23 Dekabr 2024, Bazar ertəsi

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. İyulun 3-4-də mərkəz növbəti qonaqlarını – Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 45 yetirməsini qəbul edib. Mərkəzdə yeniyetmə idmançıları təşkilatçı qurumların əməkdaşları qarşılayıblar.

İki gün Ağbulaq İstirahət Mərkəzində qalan yeniyetmə atletlər bu müddət ərzində müxtəlif stolüstü oyunlarda mübarizə aparıblar. Şahmat, dama kimi zehni oyunlarda idmançıların nümayiş etdirdikləri oyunlar diqqətdən yayınmayıb. Bununla yanaşı, atletlər mini-futbol yarışında da qüvvələrini sınayıblar. Federasiya üzvləri Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olublar. Daha sonra onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Qonaqlara vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib, əyləncəli proqramlar təşkil olunub.
“Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahət bizim yaddaşımızda dərin iz buraxacaq” – bu sözləri bizimlə söhbətində federasiyanın üzvü Aylin Rzazadə dedi. O bildirdi ki, həyatının gözəl günlərindən birini məhz bu mərkəzdə keçirib: “Mərkəz haqqında eşitmişdim və burada olmağı çox istəyirdim. Gördüklərim məni heyrətləndirdi. Asudə vaxtın düzgün təşkilində belə istirahətlər biz idmançılar üçün hər zaman sevinclə qarşılanır”.
Müjdə Məmmədova da istirahət mərkəzində yaradılmış hərtərəfli şəraitə görə minnətdarlığını bildirdi.
Uzun müddətdir, yüngül atletika ilə məşğul olan və keçirilən yarışlarda fərqlənən Uğur Cəfərli də fikirlərini bizimlə bölüşdü: “Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir ki, gəlirəm. Gözəl vaxt keçirdik. “Ağbulaq” bulağına yürüş isə daha yaddaqalan oldu”.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR