Fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların informasiya texnologiyalarının imkanlarından istifadəsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Ölkəmizdə məhdud fiziki imkanlılar üçün Regional İnformasiya mərkəzlərinin yaradılması buna əyani misaldır. Belə tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində iki yeni xidmət istifadəyə verilib. Bunun üçün mərkəzdə server avadanlığı, çağrı mərkəzi, operator işçi yeri qurulub və müvafiq proqram təminatları hazırlanıb. Yeni xidmətlərdən biri görmə qabiliyyəti məhdud olanlar üçün audio kitabxana, digəri isə eşitmə məhdudiyyəti olanlar üçün elektron kitabxanadır. Qeyd edək ki, məhdud fiziki imkanlılar üçün bu cür xidmətlər Azərbaycan Respublikasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında təşkil edilib.
Muxtar respublikada yaşayan görmə qabiliyyəti məhdud insanlar “258” nömrəli telefona zəng etməklə Naxçıvan Regional İnformasiya Mərkəzinin kitabxanasında olan audiokitabları dinləyə biləcəklər. “258” nömrəli telefon xidməti 24 saat bu qəbildən olan insanların xidmətində olacaq. İş günləri saat 900-dan 1800-ə qədər mərkəzin operatoru, digər vaxtlarda isə sistem avtomatik xidmət göstərəcək. Zəng etmiş istifadəçiyə audiokitablar haqqında anons verilir və telefonun düymələri vasitəsilə istəyə uyğun audiokitab seçilərək dinlənilir. Audiokitab bölmələrinə Azərbaycan poeziyası, Azərbaycan şifahi xalq ədəbiyyatı, müasir Azərbaycan ədəbiyyatı, klassik Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, dini ədəbiyyat, elmi-kütləvi əsərlər daxildir.
Bu xidmətdən yalnız mərkəzdə qeydiyyatda olan görmə qabiliyyəti məhdud insanlar istifadə edə biləcəklər. Digər nömrələrdən zəng edilməsi məhdudlaşdırılıb. Xidmətdən eyni anda 30 nəfər istifadə edə biləcək.
Hazırda mərkəzin serverində 108 auidokitab, 246 elektron kitab vardır. Mərkəzdə fəaliyyət göstərən səsyazma studiyasına işə cəlb edilmiş fiziki imkanları məhdud şəxslərin fərdi qabiliyyətlərindən istifadə olunaraq yeni audiomateriallar hazırlanıb serverdə yerləşdirilir. Elektron kitabxana isə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və Naxçıvanşünaslıq Mərkəzinin elektron kitab fondu hesabına zənginləşdirilir.
Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti