23 Dekabr 2024, Bazar ertəsi

Dini-mənəvi dəyərlər içərisində ən geniş yayılan və ən çox diqqəti cəlb edən mərasimlərdən biri orucluqdur. Oruc tutmaq İslam dininin müsəlmanlar qarşısında qoyduğu beş əsas vəzifədən biridir. Orucluq İslamın təməl şərtlərindən olub, hər bir müsəlmana fərz qılınıb. “Qurani-Kərim”in hökmünə görə, xəstələr, uşaqlar və səfərdə olanlardan başqa hər bir müsəlman oruc tutmalıdır. Onu da qeyd edək ki, bütün səmavi dinlərdə müəyyən formada orucluq olub.

AMEA-nın müxbir üzvü Hacıqadir Qədirzadə yazır ki, Ramazan orucu hicrətin ikinci ili (622-ci il), şaban ayının 10-da fərz buyurulub. Belə ki, Həzrəti Peyğəmbərimiz həyatında 9 dəfə Ramazan orucu tutub. Azərbaycan sovetləşəndən sonra şəriətin başqa adətləri kimi, orucluğa qarşı da barışmaz mübarizə aparılmağa başlanılıb. O dövrdə bolşevik təbliğatında orucluq da məhərrəmlik, Novruz və Qurban bayramları kimi mövhumatçıların uydurması sayılırdı. Sovet mətbuatı məsələyə tamam əks mövqedən yanaşaraq yazırdı ki, orucluq orqanizmi əldən salır və sağlamlığı məhv edir.

Ancaq əksinə, orucluq tibbi və sağlamlıq nöqteyi-nəzərdən və əxlaqi baxımdan çox əhəmiyyətlidir.
Ordubad bölgəsinin bəzi kəndlərində və Ordubad şəhərinin özündə Ramazan ayının 15-ci günündə “Orucun 15-i” adlı mərasim keçirərdilər. Orucluq 15 gün keçəndə yarı olur. Mərasimin keçirilməsi də bununla əlaqələndirilir. Mərasim zamanı uşaqlar bir yerə yığışıb qapı-qapı gəzib pay yığardılar. Pay yığılan zaman bu sözlər uşaqlar tərəfindən oxunardı:
Orucun 15-dir, gəldik sizə,
Orucun niyazını verin bizə.
Xanım, ayağa dursana,
Boşqabı doldursana.

Oğlun, qızın var olsun,
Doğduğun oğlan olsun,
Sonbeşiyin qız olsun,
Açılsın, sünbül olsun.

Bu deyim qurtardıqdan sonra uşaqların biri “Rəbbi Cəlil boşqabı doldurub gəlir” deyərdi. Bu zaman uşaqların hamısı xor ilə “ərik qurusu gəlir, alana gəlir” deyərdilər. Bir sözlə, ürəkləri nə istəyərdisə, onun adını çəkərdilər. Kimsə pay verməsə, onlara tərəf üz tutub deyərdilər:

Pay verənin oğlu olsun,
Vermiyənin qızı olsun.

Tanınmamaq üçün uşaqlar üzlərini gizlədər və ya bəzəyərdilər. Sonda uşaqlardan biri yığılmış payı öz aralarında bərabər şəkildə bölərdi.
Onu da qeyd edək ki, bu mərasimə bir neçə gün qalmış hər evdə hazırlıq görərdilər. Həmin gün axşam iftarını zəngin süfrə ilə açardılar, sonra nişanlı qız evinin valideynləri bəyi görmək üçün oğlan evinə gələrdilər. Ailənin üzvlərinə, xüsusilə bəyə müəyyən hədiyyələr gətirərdilər. Bundan əlavə, orucun 15-nə qədər heç kimi iftar süfrəsinə dəvət etməzdilər. Bir daha bildirək ki, bu mərasim ancaq Ordubad şəhərinə və rayonun bir neçə kəndinə aiddir.
Kəngərli rayonunun Xok kəndindən isə toplanmış materiallara görə, Ramazan ayının qurtarmasına 3 gün qalmış məhəlli xarakterli bir mərasim keçirərdilər. Günortaya kimi evlərdə buğda qovurardılar, qız-gəlinlər təzə paltarlar geyər, oğlan uşaqları xoruz döyüşdürər, əyləncəli işlərlə məşğul olardılar. Mərasim günortaya qədər davam edərdi.
1993-cü ildən Ramazan bayramı dövlət səviyyəsində keçirilir. Ramazan bayramı 2 gün qeyd olunur, həmin günlər qeyri-iş günləri sayılır.­

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR