Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir.
Mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 45 üzvü olub.
İdmançıları Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. İdmançılar əvvəlcə Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olublar və onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Daha sonra vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib. İstirahətin ilk günündə şahmat və dama kimi zehni idman növləri üzrə yarışlar da təşkil edilib.
İkinci gün idmançılar mərkəzin stadionunda mini-futbol qarşılaşmasında qüvvələrini sınayıblar. Sonra isə onlar üçün tamaşa göstərilib. Nahar yeməyindən sonra federasiya üzvlərinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Mərkəzdə istirahət edən məşqçilər və idmançılar burada keçirdikləri ikigünlük istirahətdən razı qalıblar. Federasiyanın idmançıları Aydan Əliyeva, Elsəvər Osmanlı bizimlə söhbətlərində bildirdilər ki, belə istirahətlər idmançılara əlavə güc verir. Onlar yaradılan bu şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildirdilər.
Federasiyanın üzvü Kəmalə Əliyeva vurğuladı ki, mərkəzdə istirahət onların qarşıdakı yarışlara hazırlığına müsbət təsir göstərəcək.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilib.
Ceyhun Məmmədov