23 Dekabr 2024, Bazar ertəsi

Kəngərli rayonunun Şahtaxtı Kənd Mərkəzində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova açıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəmdir. Məhz elə buna görə sağlam ailələrin qurulması üçün dövlətimiz tərəfindən konkret işlər görülür. Son illər Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 18-ə qaldırılıb. Artıq ailə həyatı quranlar nikahdan əvvəl icbari olaraq tibbi müayinədən keçirilirlər. Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət müəyyən olunub. Ailəyə yönəlmiş tibbi xidmət infrastrukturunun, o cümlədən reproduktiv sağlamlığın qorunması sisteminin daha da təkmilləşdirilməsi üçün “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Qeyd olunub ki, ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsi və inkişafı ilə birbaşa bağlıdır. Bu mənada, ailə qanunvericiliyi ailələrin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edib.
Vurğulanıb ki, Azərbaycan ailəsində valideyn-övlad münasibəti milli dəyərlərimiz əsasında qurulub. Uşaqlar böyüyə hörmət, milli adət-ənənələrə ehtiram ruhunda tərbiyə olunurlar. Məhz qarşılıqlı hörmətin mövcud olduğu ailə nümunəvi hesab edilir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması xalqımızın adət-ənənələrinə xas olan keyfiyyətlərdir. Belə ki, ailə adət-ənənəmizdə çoxəsrlik tarixə malik olan ağsaqqal və ağbirçək institutu mövcuddur. Məhz bu institutun fəaliyyəti ailə üzvləri, eləcə də ailələr arasında ünsiyyətin formalaşmasında, ailə xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR