Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Bildirilib ki, muxtar respublikamızda iqtisadiyyatın inkişafı, öz növbəsində, sığorta münasibətlərinin də genişlənməsinə şərait yaradır. Vətəndaşlar daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar. Baş direktor konkret sığorta hadisələrindən misallar gətirməklə vaxtında sığortalanmağın əhəmiyyətindən, ötən müddətdə Babək rayonunda bu istiqamətdə görülən işlərdən danışıb.
Hikmət Əsgərov Babək rayonunda sığorta sahəsində həyata keçirilmiş tədbirlərlə bərabər, icbari qaydada sığorta edilməli olan daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslərin olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən, icbari qaydada sığortanın şamil olunduğu hər bir obyektin sığortası təmin edilməlidir.
Kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunan baş direktor deyib ki, bu il martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib. Buna görə də bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan işlər genişləndirilməlidir. Çünki kənd təsərrüfatı məhsullarının, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığortalar, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirdə Babək Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Seyidrza Seyidov, Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Yaşar Mustafayev, Nehrəm, Qahab və Məmmədrza Dizə kənd icra nümayəndələri icbari sığortaların vəziyyəti barədə danışıblar.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov yekun vurub.
Əli Cabbarov