Ölkəmizdə sığorta-pensiya sisteminin fəaliyyəti “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu sosial sığorta sahəsində münasibətləri tənzimləyir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu sığortaolunanların sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatı və uçotunun təşkilinin hüquqi əsaslarını və prinsiplərini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu isə sığortaolunanların əmək pensiyası hüquqlarının yaranması əsaslarını və bu hüquqların həyata keçirilməsi qaydalarını müəyyən edir.
Sığorta-pensiya sisteminin əsasını təşkil edən adıçəkilən qanunların normalarının sığortaedənlər və sığortaolunanlar tərəfindən pozulması hallarının qarşısının alınması üçün qanunvericilikdə müəyyən cərimələr nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində əmək pensiyaları haqqında qanunvericiliyin pozulmasına, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa, dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib.
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanunu ilə 2000-ci il 1 sentyabr tarixində qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsi 2016-cı il 1 mart tarixindən qüvvədən düşüb və həmin tarixdən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minib.
Əmək pensiyaları haqqında qanunvericiliyin pozulmasına görə qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 191-ci maddəsində cərimə nəzərdə tutulub. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, qəbul edilmiş qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina barədə qərarın həmin qanunda nəzərdə tutulmuş müddətdə müraciət edənə göndərilməməsinə görə əvvəlki İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş otuz beş manatdan səksən manatadək cərimə məbləği, yeni məcəllə ilə min manatdan min beş yüz manatadək, əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə müəyyən edilmiş otuz manatdan qırx manatadək olan cərimə məbləği isə səksən manatdan yüz manatadək artırılıb.
İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsində az miqdarda məcburi dövlət sosial sığortahaqqını ödəməkdən yayınmağa görə hesablanmış məcburi dövlət sosial sığortahaqqının 30 faizindən 70 faizinədək miqdarda cərimə nəzərdə tutulub. Bu maddə üzrə az miqdar dedikdə iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
Həmçinin dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulmasına görə adıçəkilən məcəllənin 477-ci maddəsilə məsuliyyət müəyyən edilib. Belə ki, müəyyən olunmuş müddətdə sığortaedənlər sığortaolunanların fərdi uçot sistemində uçota alınmasını təmin etmədikdə onlara yazılı xəbərdarlıq olunur. Xəbərdarlıqda göstərilən müddət ərzində qanun pozuntusu aradan qaldırılmadıqda sığortaedənə cərimə tətbiq edilir. Əgər Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı tərəfindən sığortaedənlərdə fərdi uçot sistemində uçota alınması təmin edilmədən bir aydan çox fəaliyyət göstərən sığortaolunan aşkar olunarsa, sığortaedənlərə cərimə tətbiq edilir. Fərdi uçot haqqında qanunvericiliyin pozulmasına görə cərimə məbləği əvvəlki məcəllə ilə fiziki şəxslər üçün otuz manat, vəzifəli şəxslər üçün səksən manat miqdarında müəyyənləşdirildiyi halda, yeni İnzibati Xətalar Məcəlləsi ilə bu məbləğ fiziki şəxslər üçün yüz manat, vəzifəli şəxslər üçün üç yüz əlli manat müəyyən olunub.
Göründüyü kimi, qeyd etdiyimiz maddələr üzrə yeni İnzibati Xətalar Məcəlləsində cərimələrin məbləği əvvəlki İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş cərimələrin məbləği ilə müqayisədə artırılıb. Bu isə sığortaedənləri və sığortaolunanları daha da məsuliyyətli olmağa, eyni zamanda qüvvədə olan qanunların tələblərini pozmamağa sövq edir.
Hürü MƏHƏRRƏMLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
əməkdaşı