Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulub, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili üçün məqsədyönlü tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Belə ki, proqramda bu qəbildən olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması, cəmiyyətə inteqrasiyası kimi mühüm məsələlər öz əksini tapıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud olan 825 uşaq təhsil alır ki, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir qrupu valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarıdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən növbəti tədbirdə bu qəbildən olan 70-ə yaxın uşaq iştirak edib.
Uşaqlar əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər. Hazırda 4600-dən çox eksponatın mühafizə olunduğu muzeydə uşaqlara ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.
Sonra uşaqlar Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Burada onlara məlumat verilib ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlayıb, 2010-cu ildə muzey yeni bina ilə təmin olunub. Qeyd edilib ki, 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılıb.
Daha sonra uşaqlar Naxçıvan Dövlət Film Fondunda “Qaraca qız” bədii filminə baxıblar. Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, qrafikə uyğun olaraq qarşıdakı günlərdə uşaqlar “Bir qalanın sirri”, “Sehrli xalat” bədii filmlərinə baxa biləcəklər. Uşaqlara Azərbaycan uşaq kinosunun inkişaf tarixindən, cizgi filmlərimizin çəkilməsindən də söhbət açılıb.
Sonra uşaqlar tanınmış rejissor Şamil Mahmudbəyovun 1966-cı ildə sevimli yazıçımız Süleyman Sani Axundovun “Qaraca qız” povestinin motivləri əsasında ekranlaşdırdığı eyniadlı filmə baxıblar.
Əli RZAYEV