Ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması üçün yeni infrastruktur layihələrin həyata keçirilməsi və bu hesaba əlavə iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin daha da aşağı düşməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. Sədərək rayonunda keçirilən cari ilin ilk əmək yarmarkasında bu barədə geniş danışılmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov demişdir ki, qeyri-məşğul əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəsini daha da yaxşılaşdırmaq üçün məşğulluğun ən çevik formalarından biri olan əmək yarmarkalarının keçirilməsinə diqqət daha da artırılmışdır. 2012-ci ildə rayonda keçirilən belə yarmarkalarda 103 nəfər vətəndaş müxtəlif xarakterli işlərlə təmin edilmişdir. 2013-cü – “Heydər Əliyev ili”ndə də bu ənənənin davam etdirilməsi, aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının daha səmərəli və mütəşəkkil keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə növbəti əmək yarmarkası ərəfəsində rayon Məşğulluq Mərkəzi yenə də idarə, müəssisə və təşkilatlarla əlaqə saxlamış, bütün təşkilatlarda boş iş yerlərinin mövcudluğu araşdırılmışdır. Məlum olmuşdur ki, bu gün Sədərəkdə 10 təşkilatda 101 boş iş yeri mövcuddur.
İşaxtaran vətəndaş Zahir Zamanov əmək yarmarkalarının təşkilini muxtar respublikada insan amilinə göstərilən diqqət və qayğı kimi dəyərləndirərək minnətdarlığını bildirmişdir.
Yarmarkada Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, istifadəyə verilən yeni müəssisələrin, aparılan tikinti-quruculuq, abadlıq tədbirləri nəticəsində hər il yüzlərlə insan ixtisasına, peşəsinə uyğun yeni iş yeri əldə edir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı torpaqlardan daha səmərəli istifadə olunmasına geniş imkanlar yaratmışdır ki, bu da əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Bəxtiyar Mahmudov əmin olduğunu bildirmişdir ki, əmək yarmarkasında iştirak edənlər istəklərinə uyğun iş yeri əldə edə biləcəklər.
Sonra tədbir iştirakçıları əmək yarmarkasına çıxarılmış boş iş yerləri barədə məlumat almışlar. Həmin gün 20 nəfərə işə qəbul edilmək üçün göndəriş verilmişdir.
Cəfər ƏLİYEV