23 Dekabr 2024, Bazar ertəsi

Sirlərlə dolu müqəddəs məkandan reportaj

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən Əshabi-Kəhf ziyarətgahı yüz illərdir, insanların üz tutduğu müqəddəs yerlərdən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaqlar ziyarət edirlər. Ötən günlərdə Naxçıvan şəhərindən 12-13 kilometr uzaqlıqda yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getməkdə məqsədimiz bu müqəddəs məkandan reportaj hazırlamaq, bura ziyarətə gələn yerli və xarici qonaqlarla görüşmək, onların təəssüratlarını öyrənmək idi.

Havaların isti keçməsini nəzərə alaraq səhər saatlarında Naxçıvan şəhərindən ziyarətgaha doğru yola çıxdıq. Qısa zamanda Naxçıvan-Ordubad magistralından ziyarətgaha aparan yola çatdıq. Vaxtilə bərbad vəziyyətdə olan bu yol bu gün ziyarətgaha qədər asfaltlanıb. Ona görə də indi ziyarətə gedən hər kəs əvvəlki illərdə olduğu kimi dözülməz yol yorğunluğu çəkmir. Yaxşı xatırlayıram ki, əvvəllər Əshabi-Kəhfə qədər uzanan yol daşlı, toz-torpaqlı idi. Maşının şüşələrini bərk-bərk bağlayırdıq ki, içəriyə toz-torpaq dolmasın. Minbir əziyyətdən sonra Əshabi-Kəhfə gələndə isə ətrafdan yüksələn ocaq dumanları, gələn kabab iyi insanda belə bir təəssürat yaradırdı ki, sanki ziyarətgaha deyil, açıq hava altında olan bir restorana gəlibsən. Zibilliklərlə yanaşı, kəsilən qurbanların vaxtında atılmayan hissələrinin qalıb iylənməsi səbəbindən ətrafa yayılan kəskin iy, necə deyərlər, insanın burnunun dirəyini ikiyə bölürdü.

Bütün bunları ona görə xatırladıram ki, keçmiş günləri bir daha yada salaq və bu gün dövlətimizin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yaratdığı şəraitin qədir-qiymətini bilək, keçmişi unutmayaq, tikilənləri, qurulanları qoruyub saxlayaq.
Ziyarətgahda ilk dəfə 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə tikinti-abadlıq işləri görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarına əsasən, bura ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 aprel tarixli qərarına əsasən isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yaradılıb.
2006-cı ilin may ayında kompleksdə yenidən tikinti-abadlıq işləri görülüb. Ziyarətgahın maşınlar üçün dayanacağına daş döşənib, inzibati binalar, qonaq evi, iki mağaza tikilib, ziyarətçilərin çətinliklə çıxdıqları “Damcıxana” və “Cənnət bağı”nadək pillələr qoyulub. Yaxınlıqdakı kəhrizdən nasos vasitəsilə ziyarətgaha içməli su xətti, 15 kilometr məsafədən elektrik xətti çəkilib. Təmizliyin təmin olunması üçün bütün işlər görülüb. Ziyarətgahın ətrafında 4 hektar sahədə bağ salınıb.
Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı elan edilməsinin səbəbi digər amillərlə yanaşı, həm də muxtar respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır. Bu il də muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması istiqamətində tədbirlər davam etdirilib, Əshabi-Kəhf ziyarətgahında təmir-bərpa işləri aparılıb, su təminatı yaxşılaşdırılıb və işıqlandırma sistemləri yenidən qurulub, ərazi abadlaşdırılıb, zəvvarlar üçün hərtərəfli şərait yaradılıb.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin direktoru Qaraş Qurbanovla görüşüb söhbət etdik. O, bizə ziyarətgahın tarixi barədə məlumat verdi. Dedi ki, Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində (“Əl-Kəhf” – “Mağara”) bəhs edilir. “Əshabi-Kəhf” kimi tanınan mağaralar Kiçik Asiya və Fələstinin, Türkiyənin ərazisində də var. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu aydınlaşdırır. Burada coğrafi cəhət oxşarlığı xüsusilə diqqəti cəlb edir. Bu məsələ “Qurani-Kərim”in 18-ci surəsinin 17-ci ayəsində belə açıqlanır: “Baxsaydın, Günəşin mağaranın sağ tərəfindən doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan batdığını, onların da mağaranın genişcə bir yerində olduqlarını görərdin...” Adətən, mağaranın içərisinə girəcəkdən baxarkən (yəni girişdən sağ və sol nəzərdə tutulur), məhz Naxçıvandakı Əshabi-Kəhfdə içəri girən (baxan) adamın sağı (bu nisbətdə mağaranın sağ tərəfi) gündoğana düşür.
Qaraş Qurbanovun sözlərinə görə, Əshabi-Kəhf haqqında İslam aləmində mövcud olan bir hədis də ziyarətgahın Naxçıvan ərazisində olduğuna işarə verir. Hədisə görə, Ərəb Xilafətinin II xəlifəsi Ömərin dövründə 3 yəhudi gələrək xəlifəyə suallar verib, sualları isə xəlifənin əvəzindən peyğəmbərin əmisi oğlu və sonralar xəlifə olmuş İmam Əli cavablandırıb. Yəhudi alimlərindən birinin sualı Əshabi-Kəhf və hökmdar zülmündən qaçan şəxslərin çıxdıqları dağla bağlı olur. Hədisdə yazılır: “Yəhudi alimi “Ey Əli, bu dağın və mağaranın adı nədir?” – deyə soruşub.
İmam Əli cavab verib: “Ey yəhudi qardaşım, dağın adı Nahacilus, mağaranın adı isə Vasid idi. Mağaranın yaxınlığında ağaclar və püskürərək axan su var”.
Göstərilən hədisdə gənclərin qalxdıqları dağ – “Nahacilus” adlandırılır. Məlumdur ki, yunan dilində xüsusi isimlərin adlıq halında “-us”, “-is” şəkilçiləri işlədilir. O zaman Nahacilus sözündən adlıq hal şəkilçisini atanda qalan kök söz Nahacil və yaxud bu gün Əshabi-Kəhf yaxınlığındakı dağın adına uyğun olaraq desək, Nuhəcir – Nəhəcirdir. Əshabi-Kəhfdəki “Cənnət bağı” ağaclara işarədir. Vaxtaşırı püskürən bulaq isə bu gün də Əshabi-Kəhf ziyarətgahına gedərkən yolun sağ tərəfində qalan dərədədir. Ziyarətgahdakı məscidin qabağında “qara daş” var. Onun səmadan gələn meteorit daşı olduğu deyilir. Daşın nə zamandan burada mövcud olması barədə məlumat yoxdur. Zəvvarlar həmin daşa toxunur, onun ətrafında dövr edir, niyyət tuturlar. Məscidin yuxarı tərəfində yerləşən “Damcıxana” açıq salon şəklindədir. İlin yağışlı və quraq keçməsindən asılı olmayaraq, həmin yerdə tavandan su damır. Burada niyyət edərək gözləyirlər. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olunmur. Ziyarətgahda ən uca yer əvvəllər çıxmaq təhlükəli hesab edilən “Cənnət bağı”dır. Bu gün ziyarətçilər dəmir pilləkənlərlə bura rahat çıxa bilirlər. Silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olunduğu yer sayılır.
Bu gün Əshabi-Kəhf ziyarətgahına dünyanın müxtəlif ölkələrindən insanlar gəlir. Burada Cənubi Amerikadan – Argentinadan gələn turist Patrisio Sespedeslə qarşılaşdıq. İş adamı olan Patrisio “Formula-1” yarışlarını televiziya vasitəsilə izlədikdən sonra onda ölkəmizə qarşı böyük maraq yaranıb. Bakıya gəldikdən sonra qədim Naxçıvanın tarixi məkanlarını da gəzmək istəyib. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə yanaşı, Duzdağ Fizioterapiya Mərkəzində də olub. Getdiyi hər yer onda xüsusi təəssürat yaradıb. Bu gün isə Əshabi-Kəhf ziyarətgahına gəlib.
Patrisio Sespedes dedi ki, muxtar respublikaya ilk dəfədir, gəlir. Onun sözlərinə görə, Naxçıvan Azərbaycanın tarixini, mədəniyyətini dünyaya təqdim etmək üçün ideal məkandır. Burada tarixilik saxlanılmaqla böyük quruculuq işlərinin görüldüyünü hiss etdiyini vurğulayan argentinalı turist muxtar respublikanın çox böyük turizm potensialına, hər bir insanın diqqətini cəlb edəcək təbiətə malik olduğunu qeyd etdi.
Əshabi-Kəhf ziyarətgahı barədə də maraqla danışan Patrisio dedi: “Mən xristian bir ailədə böyüdüyüm üçün islami dəyərlər barədə o qədər də məlumatlı deyiləm. Öyrəndim ki, burada baş verən hadisə İslam dininin yayılmasından xeyli əvvəl olub. Bu da onu deməyə əsas verir ki, Əshabi-Kəhf ziyarətgahı, əslində, dünyadakı bütün dinlərin mənsublarının ziyarətə gələ biləcəyi bir yerdir. Bu məkanın çox gözəl müsbət aurası var. Burada mağaradakı divara niyyət tutub daş yapışdırdım, “Cənnət bağı”na çıxaraq daşları üst-üstə qoydum. Mədəniyyəti öyrənmək üçün insanların etdiyi hərəkətləri təkrarladım. Çünki mən tək Allahın varlığını qəbul etsəm də, heç bir dinə sitayiş etmirəm. “Damcıxana”da isə möcüzə baş verdi. Mən ora çatan kimi üzərimə su damcısı düşdü. Halbuki məndən əvvəl bura gəlib damcının üzərinə düşməsini gözləyən çox insan olduğunu öyrəndim. Səbəbini bilməsəm də, bu hadisə məni hədsiz dərəcədə sevindirdi. Ümid edirəm, növbəti dəfə Naxçıvana gələ biləcəyəm və o zaman burada daha çox qalacağam”.
Qonşu ölkə İrandan gələn Leyla Xaşai də Əshabi-Kəhfi ziyarət etməkdən sevinc duyduğunu bildirdi. Dedi ki, ziyarətgahda təmizliyə ciddi riayət olunması diqqətini cəlb edib. İnsanlar heç nəyi yerə atmır, övladlarına da təmizliyi qorumağı öyrədirlər.
Digər iranlı qonaqlar Mənsuri Həsənnejat və Əmir Məsud da Leyla Xaşainin dedikləri ilə şərik olduqlarını vurğuladılar. Onların sözlərinə görə, bu gün qonşu ölkədən muxtar respublikaya gəlmək, buradakı müqəddəs ziyarətgahları ziyarət etmək istəyənlərin sayı hər gün daha da artır. Qonaqlar deyirlər ki, İran saytlarında Əshabi-Kəhf barədə məlumatlar olduğuna görə insanlar oxuyur və onlarda maraq yaranır. Fürsət tapan kimi Naxçıvana gələrək Əshabi-Kəhf ziyarətgahına üz tuturlar.
Bakı şəhərindən gələn Günay Kəngərli isə qeyd etdi ki, insanlar min illərdən bəri yaddaşlarında əbədiləşən müqəddəs ziyarətgahlara etdikləri səfərlərlə dünyadakı ən savab işlərdən onlara da pay düşdüyünə inanırlar. Naxçıvanın dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına gələn zəvvarların əsl qazancı budur. Əgər duaların Allaha çatdığı yerdə, Peyğəmbər ayağının toxunduğu torpaqda öz inanclarını daha da dərinləşdirib Uca Yaradana bir addım daha yaxın bir yerdən xitab etmək istəyənlər varsa, Əshabi-Kəhfə gələ bilərlər. O, hər il bu ziyarətgaha gəldiyini, burada mənəvi rahatlıq tapdığını vurğuladı.
Bəli, bu gün muxtar respublikamıza gələn turistlərin hamısı diyarımız haqqında xoş sözlər söyləyir, bu gözəlliyə olan məftunluqlarını gizlətmirlər. Çünki dünyada dinindən, irqindən asılı olmayaraq, bütün insanlar üç müqəddəs torpaq olduğunu qəbul edirlər. Bunlardan biri Məkkə, ikincisi Qüds, üçüncüsü isə Naxçıvan torpağıdır. Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, tək Allahlıq dünyada ilk dəfə olaraq bu torpaqda yayılıb. Əshabi-Kəhfdə qeyb olan insanlar da Allahı tanımaqdan ötrü, Uca Yaradanı tapmaqdan ötrü sarayı tərk edib, mağarada Tanrıya pənah gətiriblər...

Artıq geriyə, Naxçıvan şəhərinə doğru qayıdırıq. Əshabi-Kəhfdə ziyarətçilərlə xeyli söhbət etdiyimizə görə vaxt da sürətlə keçmişdi. Yayın qızmar Günəşi havada boy göstərirdi. Maşınla bir az aşağı enmişdik ki, pəncərədən qəribə bir sərin külək gəldi. Bu məqamda sürücü “görürsünüz, bu, yolboyu əkilən ağacların sərinliyidir. Qurub-yaradanlar, əziyyətini çəkənlər var olsunlar”, – dedi. Bir daha ətrafa baxdım, yol kənarlarında səliqə ilə əkilən ağaclar yaşıl bir tuneli xatırladırdı. Vaxtilə su çatışmazlığına görə buraları əkib-becərmək mümkün deyildi. İndi isə çəkilən su kanalı və qurulan suvarma sistemi zəhmətkeş insanlara qol-qanad verib... İstər Əshabi-Kəhf ziyarətgahında, istərsə də yolboyu gördüklərimin təsiri altında yaranan xoş duyğular, həqiqətən də, insana sözlə ifadə edilməsi mümkün olmayan mənəvi rahatlıq bəxş edir.

 Rauf Əliyev
 Əli Xudiyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR