Bu sirli dünyaya – xoşbəxtlik dünyasına milliyyətindən, irqindən, cinsindən asılı olmayaraq, hamı can atır, hamı xoşbəxt olmaq istəyir və bu gün də bu istək və arzunun arxasınca gedir. Lakin hər kəs xoşbəxt olmağı, yaxud onu əldə etməyi bir cür dərk edir. Xoşbəxtliyə aparan yolun düzgün müəyyənləşdirilməsində milli dəyərlərimizin mayası hesab olunan etik normalar və onun müxtəlif istiqamətləri, xoşbəxtlik məfhumunun bu normalardan necə qidalanması və inkişaf etməsi bu gün də tədqiqatçı alimlərimizin nəzər-diqqətindədir və bu istiqamətdə aparılan araşdırmaların coğrafiyası getdikcə genişlənir.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Əməkdar elm xadimi, professor Oruc Həsənlinin və İstanbul Esenyurt Universitetinin uzman psixoloqu Davud İbrahimoğlunun birlikdə ərsəyə gətirdikləri “Sirli dünya – xoşbəxtlik” (İnsan psixologiyasının sirli dünyası) kitabı da dediyimiz araşdırmaların elmi nəticəsidir. Kitabda elmi cəhətdən əsaslandırılaraq göstərildiyi kimi, xoşbəxtlik öz-özlüyündə çox mürəkkəb və çox geniş bir problemdir. Bu problemin ictimai-iqtisadi, sosioloji, antropoloji, etik, psixoloji, estetik aspektləri vardır ki, bu aspektlər hərtərəfli öyrənilib tədqiq edilmədən həmin problemin düzgün həlli mümkün deyil. İnsan həyatının özü ən qiymətli, ən dəyərli əxlaqi sərvətdirsə, bu həyatın ən qiymətli sərvəti xoşbəxtlikdir. Qədim dövrün materialistlərindən olan Epikür yazırdı ki, həyat insan üçün ən böyük nemətdir. Onu tam dolğun yaşamaq və başa vurmaq lazımdır. Özünü dünya nemətlərindən, həzz və zövqlərdən məhrum etmək bədbəxtlikdir. Onun fikrincə, dolğun həyat keçirmək isə, öz növbəsində, insan arzularının ardıcıl surətdə ödənilməsindən ibarətdir ki, həmin arzuların fövqündə xoşbəxtlik dayanır.
Müəlliflər kitabda qədim dövr materialistləri ilə yanaşı, müxtəlif əsrlərdə müxtəlif millətlərə mənsub olan filosofların elmi araşdırmalarına və fikirlərinə müraciət edərək mövzular üzrə öz fikirlərini əsaslandırmağa çalışıblar.
Kitab altı fəsildən ibarətdir. Müəlliflər I fəsildə “Xoşbəxtlik haqqında mütəfəkkirlərin fikirləri”, “Xoşbəxtlik və ideal”, “Həyatın mənası və xoşbəxtlik”, “Xoşbəxtlik nədir?”, “Xoşbəxt olmaq nədir?”, II fəsildə “Dəyişən dünyada xoşbəxtliyə çatmaq üçün nələr etməliyik?”, “Dəyişmək və xoşbəxtliyin əlaqəsi”, III fəsildə “Pozitiv düşüncə”, “Pozitiv həyat”, “Müsbət düşüncə”, “Hafizə və təhlükə”, “Yin-Yanq nədir?”, “Həyatın məğzi”, IV fəsildə “Bədbəxtliklərin səbəblərini tapmaq”, “Sağlam olmağın şərtləri”, “Qorxular (fobyalar)”, V fəsildə “Uğur qazanmaq”, “İradə anlayışı”, “Motivasiya”, VI fəsildə “Sağlam yaşamaq”, “Musiqi və xoşbəxtlik”, “Xoşbəxt olmaq üçün şəxsiyyət pozğunluğundan uzaq olaq (psixi çatışmazlıq) ” adlı yazılarda gəldikləri elmi qənaətləri oxuculara təqdim edirlər. Kitabın son fəslində müxtəlif mövzularda və müxtəlifməzmunlu testlərə də yer ayrılıb: “Ailə və xoşbəxtlik”, “Həyatınla bağlı”, “Münasibət xoşbəxtliyi”, “Xoşbəxt ailəsiniz”.
Kitabın “Xoşbəxtlik haqqında mütəfəkkirlərin fikirləri” bölümündə ayrı-ayrı mütəfəkkirlərin fikir və düşüncələrini əks etdirən sitatlar verilib ki, bu da əsərin təkcə oxunaqlı olmasına deyil, həm də düşündürücü olmasına xidmət edir.
Kitabdakı “Xoşbəxtlik nədir?”, “Dəyişən dünyada xoşbəxtliyə çatmaq üçün nələr etməliyik?”, “Pozitiv düşüncə”, “Pozitiv həyat” və sair kimi mövzularda müəlliflər oxucular üçün maraqlı məsələlərə toxunublar.
“Xoşbəxt olmaq nədir?” bölümündə göstərilir ki, bəzi insanlar müvəffəqiyyəti, sadəcə, böyük rütbəyə sahib olmaq, çox pul, ad, şöhrət qazanmaq kimi başa düşürlər. Amma bilmirlər ki, pul, mal, şöhrət və rütbə gəldi-gedərdir. Bütün bunları əldə etməyi ən böyük həyat amalı kimi qəbul edənlər bu arzularına çatdıqda xoşbəxt olmadıqlarını hiss edirlər və ümidləri boşa çıxır. Əhəmiyyətli işlər görmək üçün, əlbəttə, bunlar lazımdır. Amma bunlar bir vasitədir, məqsəd deyil. Həzrəti Əli buyurur ki, xoşbəxtliyi malda, mülkdə, pulda axtarmamalıyıq. Xoşbəxtlik yaxşılıq edən yaxşı insanların içindədir.
Əminliklə deyə bilərik ki, haqqında qısaca bəhs etdiyimiz “Sirli dünya – xoşbəxtlik” kitabı geniş oxucu marağına səbəb olacaq və bugünkü gəncliyin stolüstü kitabına çevriləcəkdir.
Həsənəli EYVAZLI
filologiya üzrə fəlsəfə doktoru