Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı ilin birinci yarısında verilən tapşırıqların icrasını diqqət mərkəzində saxlamış, işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və tibbi reabilitasiyası istiqamətində tədbirlər davam etdirilmişdir. İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 1203 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər kvota yerlərinə göndərilmişdir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq peşə kursları təşkil olunmuş, ötən 6 ayda müvafiq peşə kurslarına 164 nəfər cəlb edilmişdir. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işə də diqqət artırılmış, 11 xalçatoxuyanla əmək müqaviləsi bağlanmış, onlar lazımi avadanlıq, alət və materiallarla təmin edilmişlər. Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqqının reallığı əks etdirməsi ilə bağlı 336 obyektdə yoxlama aparılmışdır.
Bu dövrdə Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 159 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 176 uşağın müalicəsi təşkil edilmiş, məhdud fiziki imkanlı 6 nəfər müalicə olunmaları üçün Türkiyə Respublikasına göndərilmişdir. Həmçinin 132 nəfərə sanatoriya və pansionatlara göndəriş verilmiş, 148 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Qeyd olunan dövrdə 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər təqdim edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və təhsilə cəlbi istiqamətində də işlər davam etdirilmiş, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində tərtib olunmuş qrafik əsasında distant dərslər keçilmiş, sağlamlıq imkanları məhdud 196 uşağın iştirakı ilə məşğələlər təşkil olunmuşdur. Hazırda Distant Tədris Mərkəzində 22 uşaq təhsil alır. Bundan başqa, aztəminatlı ailələrin və sağlamlıq imkanları məhdud, ümumilikdə, 90 məktəbli uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti