23 Dekabr 2024, Bazar ertəsi

İyunun 29-da Babək Rayon Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.
Sərginin açılış mərasimində Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək bildirib ki, muxtar respublikamızda qadınların ictimai-siyasi sahədə fəal iştirakına geniş imkanlar yaradılır, qadın əməyi yüksək qiymətləndirilir. Babək rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Həyata keçirilən dövlət-qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Bundan sonra da istedadlı qadınların əl işlərinin sərgi-satışı davam etdiriləcəkdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi nəzərdə tutulub. Bu gün Babək rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir, ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik olan həyat tərzimizi ilmələrə, tablolara köçürmək və yaşatmaqdır. Ümumiyyətlə, indiyədək istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satışlar xalq tətbiqi sənət növünün və əl işlərinin bənzərsiz nümunələri ilə seçilib. Bunun da səbəbi qadınlarımızın, o cümlədən Babək rayonundan olan qadınlarımızın öz sənət əsərlərində milli dəyərlərə daha çox üstünlük verməsi, vətənpərvərlik cizgilərini daha çox qabartması olub. Çünki dünən bu günə çatmırsa, demək, bu gün də sabaha çatdırılmayacaqdır. Xalqımızın dünəninin bu günə, bu gününün sabaha yetməsi, qovuşması, heç şübhəsiz, milli dəyərlərimizin yaşadılması ilə sıx bağlıdır.
İstedadlı qadınlardan Ulduz Əliyeva çıxış edərək qadınlara göstərilən diqqət və qayğıya görə Babək rayonunun istedadlı qadınları adından minnətdarlıq edib.
Sərgi-satışda rayon üzrə 50 istedadlı qadının 600 rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. İstedadlı qadınlardan Zeynəb Aslan, Şərəbanı Məmmədova, Şəlalə Məmmədova, Pəri Seyidova, Kəmalə Cəfərova və başqaları ilə həmsöhbət olduq. Onlar vurğuladılar ki, Naxçıvan qadınlarının firavan həyatına, ictimai mühitlə geniş əlaqələrinin yaradılmasına doğru yönəldilmiş belə addımlar onların gələcək yaradıcılığı üçün böyük stimuldur.
Qeyd edək ki, sərgi-satış 2 gün davam edəcəkdir.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR