Cari ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. İyulun 11-12-də mərkəz növbəti qonaqlarını – Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələrini qəbul edib.
45 nəfər yeniyetmə idmançını Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar və onlara mərkəz haqqında geniş məlumat verilib. Tanışlıqdan sonra idmançılar nahar yeməyinə yollanıblar. Proqrama uyğun olaraq idmançılar əvvəlcə stolüstü oyunlarda qüvvələrini sınayıblar. Daha sonra onlar arasında voleybol və badminton oyunları təşkil edilib. Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olan və “Ağbulaq” bulağına yürüş edən yeniyetmə idmançılar sonra şam yeməyinə yollanıblar. Ardınca isə vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib.
Növbəti günə səhər gimnastikası ilə başlayan federasiyanın yetirmələri proqrama uyğun olaraq mərkəzin stadionunda keçirilən mini-futbol yarışında iştirak ediblər. Nahar yeməyindən sonra isə əyləncəli oyunlar keçirilib. Bu oyunlarda idmançılar fəallıq nümayiş etdiriblər. Beləliklə, idmançıların mərkəzdə ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
İkigünlük istirahət məşqçilərdə və idmançılarda xoş təəssürat yaradıb. Federasiyanın sədr müavini Cavanşir Salayev idmançıların asudə vaxtlarının təşkili istiqamətində görülən işlərə görə təşkilatçılara minnətdarlığını bildirdi. Qeyd etdi ki, idmançıların iki gün ərzində proqram çərçivəsində müxtəlif tədbirlərə qatılması səmərəli olub. Bu tədbir idmançılar arasında eyni zamanda dostluq və yoldaşlıq münasibətlərinin qurulmasına müsbət təsir göstərib.
Məlumat üçün bildirək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə reallaşdırılıb.
Ceyhun Məmmədov