23 Dekabr 2024, Bazar ertəsi

Müstəqil ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri uşaq və gənclərə qayğı göstərilməsi, onların cəmiyyətin sağlam sütunu kimi hərtərəfli yetişdirilməsi istiqamətində görülən işlərdir. Böyüyən gənc nəslin artan tələbatlarının düzgün qiymətləndirilməsi, cəmiyyət quruculuğunun bütün pillələrində onlara yer verilməsi baxımından Naxçıvan Muxtar Respublikasında görülən işlər də bu istiqamətdə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərin mühüm bir hissəsidir. 

Sosial siyasət dövlət idarəetməsinin əsas vasitələrindən biri kimi müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Geniş mənada, cəmiyyətdə rifahların bərabər bölgüsü, sosial qayğıya ehtiyacı olanların zəruri tələbatlarının ödənilməsi, müəyyən sosial qrupların maraqlarının təmin olunması üçün uzunmüddətli sosial investisiyaların yatırılması dövlətin mühüm funksiyası olub, son nəticədə, hər kəsin arzu etdiyi sosial dövlət modelinin yaradılmasında çox əhəmiyyətlidir. Ona görə də dövlət sosial siyasət məsələlərini daim gündəmdə saxlayaraq insanların ondan gözlədiyi təhlükəsizlik, daimi məşğulluq, təhsil və sağlamlıq, sərbəst asudə vaxt keçirmək kimi təməl sosial tələbatların ödənilməsində qarant rolunu oynayır. Xüsusən bazar iqtisadiyyatında, iqtisadi mənafelərin sərt şəkildə ön plana çıxdığı bir şəraitdə dövlətin müntəzəm həyata keçirdiyi sosial siyasət tədbirləri olmazsa, bu, bəzi məqamlarda insanlar arasında ən doğma sosial əlaqələr olan ailədaxili münasibətlərin də arxa plana keçməsinə gətirib çıxara bilər.

Odur ki, cəmiyyətdə heç kimin arzu etmədiyi sosial gərginlik təzahürlərinə rast gəlinməməsi üçün dövlətin həyata keçirdiyi bütün sosial siyasət tədbirlərinin dəyərini də düzgün qiymətləndirmək lazımdır.
Cəmiyyətin sosial cəhətdən həssas qruplarından biri uşaq və gənclərdir. Uşaq və gənclərə qayğı deyərkən, bəziləri, sadəcə, uşaqların keyfiyyətli qida, gözəl geyim və sair belə tələbatlarının ödənilməsi ilə öz işini bitmiş hesab edirlər. Ancaq real həyat göstərir ki, hətta maddi cəhətdən ən yaxşı təminatı olan bəzi ailələrdə belə, uşaqların sosiallaşma meyillərinə zəif reaksiya verilməsi, onların artan ünsiyyət, dostluq qurma, təbiətlə təmasda olmaq və öz potensiallarını sübut etmək istəyinə biganəliklə yanaşılması nəticəsində gələcəyin layiqli vətəndaşı əvəzinə, sadə dillə desək, problemli insanların yetişməsi baş verir. Ona görə də mənsub olduğu ailənin statusundan asılı olmayaraq, hər bir gəncə bərabər səviyyədə diqqət göstərən dövlət siyasətinə, sözün əsl mənasında, mükəmməl gənclik yetişdirilməsi üçün ideal formul kimi baxmaq lazımdır.
Dövlətimizin uşaq və gənclərə qayğısı xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanmaqla yeridilən siyasətin mühüm bir hissəsidir. İstər ailələrin sosial müdafiəsinin gücləndirilməsi, istər təhsilin və səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi, istərsə də uşaq və gənclərin istedadlarının üzə çıxarılaraq onların xalqımızın milli sərvətinin bir hissəsinə çevrilməsi, bu mənada, hər bir azərbaycanlını dərindən düşündürür. Bu gün deyə bilərik ki, uşaq və gənc­lərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün dövlətimiz bütün imkanları yaradıb. Ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafından tutmuş onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakına qədər görülən bütün işlər məhz Azərbaycan gəncliyinin hərtərəfli inkişafına xidmət edir. Hələ vaxtilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb. “Dövlət gənclər siyasəti haqqında” Fərman, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” Sərəncam, “Gənc ailə” pro­qramı kimi mühüm dövlət sənədləri buna tutarlı misaldır.
Ulu öndərin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Prezident yanında Gənc­lər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Gənclərin inkişafı məqsədilə qəbul olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, ölkəmizin bütün guşələrində yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin, mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsi hazırda uğurla davam etdirilir.
Müasir Azərbaycan gəncliyinin sosial inkişafı üçün cəmiyyətimizdə kifayət qədər institusional və mədəni-intellektual baza yaradılıb. Söz yox ki, bu qədər resursun uşaq və gənclərin dünyagörüşünün formalaşması, onların ictimai həyata innovativ təsir gücünün artırılması üçün böyük rolu vardır. Ancaq unutmaq olmaz ki, qloballaşma və sürətli informasiya dövründə yaşayırıq və açıq etiraf edək ki, ideologiya, vətənə bağlılıq, Azərbaycançılıq işində qazandığımız uğurlarla yanaşı, yeni texnologiyaların tətbiqi, idman, turizm, səhiyyə və mədəniyyətin bəzi sahələrində dünya standartlarına çata bilmək üçün qarşımızda hələ xeyli işlər durur. Belə çatışmazlıqlar isə zehni ağ kağız kimi təmiz olan gəncliyi bəzən öz axarına alıb, bir anda əlimizdən apara bilər. Ancaq yaxşı ki ölkəmizdə indiyə qədər ailə-dövlət işbirliyi milli-mənəvi dəyərlərimizə sadiq gəncliyin formalaşdırılması işində uğurlu olmuş və bu gün heç bir Azərbaycan gənci dünyanı bürüyən müxtəlif radikal cərəyanlara qoşulmaqla özünü qara siyahıya salmayıb. Dolayısı ilə görürük ki, ailəsinə, vətəninə və dövlətinə bağlı insanlar yetişdirmək iqtisadi inkişafın istənilən mərhələsində ən doğru seçim kimi özünü göstərir. Bu da, şübhəsiz, öz sosial zəmanətləri ilə həmişə ön plana çıxan dövlətimizin bu sahəyə yatırdığı sərmayənin nəticəsidir.
Naxçıvan Muxtar Respublikasında uşaq və gənclərə göstərilən dövlət qayğısı burada həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Burada uşaq və gənclərin milli ruhda tərbiyəsi, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Gənclərin potensialının qiymətləndirilməsi, yaradıcı istedadlarının vaxtında üzə çıxarılması onların gələcəkdə cəmiyyətimizdə avanqard mövqelər tutmasına indidən zəmin yaradır. Bu gün muxtar respublikamızda gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği xüsusilə diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması regionumuzda gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından öz müsbət nəticəsini verib. Gənclərdən boks üzrə Tayfur Əliyevin və Yenisey İman­ovun, karate-do üzrə 12 yaşlı Vüsal Seyidovun, 13 yaşlı İmran Həsənovun və 16 yaşlı Sərcan Məmmədovun, 13 yaşlı cüdoçu Abbas Məmmədovun və kikboksinq üzrə Nail Hüseynovun idmandakı uğurları, Həbib Allahverdiyev, Bəhruz Quliyev, Şəmsiyyə Zalova, Ülviyyə Şirinova, Çinarə Quliyeva, Xədicə Əlizadə, Axtər Sadiqova, Eldar İbrahimov, Gülşad Quliyeva, Könül Mərdan­ovanın rəsm sahəsindəki qabiliyyətləri, gənc zəka sahibləri Anar Qurbanov, Təbriz Eyvazlı, Seymur Mütəllimzadə, Sabir Mirzəzadə, Aynurə İsmayılova, Kazım Kazımov, Şəhriyar Əlizadə, Orxan Həsənovun intellektual oyunlardakı məharətləri, Kənan Babayev, İsmayıl İsmayıllı, Anar Sadiqovun “Ənənəvi və innovativ tendensiyalar” adlı keçirilən müsabiqədə və Fərid Seyidov, Gülnarə Seyidova, Əziz İbrahimlinin “Maliyyə resurslarının idarə edilməsi bacarığı və onun təkmilləşdirilməsi” mövzusunda keçirilən tədbirdə fəallıqları məhz muxtar respublikamızda gəncliyin inkişafına göstərilən dövlət qayğısının bəhrəsidir.
Muxtar respublikamızda məktəblilərin, sağlamlıq imkanları məhdud uşaqların və aztəminatlı ailələrin uşaqlarının, idmançıların Ağbulaq İstirahət Mərkəzində həftəsonu istirahətlərinin təşkili, gənclərin ekoloji biliklərinin zənginləşdirilməsi məqsədilə xüsusi estetik gözəlliyi olan təbiət ərazilərinə ekoturizm marşrutları üzrə gəzintilərinin keçirilməsi, təbiət ərazilərindəki təmizlik və güləkmə aksiyaları uşaq və gənclərin bu yöndə tərbiyəsinə mühüm təsir gücünə malikdir. Naxçıvanda mütəmadi olaraq gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində əsgər və zabitlərlə keçirilən görüşlər, məktəblilər və gənclər arasında təşkil olunan inşa yazı müsabiqələri, Azərbaycanın milli mədəniyyətini və Naxçıvanın zəngin tarixini təbliğ edən və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məqsədi güdən intellektual oyunlar onların gələcəkdə fəal cəmiyyət üzvü kimi yetişmələri üçün mühüm tərbiyəvi əhəmiyyətə malikdir. Bütün bunlar və sadalaya bilmədiyimiz daha nə qədər işlər Naxçıvanda böyüyüb ərsəyə çatan Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısının yalnız bir hissəsidir.
Cəmiyyət və dövlət var olduqca insanların sosial qayğılarının davamlı olaraq həlli də gündəmdədir. Cəmiyyət isə inkişaf edir. İnkişaf edən cəmiyyətdə artan tələbatların ödənilməsi, hamının həmrəy olub bir hədəfə doğru inamla addımlamağı üçün ən ali idarəetmə institutu olan dövlət dəstəyinə də həmişə ehtiyac olacaq.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR