23 Dekabr 2024, Bazar ertəsi

İyulun 21-də Şahbuz şəhərində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.
Sərginin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək bildirib ki, muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da qadınlar yüksək dövlət qayğısı əhatəsindədirlər. Təsadüfi deyil ki, rayonda yaşayan qadınların çoxu dövlət qulluğunda, özünüidarəetmə orqanlarında fəaliyyət göstərir. Sözsüz ki, ictimaiyyətçi və vəzifəli qadınlarla yanaşı, istedadlı qadınlar da çoxdur. Onların üzə çıxarılması istiqamətində müəyyən tədbirlər görülür. Elə bunun nəticəsidir ki, həmin qadınlar əl işləri, sənət nümunələri ilə muxtar respublikada keçirilən müxtəlif istiqamətli tədbirlərdə fərqlənirlər. Qeyd etmək lazımdır ki, istedadlı qadınlar milli dəyərlərimizin yaşadılmasına öz töhfələrini verirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaratmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara da xüsusi diqqət göstərilir. Bu mənada, xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumların qarşılıqlı fəaliyyəti həyata keçirilir. Qadınların, o cümlədən istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah halının yüksəldilməsi üçün əl işlərinin satışı təşkil olunur.
Vurğulanıb ki, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi nəzərdə tutulub. Bu gün Şahbuz rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd bu rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaqdır. Həmçinin yüz illərdən bəri ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin həyat tərzimizi yaşatmaqdır.
İstedadlı qadınlardan Turanə Baxşəliyeva çıxışında deyib ki, muxtar respublikada yaradılan şəraitdən, bu sahəyə göstərilən dövlət qayğısından mən də yararlanmağa çalışıram. Hazır­da Şahbuz şəhərindəki uşaq bağçasında işləyirəm. Asudə vaxtlarımda müxtəlif məmulatlardan al-əlvan güllər hazırlayır, onları sərgilərə çıxarıram. Burada da təşkil olunan sərgi-satışda hazırladığım dekorativ iş – üzərlik toxuma, kətan üzərində muncuqla iş, müxtəlif güllər, bəzək əşyalarım sərgilənir.
Sərgi-satışda rayon üzrə 65 istedadlı qadının 500-dən artıq rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. İstedadlı qadınlardan Elnarə Qəmbərova, Reyhanə Rəhimova və başqaları qadınlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sərgi-satış 3 gün davam edəcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR