23 Dekabr 2024, Bazar ertəsi

Ordubad rayonunda sığorta işinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq son illər rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, müasir dövrdə iqtisadiyyatın dinamik inkişafı həyatın müxtəlif sahələrində sığorta münasibətlərinin də genişlənməsinə zərurət yaradır. Belə ki, mövcud qanunlara əsasən, icbari qaydada sığortalanan daşınmaz əmlak, avtonəqliyyat vasitələri və mülki məsuliyyət yolda, işdə və digər yerlərdə gözlənilməz hadisələrdən dəyən maddi zərərlərin ödənilməsi üçün vətəndaşlara etibarlı təminat verir. Sığortanın əhəmiyyətindən danışan baş direktor baş vermiş sığorta hadisələrindən konkret misallar gətirərək vaxtında sığortalanmağın zəruriliyini vurğulayıb. Qeyd olunub ki, mövcud qanuna əsasən, yalnız sığorta olunan vətəndaşlar baş verən bədbəxt hadisələrə, dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüququna malikdirlər. Ötən müddətdə Ordubad rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Nəticədə, rayonda müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilə­lərin sayında artım olub.

Tədbirdə Ordubad rayonunda hər bir sığorta növü üzrə görülmüş işlər təhlil edilib, daşınmaz əmla­kın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Vurğulanıb ki, son dövrlərdə Ordubad rayonunda sığorta sahəsində görülmüş işlərə baxmayaraq, hələ də icbari qaydada sığorta edilməli olan vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan hüquqi və fiziki şəxslər qalmaqdadır. Ölkəmizdə qüvvədə olan qanuna əsasən, icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin edilməlidir. Bu məqsədlə vətəndaşlar arasında sığorta maarifləndirilməsi işlərinə diqqət artırılmalı və ayrı-ayrı sığorta növləri üzrə Ordubad rayonunda əldə olunmuş müsbət dinamika daha da inkişaf etdirilməlidir. Kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunularaq vurğulanıb ki, cari il mart ayının 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib. Bu sahədə də ordubadlı fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan işlər genişləndirilməlidir.
Diqqətə çatdırılıb ki, kənd təsərrüfatı məhsullarının sığortası, ev əmlakının sığortası, fərdi qəza sığortası kimi könüllü sığortalar, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirdə Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Tural Sadiqov, Ordubad Rayon Polis Şöbəsinin Dövlət yol polisi qrupunun baş dövlət avtomobil müfəttişi Ceyhun Zahirli və kənd icra nümayəndələri sığorta işinin təşkili ilə bağlı görülmüş işlər barədə məlumat veriblər.
Tədbirə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yekun vurub.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR