Gündən-günə gözəlləşən muxtar respublikamızda yeni salınmış meşə zolaqları hər tərəfi bəzəyir. Meşələr onunla təmasda olan insanları baharda əlvan çiçəklərin ətri, yayda əsrarəngiz təbiəti, payızda zəngin rənglər ümmanı, qışda sirli dünyası ilə məftun edir. İnsanların həyat fəaliyyətində, onların sağlamlığında mühüm rol oynayan meşələrin də daim qayğıya ehtiyacı vardır.
Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu əvəzsiz nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin məhv olmasının əsas səbəblərindən biri də onun yanğınlara məruz qalmasıdır. Məhz buna görə insanların həyat fəaliyyətində mühüm rol oynayan meşələri yanğından qorumaq üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir.
Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə mühafizə mühəndisləri yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalıdırlar.
Meşə sahələrində baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmasından baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı kimi yanar mayelər bulaşmış materialları atmaq olmaz. Şüşə qabları, şüşə qırıntılarını da meşələrin ərazisinə atmaq qadağandır. Günəş şüasından təsirlənən şüşə qablar yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaretin çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi təmin edilməli, ərazidə yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin olunmalıdır.
Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, ölkəmizin iqtisadiyyatının inkişafına və vətəndaşlarımızın sağlamlığına xidmət etmiş olur.
Əgər meşə və meşəətrafı sahələrdə hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rayon (şəhər) Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” nömrəli xidməti telefonlarına zəng etməyi unutmayın.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı