Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir. Mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 45 yetirməsi olub.
Karateçiləri Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. Karateçilər Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olublar və onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Sonra karateçilər stolüstü oyunlarda mübarizə aparıblar. Şahmat və dama üzrə keçirilən yarışlarda fərqlənən idmançılara həvəsləndirici hədiyyələr təqdim olunub. İdmançılara vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib.
İkinci gün mərkəzin stadionunda mini-futbol yarışı keçirilib. Əyləncəli proqramda isə idmançılar üçün kiçik tamaşalar göstərilib. Sonra federasiyanın yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Mərkəzdə olan məşqçilər, idmançılar ikigünlük istirahətdən razı qalıblar. Federasiyanın məşqçisi İlkin Şirinov, karateçi Abbas Məmmədov bildirdilər ki, belə istirahətlər idmançılarda əlavə motivasiya yaradır. Xüsusilə uzun məşqlərdən sonra idmançıların istirahəti onların məşq prosesinə də müsbət təsir göstərir.
Naxçıvan karate-do məktəbinin yetirməsi, bir çox beynəlxalq turnirlərin qalibi Mirpaşa Kərimov dedi ki, hər zaman idmanla məşğul olanların belə istirahətlərə ehtiyacı olur. Bu ehtiyacın ödənilməsində əməyi olan insanlara minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Xəbərlər şöbəsi