23 Dekabr 2024, Bazar ertəsi

Bəlkə də, bu başlıq ilk baxışda fərqli səslənə bilər, amma söhbət bu günə qədər öz möhkəmliyini qoruyub saxlayan memarlıq incilərindən getmir. Uşaqlıq çağlarımızda nənələrimizdən eşitdiyimiz nağıllarda həmişə bu rəqəm bizə sehrli görünüb. “7 qardaş, 1 bacının nağılı”, “7 divin nağılı”, “7 qu quşu əfsanəsi” və sair kimi nağılları çox dinləmişik.  Qədim inanclara görə, 7 müqəddəs, ilahi və xoşbəxtlik rəqəmidir. Dini təsəvvürə görə isə 7 rəqəmi zaman və məkanı idarə edir. 

Yeddi rəqəmi deyən kimi, yəqin ki, insanların ağlına, ilk olaraq, dünyanın yeddi möcüzəsi gəlir. Lakin möcüzə bunlarda deyil. Bu tikililərin ərsəyə gəlməsində minlərlə insanın əməyi vardır. Elə buna görə də, belə deyərdim ki, onlar yox, məhz onları yaradan insandır möcüzə olan. Möcüzə adlandırılanlar isə, sadəcə, bir qrup insanın əməyi, zəhmətidir.
İndi isə keçək yeddi rəqəminin möcüzələrinə. İstənilən sahədə bu rəqəmin maraqlı şəkildə istifadəsi insanlar üçün müəmmalı olaraq qalır. Bu möcüzəvi rəqəmi hər kəs öz baxış tərziylə dəyərləndirə bilər. Məsələn, mənə dünyanın yeddi möcüzəsini say desələr, onları belə adlandırardım: do, re, mi, fa, sol, lya, si. Bax bu, əsl möcüzədir. Sadəcə, yeddi not və onlardan yaranan möhtəşəm musiqi əsərləri. Dünyanın canlı möcüzəsi olan insan sanki ikinci bir möcüzə axtardı, ölümsüzlüyü kəşf etmək istədi və bacardı. Bizə qalan musiqi əsərləri onları ölümsüz etdi.

Bu sahədə 7 rəqəminin digər bir maraqlılığı mürəkkəb, ideya – emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı olan muğamın əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində formalaşaraq hal-hazırda 7 rəqəmində qərarlaşmasıdır. Daha dəqiq desək, 12 klassik muğamdan ələnərək, yeddisi öz əhəmiyyətini qoruyub saxlayaraq istifadə olunmaqdadır. Buna görə də 7 əsas muğamımız möcüzə deyilmi? Həmçinin Azərbaycanda ilk professional balet adında bu rəqəmə bir daha rast gəlirik: dahi sənətkarımız Qara Qarayevin “Yeddi gözəl” baleti.
Yeddi rəqəminə çox tez-tez müxtəlif kəlamlarda, atalar sözlərində, habelə tarixi faktlarda da təsadüf olunur. Məsələn, Bakı yeddi təpə üstündə salınıb, həftənin yeddi günü var, yeddi dəfə ölç, bir dəfə biç deyilib. Göyün yeddinci qatı, soğan yeddi dərdin dərmanıdır, yeddi günbəz, yeddi gözəl. İşıq spektri yeddi əsas rəngdən – qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi rəng­lərdən ibarətdir. Musiqidə səs sırası yeddi tondan (notdan) təşkil olunur. Dilimizdə bəzi ifadələrdə də bu rəqəm xüsusilə vurğulanır. Məsələn, 7 qapı uzaq qonşu olmaq, 7 arxa əcdad, əsil-nəcəb, yeddi qıfıl altında saxlamaq bərk-bərk gizlətmək mənalarını verir. Belə ifadələrdən ədəbiyyatımızda da geniş şəkildə istifadə ediblər. Məmməd Araz “Yeddi bulaq əfsanəsi”, Məhəmməd Füzuli “Yeddi cam”, Nizami Gəncəvi “Yeddi gözəl” əsərlərində, “Yeddi nar çubuğu” nağılında da bu rəqəmlə rastlaşırıq.
Dağda yol-iz yaxşıdır,
Hər yan nərgiz, yaxşıdır.
Yeddi fərsiz oğuldan
Bir fərli qız yaxşıdır.
Yeddi rəqəminin istifadəsi yuxarıda qeyd etdiyimiz bayatıda oxucuların təəccübünə səbəb olmaya bilər. Onsuz da bir rəqəmdən istifadə olunmalıydı və təsadüfən bu rəqəmin bəxti gətirib, – deyə düşünənlər də ola bilər. Görəsən, doğrudanmı təsadüfdür, yoxsa bu təsadüfün altında yatan bir səbəb var? Bəs qız ata evindən gəlin köçürülən zaman belinə qırmızı lent bağlanarkən “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” deyimi necə, onda da yeddi rəqəminin şansı gətirib?
Müqəddəs “Qurani-Kərim”də də yeddi sayının işlənmə yeri və ifadə anlamı az deyil: 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng. Ümumiyyətlə, yeddinin göy-səma, yer-torpaqla bağlılığına etiqad çox-çox mənbələrdə özünə yer tapıb. Bu mənbələrdə, bir qayda olaraq, göyün yeddi qatdan, yerin yeddi iqlimdən ibarət olduğu bildirilir. Həm də deyilir ki, Tanrı göyün hər bir qatını, yerin də hər bir iqlimini yeddi günə yaradıb. “Qurani-Kərim”in “Bəqərə” surəsinin 29-cu ayəsinə baxaq: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir”.
İslam dinində 7 mərtəbə var. “Qurani-Kərim”in ilk surəsi “Fatihə” 7 ayədən ibarətdir. İslam inanclarına görə, yer altında günahkarların gedəcəyi yeddi cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki üz, iki ayağın baş barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi vacibdir. Dinimizin inanclarına görə, ölünün sarındığı kəfən yeddi arşın olmalıdır. Kəbədə “Məscidi-hərəm” deyilən məscidin yeddi minarəsi var.
Tibbi-anatomik cəhətdən yeddi rəqəminə baxılsa, insan bədənində 7 düyün nöqtəsi və başında 7 deşik var: burun-2, ağız-1, qulaq-2, göz-2.
Adət-ənənələrimizə gəldikdə isə xeyir-şər işlərində də 7 rəqəmi öz istifadəsinə görə fərqlənir. Belə ki, birinin ölümünün yeddinci günü xüsusi ehsan verilir, ruhuna “Quran” oxunur. Digər bir halda isə Novruz bayramında ilaxır çərşənbədə süfrəyə yeddi növ nemət düzülməsi artıq ənənəmizə çevrilib. Buna görə də bu gün belə, Ordubadda ilaxır çərşənbə “Yeddiləvin” adlandırılır.
Toponimik baxımdan isə Şamaxı rayonu ərazisində “Yeddi günbəz” kompleksinin, Qubada “Yeddilər qalası”nın, xüsusilə də muxtar respublikamızda 7 rayonun olmasını vurğulamaq olar. Deməli, 7 rəqəminin toponimik baxımdan möcüzələrindən biri də muxtar respublikamızın payına düşür.
Əgər araşdırılsa, əminəm ki, hər rəqəmdə belə maraqlı, möcüzəli hallarla rastlaşmaq mümkündür. Sadəcə, axtarmaq və tapdıqlarına inanmaq lazımdır.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR