Müasir dövrdə sığortanın əhəmiyyəti artmaqdadır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların daşınmaz əmlakının icbari sığortası aparılmaqla müxtəlif hadisələr nəticəsində onlara dəymiş maddi zərərlərə qarşı təminat verilir.
Vətəndaşlara məxsus daşınmaz əmlaka yanğın, partlayış, elektrik naqillərində baş verən qısaqapanma, su borularının partlaması, avtonəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, fırtına, dolu, sel, güclü külək və digər hadisələr nəticəsində dəymiş zərərlər sığorta orqanları tərəfindən ödənilir. Mövcud qanuna əsasən, vətəndaşlar Naxçıvan şəhərindəki yaşayış evi üçün 40 manat, muxtar respublikamızın digər yerlərində isə 30 manat ödəməklə belə sığorta hadisələrinə qarşı təminat əldə edirlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, cari ilin iyun ayının əvvəlində baş vermiş güclü külək nəticəsində Naxçıvan şəhərində 13 nəfərin, Babək rayonunda isə 15 nəfərin yaşayış evinin çardaq hissəsinə dəymiş zərərlər ödənilib. Belə ki, baş vermiş güclü külək həmin vətəndaşların yaşayış evlərinin çardağının şifer və taxta materiallarına ciddi zərər verib.
Vətəndaşların Dövlət Baş Sığorta Agentliyinə müraciətləri əsasında hadisə yerinə baxış keçirilərək dəymiş zərər məbləğləri hesablanıb və zərərçəkənlərə ödənilib. Sığortalı vətəndaşlar dəymiş zərərlərin ödənilməsinə görə dövlətimizə minnətdarlıq ediblər.
Əli Cabbarov