Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi may ayında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, əməyin təşkili və mühafizəsi, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı, tibbi və sosial reabilitasiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir.
Belə ki, ötən ay işaxtaran vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilmiş, 184 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilmiş, 25 nəfər müvafiq peşə kurslarına cəlb edilmişdir. İşlə təmin olunan və peşə kurslarına cəlb olunanlardan 10-u məhdud fiziki imkanlı, 13-ü hərbi xidmətdən tərxis olunan və 2-si isə cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərdir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində may ayında “xalçaçılıq”, “aşpaz köməkçisi” və “daşduz üzərində oyma” peşələri üzrə kursları 42 nəfər bitirmişdir. Hazırda “qadın bərbəri” peşəsi üzrə kurs davam etdirilir. Həmçinin “qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər” və “traktorçu-maşınçı” peşələri üzrə yeni kurslara başlanmışdır. Bu dövrdə qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə 73 obyektdə yoxlama aparılmış, əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə bağlı isə 32 obyektə nəzarət həyata keçirilmişdir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün distant dərslərin keçilməsi, onların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilmişdir. Təlimlərə, ümumilikdə, 127 uşaq cəlb olunmuşdur. Görmə məhdudiyyəti olan şəxslər üçün nəşr olunan “Könül işığı” adlı brayl jurnalının növbəti nömrəsi audiokitabxana xidmətinin kataloquna daxil edilmişdir. Həmçinin aztəminatlı ailələrdən olan 45 məktəblinin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunmuşdur.
May ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 452 ahıl və fiziki imkanları məhdud şəxslərə evlərində, həmçinin 17 nəfərə Ahıllar evində stasionar sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 30 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 30 uşağın müalicəsi təşkil edilmiş, məhdud fiziki imkanlı 6 nəfər müalicə olunmaq üçün Türkiyə Respublikasına göndərilmişdir.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilmişdir. Festivalda 106 məşqçi və idmançı iştirak etmişdir. Sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idman həyatına cəlb olunmasına şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının nəzdində uşaq paralimpiya klubunun yaradılmasına başlanmışdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti