Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlara həssaslıqla yanaşılır, onların sosial müdafiəsi, təhsili, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır.
Dövlət proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlb edilməsi, onların reabilitasiyasının gücləndirilməsi, habelə uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə bir sıra işlər görülür. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün distant dərslər keçilir, onların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlər təşkil edilir və bu kateqoriyadan olan uşaqlara müxtəlif sosial reabilitasiya xidmətləri göstərilir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan Defektoloji bölmə və psixoloji dəstək xidməti Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirib. Mərkəzin müəllim-defektoloqları uşaqlarla fərdi qaydada reabilitasiya yönümlü məşğələ aparıb və təlim-tərbiyə işinə məsul mütəxəssislərə və valideynlərə uşaqların təlim-tərbiyəsinin təşkili və onlarla ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət və tövsiyələr veriblər.
Təlim-məşğələlərin keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan uşaqların həyat və təhsil mühitinə inteqrasiyasına köməklik göstərməkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti