürlər. Bu da holavar, oxşama, layla, bayatı, qaravəlli, atalar sözü, məsəllər, qoşma, tapmaca, nağıl, əfsanə, dastan kimi folklor nümunələrimizin yeni nəslə ötürülməsinə imkan yaradır.
Azərbaycan ailəsində anaların, nənələrin beşik başında dediyi laylalar uşaq ikən hər birimizin mənəviyyatının zənginləşməsinə öz təsirini göstərib:

Layla beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla!

... Bu da Azərbaycan ailəsini başqa xalqların ailələrindən fərqləndirən ən başlıca­ məziyyətdir.

Milli dəyərlər – milli kimliyimiz

Qeyd olunanlardan məlum olur ki, uzaq keçmişimizdən bu günümüzə ayna tutan ailə xalqımızın keçmiş mədəni irsinin əbədi qoruyucusuna çevrilmiş, milli dəyərlərimizin yaddaşlardan silinməsinin qarşısını ala bilmişdir. Muxtar respublikamızda milli dəyərlərə qayğı ailələrimizdə bu ənənəni davam etdirməyə yeni nəfəs verir. Xüsusilə milli dəyərləri qorumaq və yaşatmaq dalğası ağbirçək anaların, ağsaqqal ataların yaddaşındakı arxivləri açıb-tökərək yeni nəslə milli düşüncə, milli əqidə, milli amal ərməğan edir.
“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamı, 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilməsi, “Naxçıvan milli geyimləri”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, “Naxçıvan xalçaçıları”, “Müasir Naxçıvan sənətkarları” kitablarının nəfis tərtibatla nəşr olunması milli dəyərlərimizin qorunmasına xidmət edir. Bundan əlavə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar” festivallarının keçirilməsi gənc ailələrə el sənəti nümunələrinin, milli mətbəxin, adət-ənənələrin aşılanmasına xidmət edir. Bununla da, əmin oluruq ki, muxtar respublikada milli dəyərlərimizin qorunması ilə bağlı həyata keçirilən tədbirlər məqsədli və ünvanlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Biz bu gün milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub-yaşatmaqla, xalq yaradıcılığı sahələrinə yeni həyat verməklə, əslində, milli kimliyimizi qoruyuruq”.

Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR