Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən təşkil olunan “Muzey günləri”nin keçirilməsi tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar hadisədir. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.
Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şahmat, Futbol və Yüngül Atletika federasiyalarının idmançıları və məşqçiləri müvafiq olaraq Naxçıvan Dövlət Tarix Muzeyini, Dövlət Bayrağı Meydanı və Muzeyini, Xatirə Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının üzvlərinə Naxçıvan Dövlət Tarix Muzeyində məlumat verilib ki, 1924-cü ildə fəaliyyətə başlayan muzeydə qədim, orta əsrlər və müasir dövrü əhatə edən 49 minə yaxın eksponat qorunub saxlanılır. 10 şöbədən ibarət olan ekspozisiyada müxtəlif tarixi dövrlərə aid məişət əşyaları və əmək alətləri, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri, eləcə də Naxçıvanın müasir inkişafını əks etdirən zəngin materiallar nümayiş etdirilir.
Futbol Federasiyasının idmançıları və məşqçiləri Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət ediblər. Ziyarətçilərə bildirilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir.
Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Xatirə Muzeyinin ziyarətçiləri olan Yüngül Atletika Federasiyasının idmançılarına isə məlumat verilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi ziyarətçilərin muzeylə daha yaxından tanış olmasına imkan yaradır.
Ceyhun Məmmədov