23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə nazirlikdən qəzetimizə verilən məlumatda bildirilir ki, cari ilin 6 ayı ərzində muxtar respublikanın əmək bazarında tələb və təklifin qiymətləndirilməsi məqsədilə təhlil aparılıb, işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət daha da artırılıb. Müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə, ümumilikdə, 163 müəssisədə sorğular, sosial müdafiəyə xüsusi ehtiyacı olanların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluqlarını təmin etmək məqsədilə sosialyönümlü layihələr həyata keçirilib.
Muxtar respublikanın əmək bazarına daxil olan əcnəbi işçi qüvvəsinin keyfiyyət tərkibi nəzərə alınaraq, işçilərin ixtisasının artırılması və müəssisələrdə mövcud olan vakansiyaları yerli işçi qüvvəsi hesabına təmin etmək məqsədilə maarif­ləndirici bukletlər hazırlanıb və işə­götürənlərə təqdim edilib.

Məlumatda o da bildirilir ki, aktiv məşğulluq tədbirləri bəhs olunan dövrdə davam etdirilib, 1203 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər kvota yerlərinə göndərilib, 68 nəfər haqqıödənilən ictimai işə cəlb edilib. İşlə təmin olunanlardan 64-ü məhdud fiziki imkanlı şəxs, 5-i cəzaçəkmə müəssisəsindən azad edilən, 18-i isə hərbi xidmətdən yeni tərxis olunan vətəndaşlardır. Bu dövrdə 41 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 3 nəfər kəndlərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunublar. Keçirilən əmək yarmarkalarında 180 nəfərə peşə və ixtisasına uyğun işə qəbul üçün göndəriş verilib. Fərdi təsərrüfatlarını inkişaf etdirmək üçün 2 aztəminatlı ailəyə müvafiq köməklik göstərilib.
Məlumatda qeyd edilir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunur. İlin ilk 6 ayı ərzində müvafiq peşə kurslarına, o cümlədən qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, qazanxana maşinisti, elektrik montyoru, bərbər, qadın bərbəri, aşpaz köməkçisi, həmçinin xalq tətbiqi sənət növü üzrə xalçaçı peşələrinə, ümumilikdə, 164 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 25 nəfər, hərbi xidmətdən tərxis olunan 9 nəfər, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində təşkil olunmuş qazanxana maşinisti və daşduz üzərində oyma peşə kurslarına cəza çəkməkdən azad olunacaq 22 nəfər cəlb edilib. Hazırda qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər və elektrik montyoru peşələri üzrə kurslar davam etdirilir. Həmçinin bərbər peşəsi üzrə yeni kursa başlanılıb.
Evdar qadınların müvəqqəti məşğulluqlarını təmin etmək məqsədilə “Ənənəni qoruyaq, evdə xalça toxuyaq!” adlı sosialyönümlü haqqıödənilən ictimai iş təşkil edilib. 11 nəfər xalçatoxuyanla əmək müqaviləsi bağlanılıb, müvafiq ölçüdə xalçaların toxunması üçün onlar lazımi avadanlıq və alətlərlə, həmçinin materialla təmin olunublar. Onlar tərəfindən toxunan 10 xalça təhvil alınıb, hazırda bu istiqamətdə işlər davam etdirilir.
Tədris müddəti ərzində rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib.
Müvafiq dövr ərzində ünvanlı dövlət sosial yardımı almaq üçün rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən və sosial yardım alan aztəminatlı ailələrin əmək qabiliyyətli 54 üzvü münasib işlə təmin olunub.
Muxtar respublikada əhalinin məşğulluq imkanlarının artmasının nəticəsidir ki, vətəndaşlar tərəfindən işsizlik statusunun təyini ilə bağlı məşğulluq xidməti orqanlarına müraciət daxil olmayıb.
Məlumatda vurğulanır ki, bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqqının reallığı əks etdirməsi ilə bağlı 336 obyektdə yoxlama aparılıb, 196 halda yeni əmək münasibətlərinin rəsmiləşdirilməsinə, 865 halda isə əməkhaqqının real göstərilməsinə nail olunub. İşəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsi ilə əlaqədar 32 obyektə nəzarət həyata keçirilib, fərdi mühafizə vasitələrindən istifadə etməyən 41 işçi tikinti sahəsindən müvəqqəti uzaqlaşdırılıb, 84 işçi isə həmin vasitələrlə yerində təmin edilib.
İstehsalatda yüngül xəsarətalma ilə nəticələnən hadisələrin təkrarlanma­ması məqsədilə işəgötürənlərə metodik köməklik göstərilib və istehsalatda baş verən altı hadisənin müvafiq komissiya tərəfindən təhqiqatı aparılıb. Əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə inzibati xəta haqqında tərtib edilmiş protokola uyğun olaraq 3 vəzifəli şəxsə 2700 manat məbləğində cərimə tətbiq olunmasına dair qərar qəbul edilib.
Kadr işləri və əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığını artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda 3, “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzusunda 1 maarifləndirici kurs təşkil edilib. Ümumilikdə, kurslarda 40 müəssisədən müvafiq olaraq kadr işləri üzrə 30 və əməyin mühafizəsi üzrə 10 mütəxəssis iştirak edib.
Dövlət proqramının icrası istiqamətində tədbirlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR