23 Dekabr 2024, Bazar ertəsi

   El sənəti: dəmirçilik

Qədim el sənəti kimi formalaşaraq günümüzədək gəlib çatan dəmirçilik mühüm əhəmiyyətə malik olan, Daş dövründən sonra meydana gəlmiş bir peşədir. Dəmirçilərin hazırladığı qılınclar, qalxanlar və sair kimi əşyalara bu gün biz ancaq muzeylərdə rast gəlirik. Dəmir məişət əşyalarının indiki dövrün məişət avadanlığından daha möhkəm, davamlı olduğunu görürük. Amma çox təəssüf ki, artıq bu peşə sahəsi unudulmaq üzrədir.

Dəmirçi bu qədim el və xalq sənətini qoruyub bu günümüzə gətirən, zindan üzərində qolunun gücünə dəmiri, necə deyərlər, mum kimi yumşaldaraq müxtəlif formalara salan, ağır fiziki əmək sərf edən sənət sahibidir. Dəmirçi xammalı əridərək qəlibə tökür. Əlbəttə, metalın əridilərək müxtəlif detallara çevrilməsi yalnız bu yolla mümkün deyil. Sənayedə dəmirçiliyin inkişafı sayəsində müxtəlifformalı detallar hazır­lanır ki, bu da xüsusi formalı ştamplar vasitəsilə metalların emalı deməkdir. Bunlardan savayı, dəmirçilər əridilərək soyudulmuş metalları dartmaq, burmaq, döymək və naxışlamaq kimi böyük fiziki güc tələb edən işləri də görürlər. Ona görə də onları pəhləvanlarla müqayisə etmək mümkündür.
Dəmirçilərin əmək alətləri də digər peşələrdə istifadə olunanlardan sadə­liyinə görə fərqlənir: çəkiclər (böyük çəkic 2-16 kiloqram, əl çəkicləri 0,5-2 kiloqram ağırlığında), zindanlar (buynuzsuz, bir və ya ikibuynuzlu), kəlbətinlər və sair. Bunlardan öncə dəmirçinin əsas işini körük və daş kömürlə (son vaxtlar maye qazla) işləyən açıq soba görür. Onu da qeyd etməliyik ki, dəmirçilərin mexaniki çəkicləri (oynaq, qayış, buxar, pnevmatik və hidravlik) də olur. Bu çəkiclər son dövrlər istifadə olunan əmək alətləridir.

Qədim sənət növü olan dəmirçiliyi bu gün də yaşadan varmı? Bu suala cavab tapmaq üçün çox soraqlaşdıq. Elə soraqlaşa-soraqlaşa da gedib çıxdıq Ordubada. Özünün əsrarəngiz gözəllikləri ilə gözoxşayan Ordubad təkrarsız milli koloriti, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin mətbəx mədəniyyəti ilə seçilir və bu gün də bura gələn qonaqları heyran edir. Ordubadın şəhər həyatı ilə birgə yaranan sənət sahələrinin xeyli hissəsi yaxın keçmişədək davam etməkdə idi. Bir vaxtlar dəmirçilik, nalbəndlik, misgərlik, qalayçılıq, zərgərlik, dulusçuluq, papaqçılıq, başmaqçılıq, dərzilik, xalçaçılıq, boyaqçılıq, xarratlıq, şəbəkəçilik, şirniyyatçılıq kimi istehsal sahələri Ordubadın sənət məbədinin sütunlarını təşkil edib.
Bilirdik ki, bu qədim torpaqda mütləq dəmirçilik sənətini yaşadan usta vardır. Ordubaddakı tanışların köməyi ilə dəmirçi Rafiq Mahmudovla görüşdük. Sənətkar dəhrə düzəltməklə məşğul idi. Alnının tərini silə-silə bizi gülərüzlə qarşıladı. Sənəti haqqında məhəbbətlə danışmağa, suallarımızı cavablandırmağa çalışdı:
– Necə oldu ki, məhz bu peşəni seçdiniz?
– Mən 14 yaşımdan bu sənətlə məşğul oluram. Ailəmizdə altıncı adamam ki, bu peşəni davam etdirirəm. 31 ildir, çörəyim bu sənətdən çıxır. Mən sənətimlə özümü var hesab edirəm. Bu peşəylə məşğul olmaq məni başqa dünyada yaşadır. Məncə, bu hiss dəmirçilik peşəsini sevməyimlə və müqəddəs əmanət kimi atamdan ərməğan almağımla bağlıdır. Bu sənət mənə baba yadigarıdır, ata mirasıdır.
– Hər hansı bir əşyanın hazırlanması üçün ilkin olaraq hansı işlər görülür?
– Filiz parçaları kömürlə birlikdə kürənin odluğuna qoyulur. Qoşa körük vasitəsilə yaradılan yüksək temperatur filizi əridir. Kürənin odluğundakı qaynar metal kütləsindən ərinti zamanı əmələ gələn pas isə kəfkir vasitəsilə çıxarılır, təmizlənir. Əlbəttə, sırf dəmir əldə etmək üçün bu, kifayət etmir. Odur ki, ərintini saf dəmir halına gələnədək onu zindan üzərində döymək lazımdır.
– Bəs sonra?
– Sonra aldığın sifarişi yerinə yetirmək üçün mümkün variantların zövqə uyğun hazırlanması başlanır ki, bu, çox çətin prosesdir və xeyli vaxt aparır. İşin çox vaxt aparması həm də keyfiyyətli iş görməklə bağlıdır.
– İndi dəmirçilik peşəsini öyrənmək istəyənlər varmı?
– Hal-hazırda dəmirçilik etmək istəyənlərin sayı həddindən artıq azdır. Halbuki əvvəllər dəmirçilik hər regionda əhəmiyyətli yer tuturdu. Bizim hazırladığımız avadanlıqlar hələ də bir çox evdə işlədilməkdədir. Dəmirçilik peşəsini öyrənmək istəyənlərə həmişə kömək etməyə hazırıq.
– Sifarişləriniz olurmu?
– İndi ən çox kənd təsərrüfatı alətlərinə tələbat var. Qazma, dəhrə, bel və sair. Camaat dəmirçinin düzəltdiyi alətlərə üstünlük verir. Çünki belə alətlər həm ucuz, həm də keyfiyyətlidir. Əvvəllər bir çox məmulatları hazırlayırdıq. Buna ölkəmizin digər regionlarında çox da müşahidə olunmayan qapı cəftələri, taqqılbab və zəncirbablar daxildir.
Qeyd edək ki, Mahmudovların hazırladığı məhsulların üzərində onlara məxsus fərqlənmə möhürü də var. Yüz ildir ki, bu möhür hər sifariş bitəndən sonra onun üzərinə həkk edilir. İnsanlar zəhmətkeş dəmirçinin əl qabiliyyətinə yaxşı bələd olduqları üçün ona nal, külüng, bel və sair kimi əşyaların hazırlanmasını da sifariş verirlər. Ordubadın qədim qapılarında və bir sıra qədim obyektlərdə dəmirçi əl işlərinə rast gəlinir. Rafiq ustanın qeyd etdiyi kimi qapılardakı cəftələr öz möhkəmliyi ilə seçilir. Ordubadın qədim məhəllələrində evlərin qapıları hələ də qorunub saxlanılır və bu qapılarda qədimdən bəri maraqlı dəmir bəzəklər yer alır. Taqqıl­bab və zəncirbab bunlara misal ola bilər ki, buna indi də qapıların bir çoxunun üzərində rast gəlinir. Taqqılbabı döyəndə kişilər, zəncirbabı döyəndə qadınlar qapıya gəlirlər.
Ustanın vaxtını almamaq üçün onunla vidalaşırıq. Rafiq usta kürə üstündəki dəmiri döyməyə hazırlaşır. Axı “dəmiri isti-isti döyərlər”.
Dövr inkişaf etdikcə digər sahələr kimi, peşə sahələrində də çox böyük irəliləyişlər baş veribdir. Bununla belə texnologiyanın inkişafı müəyyən sahələrin unudulmasına səbəb olubdur. Müasir dövrümüzdə artıq, demək olar ki, bu gün əl əməyindən istifadə olunmur, əsasən texnikalardan daha çox istifadə edirlər. Ancaq həmin sənətləri də unutmaq olmaz. Necə ki başqa sənət sahələri ilə birlikdə bəzilərimiz kitab oxuyuruq, rəsm çəkirik, ağac oyuruq, tikmə sənətinə maraq duyuruq və bunu hobbi kimi edirik. Qədim sənət növlərinə də maraq duyanlar bunu hobbi kimi edə bilər, beləliklə, onlar bu sənət növünün də yaşadılmasına xidmət etmiş olarlar.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR