Xəbər verdiyimiz kimi, iyunun 29-dan muxtar respublikanın rayonlarında istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkilinə start verilib. Növbəti belə sərgi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Culfa rayonunda keçirilib.
Sərginin açılış mərasimində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək muxtar respublikada, eləcə də Culfa rayonunda qadınlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, həyata keçirilən dövlət-qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Bundan sonra da istedadlı qadınların əl işlərinin sərgi-satışı davam etdiriləcəkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, Culfa rayonunda da yaşayan qadınlar dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, muxtar respublikamızın sosial və mədəni inkişafına öz töhfələrini verirlər. Təsadüfi deyil ki, Culfa rayonu ərazisindən Azərbaycan Respublikası Milli Məclisinə 1 qadın deputat, yerli özünüidarəetmə orqanlarına 38 qadın üzv seçilib, rayonda fəaliyyət göstərən 5 təhsil müəssisəsinin, 2 mədəniyyət müəssisəsinin rəhbəri vəzifəsinə qadın təyin edilib, qadınların dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında təmsilçiliyi genişlənib. Ramilə Seyidova qeyd edib ki, bu gün Culfa rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir, ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik olan həyat tərzimizi ilmələrə, tablolara köçürmək və yaşatmaqdır.
Sonra sərgi-satışa baxış olub. Sərgi-satışda rayon üzrə 40 istedadlı qadının 250 rəsm və əl işinin satışı təşkil olunub.
İstedadlı qadınlardan Aidə İbrahimova, Kəmalə Səfərova, Nərmin Əliyeva və başqaları qadınlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sərgi-satış iki gün davam edəcəkdir.
Sara Əzimova