23 Dekabr 2024, Bazar ertəsi

Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov son illərdə rayonda sığorta sahəsində görülmüş işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov müasir dövrdə muxtar respublikamızın hərtərəfli inkişafında sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, sığorta iqtisadi inkişafın nəticəsi olmaqla bərabər, eyni zamanda onu şərtləndirən əsas amillərdən biridir. Bu baxımdan muxtar respublikamızda iqtisadi fəallığın yüksəldilməsi ilə bərabər, sığorta münasibətlərinin də inkişafına geniş zəmin yaranıb. Evdə, işdə və yolda insanlara maddi zərərlər vuran müxtəlif gözlənilməz hadisələr baş verdikdə sığorta ödənişləri dəymiş maddi zərərlərin əvəzini ödəməyə imkan verir.

Baş direktor son dövrlərdə baş vermiş sığorta hadisələrindən konkret misallar gətirməklə vaxtında sığorta müqaviləsi bağlamağın üstünlüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, ötən müddət ərzində Sədərək rayonunda hüquqi və fiziki şəxslərin sığortaya cəlb olunması istiqamətində xeyli iş görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Belə ki, rayonda ötən ilin 5 ayı ilə müqayisədə cari ilin ilk beş ayında sığorta haqlarının toplanması 14,2 faiz, sığorta müqavilələrinin sayı isə 174 ədəd artıb. Rayonda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə mövcud vəziyyət təhlil olunaraq vurğulanıb ki, görülmüş işlərlə bərabər, bəzi icbari sığorta növləri üzrə müqavilələrin bağlanılmasında müəyyən çatışmazlıqlar da vardır. Belə ki, Sədərək rayonunda hələ də daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan hüquqi və fiziki şəxslər vardır. Ölkəmizdə qüvvədə olan qanuna əsasən, icbari qaydada sığortalanan hər bir sığorta obyekti sığortaya cəlb olunmalıdır.
Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Diqqətə çatdırılıb ki, kənd təsərrüfatı sığortası ilə yanaşı, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığorta növlərinə marağın artması, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir.
Tədbirdə Sədərək Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi İlkin Məmmədov, Sədərək Rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Zamiq Məmmədov, Qaraağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şərafəddin Şükürov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.
Tədbirə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahim­ov yekun vurub.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR