23 Dekabr 2024, Bazar ertəsi

Cəmiyyəti formalaşdıran, inkişaf etdirən əsas amillərdən biri də təhsildir. Güclü ideyaların insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən təhsilə, təlim-tərbiyə prosesinə tətbiqi müasir cəmiyyətin xarakterik xüsusiyyətlərindəndir. Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin başlıca məqsədi də təhsil alanları sağlamdüşüncəli, yüksək bilikli şəxsiyyət və vətəndaş kimi formalaşdırmaq, kamil insan tərbiyə etməkdir. Muxtar respublikamızda hər bir sahədə olduğu kimi, təhsilin inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sırada xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə göstərilən diqqət ayrıca qeyd olunmalıdır.

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş və icrası uğurla başa çatdırılmış “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı” uşaqların cəmiyyətə inteqrasiya olunması və təhsil almaları üçün əlverişli mühit yaratmışdır. Bu qəbildən olan uşaqlarla bağlı aparılan işin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara qayğının davamlı xarakter aldığının göstəricisidir. Proqramın qəbul edilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarını təmin etmək, onları tam və bərabərhüquqlu şəxsiyyət kimi formalaşdırmaqla özünə inam hissi yaratmaq, tədris prosesində müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq, bu sahə üzrə müvafiq pedaqoji kadrlar hazırlamaqdan ibarətdir. Proqramın icrasını həyata keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Komissiya sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranmış çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət edilməsi məqsədilə muxtar respublikanın məktəbəqədər, ümumtəhsil, tam orta, məktəbdənkənar təhsil müəssisələrində, uşaq musiqi məktəblərində, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində monitorinqlər aparmışdır. Monitorinqlər zamanı bu qəbildən olan uşaqlarla fərdi qaydada söhbətlər təşkil edilmiş, Naxçıvan Müəllimlər İnstitutu tərəfindən hazır­lanmış “Xüsusi qayğıya ehtiyacı olan şagird haqqında məlumat kitabçası”nın işlənmə qaydası yoxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən, lakin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 22 nəfər sağlamlıq imkanları məhdud uşaqların tədrisə cəlb olunması məqsədilə Distant Tədris Mərkəzi yaradılmışdır. Eyni zamanda Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində nitq problemi olan uşaqlar üçün defektoloji bölmə, kinetik və əmək terapiyası, audio və elektron kitabxana xidmətləri fəaliyyətə başlamış, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 5 nəfər görmə qabiliyyəti məhdud olan şəxslərə brayl kurslar təşkil edilmişdir.
Mart ayının 29-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə seminar keçirilmişdir. Seminara muxtar respublikanın ümumtəhsil məktəblərinin psixoloqları cəlb edilmiş, onlara bu qəbildən olan uşaqlarla bağlı görülən işlərə nəzarətin artırılması məqsədilə tövsiyələr verilmişdir. Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq qabiliyyətinin artırılması üçün müvafiq tədbirlərin görülməsi, onların meyil və maraqlarını nəzərə alaraq musiqi, idman, şahmat məktəblərinə cəlb edilməsi, yuxarı sinif şagirdlərinin peşə maraqlarına uyğun olaraq peşə təhsilinə yönləndirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Müəllimlər İnstitutunun müəllim-psixoloqları tərəfindən muxtar respublikanın bütün rayonlarında seminarlar keçirilmiş, ibtidai sinif müəllimləri və psixoloqlarla maarifləndirici söhbətlər aparılmışdır.
Eyni zamanda bu qəbildən olan uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə məktəblərdə valideyn, şagird və müəllimlər arasında maarifləndirici tədbirlər həyata keçirilmişdir. Belə ki, cari ildə komissiya tərəfindən proqramın icrasına uyğun olaraq Şərur rayonunun Xanlıqlar, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Keçili, Culfa rayonunun Yaycı kənd 1 nömrəli, Babək rayonunun Nehrəm kənd 2 nömrəli, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəblərində valideynlərlə maarifləndirici söhbətlər aparılmış, bu qəbildən olan uşaqlarla təlim-tərbiyə prosesinin təşkilinə, onlarla ünsiyyət qurma bacarıqlarının formalaşdırılmasına dair məsləhətlər verilmiş, valideynləri maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində cari il mart ayının 18-də “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda müşavirə keçirilmişdir. Həmin müşavirədə verilən tapşırıqlara uyğun olaraq, aprel ayının 2-dən iyun ayının 5-dək muxtar respublikanın ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticə göstərən, aztəminatlı ailələrin və sağlamlıq imkanları məhdud uşaqların Ağbulaq İstirahət Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Bu layihənin reallaşdırılması sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikamızın füsunkar və zəngin təbiətə malik olan bölgələrini daha yaxından tanımalarına, asudə vaxtlarının səmərəli təşkil edilməsinə, “Nuh yurdu” intellektual oyunun keçirilməsi şagirdlərin inkişafına, müxtəlif idman yarışlarına cəlb edilmələri onların sağlam ruhda böyüməsinə, Vətənimizin tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən filmlərin nümayiş etdirilməsi bu qəbildən olan uşaqların ümumi dünyagörüşünün formalaşmasına öz müsbət təsirini göstərir.
Proqramın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində sağlamlıq imkanları məhdud uşaqların elektron məlumat bazası yaradılmışdır. Bu qəbildən olan uşaqların ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilməsi, onlar üçün əlverişli təhsil mühitinin yaradılması Təhsil Nazirliyinin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

Kamal FƏRƏCOV
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin aparıcı məsləhətçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR