Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Boks Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 20-21-də Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində 45 boksçunun istirahəti təşkil edilib.
Mərkəzdə Boks Federasiyasının idmançıları üçün istirahət vaxtlarının təşkili istiqamətində görülən işlərlə maraqlandıq, onların fikirlərini öyrəndik. Federasiyanın məşqçi-müəllimi Əli Tağıyev bizimlə söhbət zamanı bildirdi ki, idmançılar üçün Ağbulaq İstirahət Mərkəzində konsert proqramları təşkil edilib, vətənpərvərlik mövzusunda film nümayiş olunub, müxtəlif idman yarışları keçirilib. Bununla yanaşı, boksçuların Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanışlığı, onların “Ağbulaq” bulağına yürüşü təşkil olunub. İdmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin qurulmasında bu cür istirahətlərin, gəzintilərin əhəmiyyəti böyükdür. Burada keçirilən müxtəlif idman yarışları yeniyetmə uşaqların idman potensialının inkişafına müsbət təsir göstərir. Mərkəzə gəldiyimiz gündən bəri apardığımız müşahidələrdən sonra deyə bilərəm ki, boksçuların burada yaxşı istirahət etmələri ilə yanaşı, onların digər sahələrlə də maraqlanmaları üçün hər bir şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Kamran Allahverdiyev istirahət barədə danışaraq qeyd etdi ki, onların asudə vaxtının çox hissəsini yay tətili təşkil edir: “Yayın gəlməsini səbirsizliklə gözləyirik. Çünki həm məşq etmək, həm də istirahət üçün vaxtımız çox olur. Naxçıvanın bölgələrini gəzmək, görməli yerləri ilə tanış olmaq çoxdankı arzum olub. İndi bu arzum yerinə yetirilib və istirahət mərkəzində digər idmançılarla gözəl gün keçirdik”.
Qadir Məmmədov isə bildirdi ki, Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir, gəlir. Təbiəti, havası çox gözəldir. Bu tədbiri təşkil edənlərə minnətdardırlar.
Boks Federasiyasının daha bir yetirməsi Əbülfəz Orucov da təəssüratlarını bizimlə bölüşdü: “Müxtəlif idman yarışlarının keçirilməsi, əyləncəli oyunların təşkili ürəyimizcə oldu. İstirahətlə yanaşı, eyni zamanda yüngül fiziki hərəkətlər də etdik. İdmançılar üçün belə istirahətlərin təşkili sevindirici haldır. Burada həm yaxşı dincəldik, həm də digər idmançılarla dostluq əlaqələri yaratdıq”.
Qeyd edək ki, mərkəzlə ilk tanışlıqdan sonra idmançılar nahar yeməyinə yollanıblar. Sonra proqrama uyğun olaraq müxtəlif stolüstü oyunlarda – şahmat, dama idman növlərində mübarizə aparıblar. Daha sonra “Ağbulaq” bulağına yürüş keçirilib. Şam yeməyinin ardınca isə boksçular üçün sənədli film nümayiş etdirilib.
İstirahətin ikinci günündə öncə gimnastik hərəkətlər yerinə yetirilib. Səhər yeməyindən sonra mərkəzin stadionunda mini-futbol və voleybol yarışları təşkil olunub. Əyləncəli saatın ardınca federasiyanın yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Ceyhun Məmmədov