Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Müsəlman aləminin iki böyük bayramından biri olan Ramazan bayramı hicrətin ikinci ilindən etibarən qeyd olunmaqdadır. Ramazan bayramı Hicri-Qəməri təqviminin doqquzuncu ayı Ramazan ayının ardından onuncu ay olan Şəvval ayının ilk üç günü boyunca qeyd olunan dini bayramdır.
Həzrəti Məhəmməd Peyğəmbər hədislərində buyurur ki, Ramazan və Qurban bayramlarının gecələri edilən dua, tövbə Allah-Taala tərəfindən qəbul olunar.
Ramazan bayramının məqsədlərindən biri müsəlmanların birlik şəklində və bir-birilə görüşərək bayramlaşmasıdır. Müsəlmanlar oruc ibadətlərini bitirdikdən sonra bir yerə yığılır, bayram namazı qılırlar. Bayramın başqa məqsədlərindən biri də müsəlmanların bir-birlərini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, əgər arada inciklik varsa, bu incikliyin aradan qaldırılmasıdır. Bayramda kasıblar və yoxsullar da sevindirilməli, onlar yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər.
Bayram günləri oruc tutmaq günahdır. Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazı qılmazdan qabaq mütləq yemək yeməlidir. Bayram günü bütün müsəlmanların bir-birlərini bayram münasibətilə təbrik etmələri və bir-birləri üçün dua etmələri təqdirəlayiq hesab olunur.
Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını yüksək səviyyədə qeyd edir. Bu bayram günlərində respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsi ehtiramla yad olunur, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini, işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasını təmin edəcəkdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Ulu öndərimiz xalqımıza Ramazan bayramının böyük coşqu və sevinclə qeyd olunması kimi müqəddəs bir ənənəni miras qoymuşdur. Bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Ramazan bayramı münasibətilə iyulun 4-də xalqımıza ünvanladığı təbrikində deyilir: “Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
İslam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə xüsusi həssaslıqla qorunub saxlanılmışdır. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur. Eyni zamanda məmnunluqla deyə bilərik ki, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri bəşəri hadisə olan Ramazan bayramına böyük sevgi ilə yanaşır, ölkəmizin multikultural ənənələrini ehtiramla qoruyurlar”.
Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız ən yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Hər il Ramazan ayının fəzilətlərinin həyata keçirilməsi, iftar süfrələrinin açılması və bu bayramın həmrəyliklə qeyd edilməsi ənənə halını almışdır. İyunun 22-də müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan şəhərində təşkil olunmuş iftar mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir xalq özünün milli və dini dəyərləri ilə tanınır. Azərbaycan xalqı da əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalmış, adət-ənənələrini yaşatmışdır. Dini dəyərlərimiz içərisində Ramazan ayının özünəməxsus yeri vardır. Bu ayın fəzilətləri bəşəri dəyərlərdən qaynaqlanır, insanların əmin-amanlıq, mərhəmət və bərabərlik içərisində yaşamasını təlqin edir. Müqəddəs kitabımızın Ramazan ayında göndərilməsi də, şübhəsiz ki, bu ayın ən ali fəzilətlərindəndir”.
Qeyd edək ki, bayramdan öncə imkanı olan hər bir müsəlmanın fitrə verməsi vacibdir. “Fitr” oruclu olmama halını ifadə edir. Ramazan ayı boyunca oructutan müsəlmanlar bu ay sona çatıb Şəvval ayı girincə oruca son verirlər və bayram edirlər. Ərəbcə bu bayrama “idul-fitr” (fitr bayramı) deyildiyi kimi, həmin gün ödənməsi lazım olan sədəqəyə də “sadakatul-fitr” (fitr sədəqəsi/fitrə) və ya “zəkatul” (fitr zəkatı/fitrə zəkatı) deyilir. Fitrə zəkatının vacibliyini Məhəmməd Peyğəmbər hicrətin 2-ci ilində, Ramazan ayı bitdikdə oxuduğu xütbə zamanı buyurmuşdur.
Miqdarı etibarilə az görünən sədəqə geniş təbəqələr tərəfindən ödəndiyi üçün ehtiyacların aradan qaldırılmasına böyük təsir göstərir, sevinc və xoşbəxtliyin yayılmasına səbəb olur. Fitr sədəqəsi verməyin kimlərin vəzifəsi olduğu mövzusunda fərqli görüşlər var.
Özünün və ailəsinin illik qazancını təmin edəcək qazancı olan ağıllı, yetkin hər kəs üçün fitr sədəqəsi vermək vacibdir. Fitr sədəqəsini verən şəxs sədəqəni həm şəxsi üçün, həm də ehtiyacını təmin etməyə borclu olduğu ailə üzvləri, eləcə də Ramazanın son axşamı Günəş batmazdan əvvəl evinə gələn və qonaq olaraq qəbul etdiyi kəslər üçün verməlidir. Bu şəxslərin böyük-kiçik, yaxud müsəlman və ya qeyri-müsəlman olmaları arasında bir fərq yoxdur. Bu il Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrə zəkatının minimal həddi adambaşına 5 manat müəyyənləşdirilmişdir. Əlbəttə, imkanı olan şəxs istəyərsə, bundan daha artıq məbləğdə pul verə bilər.
Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna, ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Zəkatın hansı şəxslərə verilməsi ilə əlaqədar “Qurani-Kərim”in “Tövbə” surəsinin 60-cı ayəsində bildirilir: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir”.
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah orucunuzu və dualarınızı qəbul eləsin! Ramazan bayramınız mübarək olsun!
Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi