Dünən sağlamlıq imkanları məhdud 5 uşaq valideynlərinin müşayiəti ilə 20 günlük fizioterapevtik müalicə almaq üçün Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə göndərildi. Naxçıvan Beynəlxalq Hava Limanından uşaqları muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, valideynlər və onların yaxınları ölkə paytaxtına yola saldılar.
Hava limanında müalicəyə yola düşən uşaqlarla və onların valideynləri ilə həmsöhbət olduq. Türkiyəyə övladı Qasımı və həyat yoldaşı Sülhiyyə xanımı yola salmağa gələn Naxçıvan şəhər sakini Tural Xəlilov dedi ki, 4 yaşlı oğlunun xarici ölkəyə müalicəyə göndərilməsinə görə çox sevinir. Ona görə sevinir ki, övladı Nobel Tibb Mərkəzində ənənəvi və ən müasir metodlarla fizioterapiya müalicəsi alacaq, bu kurs oğlunun səhhətində müsbətə doğru dəyişikliklər yaradacaq. Bu işlərin təşkilatçılarına minnətdardır.
Balaca Qasım Xəlilovu müalicəyə göndərilən zaman nənələri Naibə Xəlilova və Xanım İmanova da yola salırdılar. Hər iki nənənin arzusu nəvələrinin yaxşı müalicə alması, səhhətinin yaxşılaşmasıdır: “Arzu edirik ki, nəvəmizi bu müalicədən sonra əl arabasında yox, əlindən tutub evə gətirək. Bir də Allah dövlətimizin bayrağını uca eləsin. Bizim üçün zərrə qədər də olsa ümid işığı yanıbsa, bu, dövlətimizin, muxtar respublika rəhbərinin sayəsindədir. Sağ olsunlar, var olsunlar!”
Ordubad rayonunun Nüsnüs kəndindən olan Tutu İsmayılova da ürək sözlərini, övladı üçün arzularını, minnətdarlıq hisslərini bizimlə bölüşdü. Dedi ki, məktəbin ikinci sinfində oxuyan Mikayılın sol qolunda pleksit (sinir iltihabı) var, qolunu istədiyi kimi hərəkət etdirə bilmir. Bundan əvvəl onlar Batumi şəhərində olublar. Ancaq o, Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzində aparılacaq müalicə kursundan çox şey gözləyir: “İnanıram ki, övladımın qolunda bu müalicə kursundan sonra əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə edəcəyik. Övladımın səhhətinə qovuşması üçün yaradılan bu imkanlara görə çox minnətdaram!”
Övladları ilə birlikdə Türkiyəyə getmək üçün Bakı şəhərinə yola düşən valideynlərdən Yeganə Qəribova, Azadə Nəcəfova, Nazirə Əliquliyeva da təşkilatçılara dərin minnətdarlıqlarını bildirərək övladlarının müalicəyə göndərilməsindən böyük sevinc hissi keçirdiklərini vurğuladılar.
Qeyd edək ki, muxtar respublikada məhdud fiziki imkanlı şəxslər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Onların tibbi və sosial reabilitasiyası daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin bərpa mərkəzlərində, respublika daxilində və ölkədən kənarda müalicələri təşkil edilir. Cari ilin 6 ayı ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində məhdud fiziki imkanlı 159 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 176 uşağın müalicəsi təşkil edilib, həmçinin məhdud fiziki imkanlı 6 nəfər müalicə olunmaları üçün Türkiyə Respublikasına göndərilib. Bundan başqa, məhdud fiziki imkanlı 132 nəfərə respublikamızın sanatoriya və pansionatlarına göndəriş verilib, 148 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunub, 109 nəfərə səyyari protez-ortopedik xidmət göstərilib. Ümumiyyətlə, bu günədək məhdud fiziki imkanlı 226 şəxsin xarici ölkələrdə müalicəyə göndərilməsi təmin edilib.
Səbuhi Hüseynov