Ağbulaq İstirahət Mərkəzinin budəfəki qonaqları güləşçilər olub
Cari ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. İyunun 16-da mərkəz Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 45 nəfər yetirməsini qəbul edib.
Naxçıvan şəhərindən avtobusla yola düşən yeniyetmə güləşçiləri Ağbulaq İstirahət Mərkəzində mərkəzin əməkdaşları qarşılayıb. İdmançılar əşyalarını yerləşdirdikdən sonra mərkəzlə tanış olublar. Onlara ətraflı məlumat verilərək bildirilib ki, Ağbulaq İstirahət Mərkəzi Naxçıvanda kənd turizminin inkişaf etdirildiyi ən gözəl məkanlardan biridir. Tikintisinə 2011-ci ildə başlanılan mərkəz 2013-cü ildə istifadəyə verilib. 3,5 hektar ərazisi olan mərkəz 3 yaşayış korpusundan və 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq var.
Mərkəzlə tanışlıqdan sonra idmançılar nahar yeməyinə yollanıblar. Sonra güləşçilər proqrama uyğun olaraq müxtəlif stolüstü oyunlarda mübarizə aparıblar. Şahmat, dama kimi zehni oyunlarda idmançıların nümayiş etdirdikləri oyunlar diqqətdən yayınmayıb. Güləşçilərin Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanışlığından sonra onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Şam yeməyindən sonra federasiyanın yetirmələrinə vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib.
Növbəti gün səhər yeməyindən sonra güləşçilər proqrama uyğun olaraq müxtəlif idman yarışlarında qüvvələrini sınayıblar. Mərkəzin stadionunda keçirilən mini-futbol yarışında 7 komandanın rəqabəti daha çox marağa səbəb olub. Bununla yanaşı, idmançılar voleybol, badminton kimi idman növlərində də öz güclərini göstəriblər.
Nahar yeməyinin ardınca idmançılar üçün əyləncəli saat təşkil edilib. Sonra federasiyanın yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
İkigünlük istirahət həm mərkəzdə olan məşqçilərdə, həm də idmançılarda razılıq doğurub. İdmançıların asudə vaxtlarının təşkili istiqamətində görülən işlərlə maraqlandıq, onların təəssüratlarını öyrəndik. Federasiyanın məşqçisi Əli Quliyevlə söhbət zamanı bildirdi ki, idmançıların istirahəti proqrama uyğun olaraq təşkil edilib. Proqram çərçivəsində güləşçilər müxtəlif tədbirlərə qatılıblar ki, bu da onların səmərəli istirahətlərini təmin edib. İdmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin qurulmasında, asudə vaxtın düzgün təşkilində belə səyahətlər mühüm rol oynayır.
Naxçıvan güləş məktəbinin yetirməsi, 5 ildir, bu idman növü ilə məşğul olan Qoca Əhmədov bizimlə söhbətində qeyd etdi ki, ilk dəfədir, Ağbulaq İstirahət Mərkəzinə gəlir. Bura gələcəklərini eşidəndə çox sevinib. İstirahət mərkəzində onların rahatlığı üçün hər bir şərait yaradılıb. İki gün burda yaxşı dincəliblər. Xüsusilə müxtəlif idman yarışlarında iştirak etmək onlar üçün xoş olub.
Muxtar İbrahimov da istirahət mərkəzində yaradılmış hərtərəfli şəraitə görə minnətdarlığını bildirdi.
Güləşçi Mətləb Talıblı da fikirlərini bizimlə bölüşdü: “Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir ki, gəlirəm. Haqqında eşitsəm də, bu mərkəzin belə gözəl, səfalı yerdə yerləşdiyini təsəvvür etmirdim. Təbiəti, havası çox gözəldir. Burada olduğumuz müddətdə heç darıxmadıq”.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Ceyhun Məmmədov