23 Dekabr 2024, Bazar ertəsi

...Deyir, atlara böyük marağım olub. Türkiyə Respublikasında bu sahə üzrə təlim görmüşəm, bir neçə il çalışıb təcrübə əldə etmişəm. Elə bu atçılıq klubunda da fəaliyyətimiz muxtar respublikada bu sahəni inkişaf etdirmək, müxtəlif cinslərdən olan atların sayını artırmaq, onları yarışlara hazırlamaqdan ibarətdir. Bunu Naxçıvan Atçılıq Klubunun təlimatçısı Urman Rəhimov deyir. 

“Yarandığı vaxtdan qısa müddət keçməsinə baxmayaraq, klubumuzun 300-dən çox üzvü var. Ata marağı olanlar çoxdur. Naxçıvana gələn turistlər də bu mərkəzə böyük maraq göstərirlər. Məsələn, dünən burada Hollandiyadan gələn qonaqlarımız var idi. Buradakı atlarla çox maraqlandılar. Qonaqlardan ata minmək arzusunda olanlar az deyildi. Klubumuzun öz qaydaları var. Məsələn, sağlamlıq imkanları məhdud uşaqlar və təhsildə fərqlənənlər üçün atlardan istifadə pulsuzdur”. Bu fikirlər isə Naxçıvan Atçılıq Klubunun direktoru Abbas Məmmədova məxsusdur.

Naxçıvan Atçılıq Klubu 2015-ci ildə yaradılsa da, bura yolum düşməmişdi. Babək rayonunun Badaşqan və Yarımca kəndlərinin arasındakı ərazidə yerləşən bu atçılıq mərkəzində gördüklərimiz bizim üçün də maraqlı oldu. Əlbəttə, muxtar respublikada ilk dəfə belə klubun yaradılması hamımızı sevindirir. Doğrudur, Naxçıvanda, ümumilikdə isə ölkə­mizdə atçılığın inkişaf etdirilməsi çox qədim dövrlərə gedib çıxır. Ancaq etiraf edək ki, sovet dövründə, eləcə də son illərədək bu sahədə inkişaf daha çox fərdiçilik üzərində qurulub, müxtəlif cinslərin yetişdirilməsi, sayının artırılması, daha geniş məqsədlər üçün istifadəsi diqqətdən kənarda qalıb. Muxtar respublikamızda ötən il yaradılmış atçılıq klubu ilə bağlı söhbətə keçməzdən əvvəl istərdik ölkəmizdə atçılığın inkişaf tarixinə, eləcə də bu sahənin perspektivli tərəflərinə ümumi bir nəzər salaq.
Əvvəlcə qeyd etmək lazımdır ki, atçılığın inkişafı Azərbaycanda çox qədim dövrlərdən başlayıb. Herodot yazırdı: “Midiyada “Nise” adlanan geniş bir vadi var ki, burada çox şahanə atlar saxlayırlar”. Arxeoloji mənbələr göstərir ki, hələ Tunc dövrünün son mərhələsində Azərbaycan ərazisində yaşayan insanlar burada atları yəhərləyib, onları özləri üçün etibarlı dost sayıblar. Alman akademik Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə I min­illiyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, tunc zınqırovlar və digər əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən, atların ən qədim əhlilləşdirmə ocaqlarından olduğunu göstərir. Vaxtilə Pənah xan, Mehdiqulu xan və Cəfərqulu xanın Qarabağ bölgəsindəki atçılıq zavodları var idi. Naxçıvanda da Kəngərli xanlarının böyük at ilxıları olub. Tarixçi alim Musa Quliyev yazır ki, Kəngərli süvarilərinin döyüş atları Batabatın allı-güllü çəmənliklərində qayğı ilə bəslənirdi və bu atların əksəriyyətini Qarabağ cinsindən olan atlar təşkil edirdi. Qarabağ atlarının məşhurluğundandır ki, böyük rus şairi Lermontov “Demon” poemasında bu atın tərifini belə verir:

Yəhərə salınmış ipəkdən naxış,
Qantarğası ondan geri qalmamış.
Köhləni altında cilov gəmirir,
Bu at Qarabağın yetirməsidir.

Cəfərqulu xan deyərmiş ki, Qarabağ atı çox qədimlərdən biz Kəngərli süvarilərinin döyüş atı olub. Onun gözəl quruluşu və möhkəm bədəni var. Atın əzələləri möhkəm və quru, dırnaqları çox möhkəmdir. Dördayaq çapmada heç bir at onlara çatmaz. Cəldliyinə görə dağda hərəkətləri yaxşıdır.
Maraqlı faktlardan biri də odur ki, keçmiş SSRİ-də atçılıq üzrə yeganə ixtisaslı kadrlar Azərbaycanda – Gəncədə yerləşən Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Aqrar Universiteti) hazırlanırmış. Lakin ötən əsrin 90-cı illərindən sonra sözügedən sahə inkişaf etdirilmədiyindən baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələnib. Bununla yanaşı, Atçılıq fakültəsi də tələbə qəbulu olmadığından bağlanıb.
...Atçılıq mərkəzində olarkən öyrəndik ki, hazırda burada müxtəlif cins­lərə məxsus atlar saxlanılır. Ərəb, ingilis, Qarabağ atları ilə yanaşı, burada yerli Naxçıvan atları da var. Təlimatçı Urman Rəhimov dedi ki, at yarışlarında, əsasən, ərəb və ingilis atlarından istifadə olunur. Ərəb atları 3 yaşından, ingilis atları isə 2 yaşından qaçmağa başlayır. İngilis atlarının təlimlərə daha tez öyrəşdiyini bildirən həmsöhbətim qeyd etdi ki, atları yetişdirmək, onları yarışa hazırlamaq xüsusi qulluq və təcrübə tələb edir. Məsələn, burada hər gün atları səhər idmanına çıxarırıq, onlara təlimlər keçirik. Sonra isə onları 2000 metr məsafədə yavaş, 20 gündən bir isə sürətli qaçışa cəlb edirik.
Klubun direktoru Abbas Məmmədov isə hazırda 45 atın saxlanıldığı mərkəzdə bütün işlərin təlimata uyğun aparıldığını bildirdi: “Heyvanlara qulluq məqsədilə burada 1 baytar həkimi, 3 mehtər və 1 təlimatçı fəaliyyət göstərir. Bundan əlavə, 3 nəfər at minən jokeyimiz var. Hansı ki bura at minmək üçün gələnləri həmin jokeylər təlimatlandırırlar. At həvəskarları ilə söhbət aparıldıqdan sonra təhlükəsizliklə bağlı təlimat kitabında qeydiyyat aparılır, ondan sonra iştirakçı meydana buraxılır və təbii ki, burada da təlimatçı və jokeylər tərəfindən ona nəzarət olunur”. Müsahibimiz söhbət zamanı maraqlı faktlara toxundu. Bildirdi ki, fəaliyyətimizdə əsas məqsədimiz muxtar respublikada atçılığı inkişaf etdirmək, bu idman növünün kütləviliyini artırmaq, müxtəlif el şənliklərində, oyun və tamaşalarda atların iştirakını təmin etmək və bununla da, milli dəyərlərimizin yaşadılmasına töhfə vermək, eləcə də bu imkanlardan turizmin inkişafı üçün yararlanmaqdır. Abbas müəllim atların insanların sağlam həyat tərzi keçirməsinə də böyük fayda verdiyini bildirdi. Dedi ki, ta qədimlərdən Şərq aləmində bir sıra xəstəliklərin müalicəsində at minmək əsas metodlardan sayılıb. Məsələn, müasir tibb aləminə də məlumdur ki, prostat xəstəliklərinin müalicəsində, böyrək və öd kisələrində olan daşların təbii üsulla salınmasında at minməyin böyük əhəmiyyəti var. Maraqlı burasıdır ki, ötən dövrdə bu xəstəliklərlə bağlı (xüsusilə böyrək və öd daşlarının salınması məqsədilə) mərkəzə 30-dan çox adam müraciət edib. Abbas müəllim qeyd etdi ki, həkim məsləhəti və göndərişi ilə bura gələn xəstələr çox qısa müddətdə bunun nəticəsini görüblər. Mahir Səfərov, Qadir Məmmədov, Əziz Əliyev kimi yerli sakinlər məhz bu prosesi keçməklə sağlamlıqlarına qovuşublar. Mərkəzdə insanların istirahəti üçün də lazımi şərait yaradılıb. Burada milli mətbəximizin müxtəlif təamlarından dadmaq, soyuq və isti içkilərdən istifadə etmək mümkündür. Son vaxtlar mövsümlə əlaqədar istirahət üçün buranı seçənlərin sayı artıb.
Mərkəzdə olarkən öyrəndik ki, atçılığın inkişaf etdirilməsində əsas məsələlərdən biri də onların sayının artırılmasıdır. Burada saxlanılan atlardan bu il 9 bala alınıb ki, onlardan 7-ni xarici cinslər təşkil edir. “Qarabağ” atlarının sayının çoxaldılması da diqqət mərkəzində saxlanılır. Yeri düşmüşkən qeyd edək ki, atçılığın inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə proqram da var. Belə ki, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 8 oktyabr tarixli qərarı ilə “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilib. Proqramda qeyd olunur ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar “Dilbaz” və “Qarabağ” atlarıdır. Habelə proqramda elmi-tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması, müvafiq kitabların buraxılması, cins atların pasportlarının, qeydiyyat formalarının, həmçinin normativ-hüquqi sənədlərin hazırlanması, genetik fondun qorunması nəzərdə tutulur. Bir çox tarixi faktlar göstərir ki, dünyada ən geniş yayılmış ərəb atlarının, təmizqanlı ingilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olub. Ən qədim dövrlərdən Azərbaycandan İrana, ərəb ölkələrinə, Rusiyaya, Avropaya xeyli sayda madyanlar və törədici ayğırlar aparılıb. Rus hərbçisi Çudovski öz xatirələrində yazır: “Bizim hərbi dəstələrimiz Zaqafqaziyada olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Zaqafqaziya yürüşlərində, habelə İran və Türkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada az tərləyir, halbuki yanaşı gedən Kabardin atı tamamilə tər içində olur”.

Bəli, xalqımızın ata olan sevgisi, qədimdən atın şərəf rəmzi kimi qəbul edilməsi, ölkəmizin əlverişli təbii-coğrafi şəraiti, idmana və qeyri-neft sektoruna diqqət və qayğının artması bu sahənin  inkişaf etdirilməsinə zəmin yaradır. Bu isə onu göstərir ki, atçılıq ənənələri hər bir xalqa məxsus olan mədəniyyət deyil. Ona görə də ölkəmizdə bir neçə minillik yaşı olan atçılıq mədəniyyətimizin və tariximizin bir hissəsidir. Əbəs yerə xalqımızın dilində “At igidin yaraşığıdır”, “At muraddır” kəlmələri yaranmayıb. Xalq qəhrəmanlarımızdan Koroğlunu, Babəki, Qaçaq Nəbini heç zaman atsız təsəvvür etməmişik. Buna görə də at həm də haqq-ədalət uğrunda savaşan bir xalqın mübarizlik simvoludur.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR