23 Dekabr 2024, Bazar ertəsi

Xalq təqviminə uyğun olaraq xalqımız qışı qarşılayarkən çillə mərasimi, yazı qarşılayarkən Novruz bayramı keçirir. Ancaq nədənsə yayın və payızın qarşılanması üçün bir mərasim və yaxud bir bayram keçirilmir. Keçirilibsə də bu günə qədər nə elm aləminə bəllidir, nə də xalq yaddaşında qalıbdır. Etnoqrafik materiallara əsaslanaraq, demək olar ki, Naxçıvan ərazisində yayın girməsi ilə bağlı, bütövlükdə, əhalinin təntənəli şəkildə keçirdiyi heç bir bayram və mərasim yoxdur. Ancaq son dövrün araşdırmalarından və toplanmış etnoqrafik çöl materiallarından məlum olur ki, Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli “Susəpən” mərasimi qeyd edilərdi.
İyun ayının 21-də yazın bitib, yayın girdiyi gün Ordubad bölgəsində Gilançay vadisinin yuxarı hissəsində keçirilən “Susəpən” adlı mərasim zamanı ətraf kəndlərin insanları da şənliyə qoşulardılar. Mərasimdə əhali səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini, Qara piri ziyarət edərdilər. Ziyarət üçün əvvəlcədən hər cür hazır­lıq işləri görülərdi. İnanc yerlərinə gedərkən yolboyu insanlar bir-birinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra insanlar Gəmiqaya abidəsinə doğru üz tutardılar. Əsl şənliklər burda başlanılardı. Xüsusi bayram yeməkləri hazırlanar, at yarışları, yallı və sair oyunlar keçirilərdi. Küsülülər məclisə gətirilərək barışdırılardı. XX yüzilliyin 80-ci illərinə qədər mövcud olan bu mərasim gecədən səhərə qədər davam edərdi. Maraqlı məsələlərdən biri yayın ilk günü, iyunun 22-si insanların Gəmiqaya ətrafına yığışıb Günəşi qarşılaması idi.

Deməli, mərasim iki gün qeyd edilərdi. Bayramın ikinci günü birinci günə nisbətən daha təmtəraqlı və adamların çoxluğu ilə seçilərdi. Mərasimdə iştirak edənlər Günəş doğma­mış qayalarda olan şehi üzlərinə sürtərdilər. Sonra “Gözəllər” adlanan çeşmədən su götürər və bu suyu müqəddəs hesab etməklə növbəti ilin həmin vaxtına qədər saxlayar, onu bərəkət və sağlamlıq vasitəsi sayardılar. Qeyd edək ki, buradan hər gün deyil, məhz həmin gün götürülən suya inam vardır. Məlumdur ki, su ilə təmizlənmə, çiləşmə, suya tapınma Naxçıvanda axır çərşənbənin səhərisi günü həyata keçirilir. Bu da İslamdan öncə xalqımızın suya tapınması, suya kult kimi baxması ilə əlaqəlidir.
“Susəpən” mərasimində Gəmiqayanın dörd tərəfində qurban kəsərdilər və kəsilmiş qurbanları qohumlara, qonşulara, kimsəsizlərə paylayardılar. Qurban kəsilməsinə “Bilqamıs” dastanında da rast gəlinir. Bəhs olunan mərasimlə bağlı digər türk xalqlarında da oxşarlıq mövcuddur. Çuvaşlarda bu mərasimə bənzəyən “Tarla Qurban” adlı mərasim var idi. Mərasim zamanı insanlar yayın başlanğıcında su kənarlarına toplaşıb göyə qurban verərdilər. Mayya mədəniyyətinin daşıyıcıları da müasir təqvimlə iyun ayının 22-də, yəni ən qısa yay gecəsində qurbanvermə mərasimi keçirərdilər.
Mərasim başa çatanda camaat yenidən çiləşə-çiləşə geri dönər, bununla da, mərasim başa çatardı.
AMEA-nın müxbir üzvü Hacıqadir Qədirzadə yazır ki, “Susəpən” mərasiminin Nuh Peyğəmbərlə bağlı­lığı vardır, ancaq o, bir tərəfdən astronomik təqvimlə də səsləşir. Onu da qeyd edək ki, bu mərasim haqqında ilk məlumat elmi ədəbiyyata Hacıqadir Qədirzadə tərəfindən daxil edilib.
Bayramın “Susəpən” adlandırılması, burada icra edilən adət və inanclar mərasimin genetik cəhətdən Azərbaycan türklərinə bağlandığını ciddi şəkildə sübut edən amillərdəndir. Hansı adətə, ənənəyə, inanc sisteminə nəzər salsaq, orda Azərbaycan türklərinə bağlılıq görürük.
Əslində, bu kimi bayramlar milli mədəniyyətimizin tarixi səhifələri olmaqla, eyni zamanda xalqımızın dünyagörüşü və inamları ilə bağlı tapınma ayini, mərasim şənliyi və əxlaq qaydaları toplusudur.

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR